Həyatda üç şeydən acığım gəlir. Üzü təraş etmək, təyyarədə uçmaq və maşın sürmək. Hər üçünü etməkdən ötrü güclü motivasiyam, konkret stimulum olmalıdır. Əks halda mövcud olan bütün üsullardan istifadə edərək, hər hansını etməkdən boyun qaçırdıb, canımı qurtaracam.
Hətta məcburiyyət qarşısında əlacsız qalsam belə, Oblomov sayağı indi, bu saat, bu gün-sabah deyərək vaxtı uzadacam.
Təyyarə məsələsində bəxtim çalıb, düşünürəm ildə 2-3 dəfə uçmaq dözümlüdür. Təyyarə ilə uçmağı nəyinki xoşlamıram, hətda deyərdim ki, həmin prosesdən zəhləm gedir. Səbəb sadədir. Qorxuram. Uçmağa fobiyam var. Qaldı kı, maşın sürməyə, burda da fikrimi tam olaraq sükan arxasında toparlaya bilmirəm. Həm də Bakıda yalnız Şumaxer və Hemilton əsəbsiz, stressiz maşın sürə bilər. Mən isə adətən hövsələdən tez çıxan insanam.
Üz qırxmaqda isə tənbəllikdən savayı bir məqam da var. Hər dəfə üzümü təraş edərkən, 15-20 dəqiqəlik üzümə, simama, gözlərimin içərisinə baxmağa məcbur oluram. Bu mənim üçün iztirabdır. Buna rəğmən əsla simamı kifir, eybəcər sanmıram. Görünüşümlə bağlı hər hansı kompleksimdə yoxdur. Sadəcə keçmişdə elədiyim bəzi düşünülməmiş, yersiz, bayağı, şit hərəkətlərə görə özümdən utanıram.
Hərçənd anlayıram ki, elədiklərim, söylədiklərim cahillik, savadsızlıq və dardüşüncəlikdən baş verib. Lakin yenə də üzülürəm. Səbəb tapıb, bəhanə fikirləşib müəyyən müddətlik rahatlaşıram. Di gəl, yenidən ülgücü əlimə götürüb güzgü qarşısında durub üzümə baxdıqca oxşar sarsıntını, diskomfortu təkrar-təkrar keçirdirəm.
Bir də fikirləşirəm ki, görəsən indi, bax elə bu dəqiqə, mənimlə birlikdə, sinxron olaraq güzgü qarşısında vətənimin ayrı-ayrı güşələrində neçə kişi üzünü qırxır. O üz qırxan kişi ordusunun arasında fəhlə, satıcı, taksi şoferi, bazarda alverçi, hərbçi, həkim, müəllim təbəqəsindənüzü ta nazir, rəis, prokuror,hakim, deputat, şirkət direktoruna qədər nə qədər insan, kişi var?
Görəsən, onların hamısı öz üzlərinə, simalarına kişi kimi, mərd, təmiz vicdanla baxa bilirlər? Yəni hamılıqla güzgüdə öz gözlərinin içinə utanmadan, çəkinmədən baxmağı bacarırlar?
Bir həftə olar, gecə Nərimanov metrosu ərazisində məni DYP saxladı. Günahkar idim. Dairəvi yola düzgün girməmişdim, sürət limitini aşmışdım, DYP xidməti maşınının qarşısını kəsmışdım. Bir sözlə, samballı cərimə qazanmışdım.
Belə situasiyalarda adətən maşından düşmürəm. Nəyimə lazım? Heç kimə zəng vurmuram. Belələrini də anlamıram. Xahiş, minnət, yalvar-yaxar mənlik deyil. Qıraqdan çox şit görünür. Nə qədər düşük, simic olasan, özüvə hörmət qoymayasan ki, 50-60 minlik maşın sürəsən, 50 manatlıq cəriməyə görə ona-buna zəng vurub, minnətli olasan, camaatı narahat edəsən. Çalış qayda ilə sür, bacarmırsan, get cəriməni ödə. İmkanın yoxdur, ümumiyyətlə sürmə. Su deyil, çörək deyil.
DYP-əməkdaşı maşından düşməyəcəyimi görüb, çağırdı öz xidməti maşınına.
Dedi: “Neynirsən, az qala maşınımı vurmuşdun. Bədbəxt olacaqdım, məni günün bu vaxtında zibilə niyə salırsan? Bu maşının benzin pulundan tutmuş, təmir puluna qədər boynumdadır”.
Pərt olmadım. Gördüm, cavan oğlandır. Dedim, üzrlü sayın, fikrim dağınıq idi, başı batmış şəhərində işıqlanmasına söz olmaz. Qaranlıqda sizin maşını görmədim. Həm də narın yağan yağış, sağdan sıxan avtobus, arxadan siqnal verən başqa maşın, bir sözlə situasiyanı tam nəzarətdə saxlaya bilmədiyimdən alındı.
Bu arada DYP müfəttişi sənədlərimə baxıb, adımı, soyadımı bir də soruşdu. Sonra duruxub, məni maşından bayıra çıxartdı. Soruşdu ki, meydan.tv-də yazırsan? Dediyinə görə davamlı meydan-nı oxuyur və soyadım qulağına tanışdır. Hələ əlavədə etdi ki, rəis yaman oxuyur sizi. Tay utandım soruşmağa ki, hansı rəis və kimi şəxsən oxuyur? Amma düzünü desəm, yaman qürrələndim. Gör nə xöşbəxt insan, vətəndaşam. Polis məni həm oxuyur, həm qoruyur.
Dedim “bəli, həmin adamam, Meydanda ara-bir yazılarım dərc olunur”. Düzü, gözləyirdim ki, bölməyə aparacaq. Amma əksinə, polisin sanki, ürəyindən imiş.
Yalan olmasın yarım saat yolun qırağında dərdləşmişik. Söylədi ki, “maşından bilərəkdən çıxartmışam, içəridə səsyazan var”.
Soruşdum necədir sizdə vəziyyət? İxtisar, “paket” kəsmə, faiz məsələsi nə yerdədir? Bir ah çəkdi, bir ah çəkdi ki, dözmədim, ani olaraq özümdən asılı olmadan dedim ki, ahuvuz dağlara rəis. Sən demə vəziyyət “rusca”-dır bunlarda.
Açığı bir az ehtiyatlı danışırdım. Çünki, fərqli nazirliklərdə, dövlət müəssələrində çalışan dostlardan, tanışlardan eşitmişdim ki, həmən kabinetlərdə keçirilən müşavirələrdə, yaxud nazirlik binasının dəhlizlərində” ümumimilli lider”, “dahi şəxsiyyət”, “ulu öndər”kəlməsinə simiclik edənlərin gün-güzaranı həsəd aparılası olmur. Burda isə dövlətin sütunlarından biri sayılan, aparıcı mexanizmin tərkib hissəsi olan strukturlardan birinin əməkdaşı hakimiyyəti yıxıb-sürüyürdü. Ağ yuyub, qara sərirdi. Hələ məndən siqaretdə istədi.
Sordum ki, bəs nə oldu? Sizlər bu durumda büdcəni doldurmasaz, bu ağır yükü Apollon kimi, Herakl sayağı çiyinlərinizdə daşımasaz, nətəhər olacaq? Hökümət nətər edəcək, nə tədbir görəcək? F1 yarışını, 17 yaşlılar arasında dünya çempionatının final oyununu, İslamiyadanı nə təhər yoluna qoyacaq? Elə bunu demişdim ki, polisi vahimə bürüdü. Kişinin gözləri bərəldi, üzünün rəngi ağardı.
Dedi: “Ay kişi, sən nə danışırsan? Mən bilmirəm, xidməti maşının dərdin çəkim, ailəmin güzəranını fikirləşim, rəisin söyüşlərin götürüm, yoxsa vətəndaşların qınağına dözüm? Elə bilirsiz, biz insan deyilik? Biz də sizin kimi vətəndaşıq, oxşar problemlərlə yaşayırıq. Sadəcə deyib-danışa bilmirik. Kiminsə qabağında minnətliyik. İşimiz naminə susuruq, dözürük. Hələ deyirlər, üçüncü devalvasiya da olacaq. Onda neyniyəcəyik? Nə yeyəcəyik? Sən də tutmusan büdcədən.”
Polis bir xeyli danışdı. Çox şey dedi, çox narazıçılıq etdi. Hamısın yaza bilmərəm, kültür senzurası icazə vermir. Bir şey məlum oldu sözlərindən. Artıq hakimiyyətin dəyənəyi belə, onu tutan qoldan narazıdır. Düzdür, bu bir fərddir və bir nəfərlə bəlkədə nəticə çıxartmaq düzgün deyil. Amma bu ölkədə bineyi-qədimdən “domino” prinsipi hegomonluq edir. Həmən polis xırda, gözə görünməz, mikro hissəcik olsa belə, cücərti sayılsa da artıq var, mövcuddur.
Yaxşı bəs bu bizlərə, ölkəyə, onun gələcəyinə nə vəd edir? Bilmirəm, dürüst deyirəm, həqiqi sözümdür, tam səmimi söyləyirəm, bilmirəm nə olacaq. Bircə şeyə əminəm ki, şər deməsən, xeyr gəlməz. Təki neftimiz, pulumuz az olsun.
Amma tam hüquqlu, vətəndaş cəmiyyəti quraq.
Təki ondan sonra güzgü qarşısında durub üzünü qırxanda təmiz vicdanla öz simasına baxmağı bacaran kişilərin sayı lap çox olsun.
Necə deyərlər, Amin!
Yazı müəllifin şəxsi mövqeyini ifadə edir…