“Laçın rayonunun polis rəisi Məhəmməd Kərimov mənə göz verib, işıq vermir. Hər gün mənə aidiyyatı olmayan işlərə görə şöbəyə çağırır, kimlərisə yalandan üzümə dirəyir. Onun bu Allahsızlığı baş tutmasa da, cəhdində davam edir”.
Bu sözləri Meydan TV-yə Laçın rayonunun Vağazin kənd sakini Aqil Rəşid oğlu Dünyamalıyev deyir. O, bununla bağlı ictimaiyyətə video-müraciət də ünvanlayıb. Hazırda Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində yaşayan şikayətçi deyir ki, bu təzyiqlər nəticəsində anası, 1-ci qrup əlilliyi olan Adilə Dünyamalıyevanın səhhəti ağırlaşıb:
“Hazırda anam komadadır. Bu adam məni elə bir vəziyyətə salıb ki, sabahıma ümidim yoxdu. Ya özümü doğramalıyam, ya da haradansa çıxıb atmalıyam, başqa çarəm yoxdu. Mənə deyir ki, arxamda Sumqayıtın icra başçısı Zakir Fərəcov dayanıb, get kimə istəyirsən şikayət elə. Mənə heç kim heç nə edə bilməz. Məcburi köçkünlərin yaşadığı Taxta körpü qəsəbəsində komendant rejimi yaradıb, axşam saat 9-dan sonra küçəyə çıxmaq olmaz. Çıxırsan, polisllər saxlayıb hara getdiyini soruşur. Dükana çörək almağa da getməyə qoymurlar ki, 9-dan sonra olmaz. Məhəmməd Kərimov Laçın rayonunu reket üsulu ilə idarə edir”.
Aqil Dünyamalıyevin sözlərinə görə, bir dəfə məhkumluq həyatı yaşayıb və prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb. Elə rəis də bundan istifadə edir: “Tanıdığım, tanımadığım adamların etdiklərinə görə məni təqsirli bilir. Səbəbi də odur ki, əvvəl məhkum olmuşam. Qardaşımla ailə qurmaq məqsədilə qız qaçırmışıq. Buna görə 3 il azadlıqdan məhrum edilmişəm. Cənab prezidentimiz məni əfv edib. Amma rəis deyir ki, prezident səhv edib səni buraxıb, sənin bayırda yaşamağa haqqın yoxdu”.
Aqil Dünyamalıyev onu da deyir ki, incidilməsinə əsas səbəb laçınlıların ev problemi ilə bağlı vağzal yolunu kəsmələridir: “Həmin aksiyanı ictimailəşdirdiyim üçün məni incidirlər”.
Təkrar həbs olunmaq istəməyən Aqil Dünyamalıyev çıxış yolunu baş verənləri ictimailəşdirməkdə görür.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Ağcabədi rayonunda yerləşən Laçın Polis Şöbəsi ilə əlaqə saxlayıb. Şöbənin növbətçi hissəsindən bildirilib ki, deyilənlər yalandır və şöbədən heç kim Aqil Dünyamalıyevi hədələməyib.