Referenduma YAP-çıların gözü ilə baxılsa…

Tələsik evlənmə prosesi də bundan çox uzanır

Source:

Təzə və isti yaralarına ağlayıb-sızlasaq da, bizim Konstitusiya bundan öncə də mürtəce idi. Hətta bundan əvvəl edilən dəyişiklik  – iki dəfədən çox prezident seçilməmə limitinin ləğv edilməsi əbədi hakimiyyətə yol açması ilə daha mürtəce idi. Seçilmə məhdudiyyəti qalsa idi, indiki artımla ən çoxu 10 il əvəzinə 14 il prezident olmaq mümkün idi, amma İlham Əliyevin 14 ili aşmasına az qalıb. Qırmızı xətt çoxdan – referendumdan qabaq keçilib.

İndiki dəyişiklik isə daha çox mənəvi irticalaşmanın zirvəsi idi. Bəlli oldu ki, hətta özləri üçün də ciddi prinsipiallıq daşımayan bir məsələyə görə də xalqın iradəsini tapdalayır, saxta referendumla Konstitusiyanı dəyişirilər. Açıq saymazlıqla, izaha belə ehtiyac duymadan, qəflətən elan edərək, dərhal qərar verərək, ağlasığmaz nəticələrlə bitirərək əsas qanunu tez bir zamanda istəklərinə uyğunlaşdırdılar. Tələsik evlənmə prosesi də bundan çox uzanır.

Səsvermə saxtakarlığının biabırçı mənzərələrini ilk dəfə görmürdük. Konstitusiyamız İlham Əliyevin arzularına görə ilk dəfə param-parça doğranılmırdı. Baş verən qanunsuzluqlar və özbaşınalıqlar təzə deyildi. Xalqımızın haqq və iradəsinin  tapdalanması yeni deyildi. Biz isə bunlar ilk dəfə baş verdiyində olduğu kimi üzülürdük. Çünki bunlar, sadəcə, keçmişin davamı deyildi, gələcəyimizə edilən müdaxilə idi.

Amma bir də YAP-çıların (ümumilikdə rejiminə xidmət edən, ona tərəfdarlıq edən, tərif söyləyən, yaltaqlıq edənlərin hamısının)  gözü ilə baxa bilərik bu referenduma. Xalq gəlmədi səsverməyə. Heç olmadığı qədər az adam qatıldı. Bunu hamıdan yaxşı YAP-çılar gördü. Onu da nəzərə alın ki, YAP-çılar da həminki deyil. Bahalı neft dövrünün YAP-çısının gözlərindəki parıltı, duruşundakı şuxluq yoxdur. Dilində də dəlillər yoxdur. Yalan danışmaq, saxtakarlıq etmək əvvəlki işdir, amma əvvəllər bir doğru vardı – pul. O da həminki deyil – nə miqdarı ilə, nə məzənnəsi ilə. Ürək sıxılır durumdan. Nağıl danışmaq olmur əvvəlki tək.

YAP-çılar görür ki, referendum ölkədəki böhrana görə atılan məcburi addımlar olsa da, onun qarşısını alacaq deyil. 11 sentyabrda “Məhsul” stadionundakı mitinqin gözləniləndən qat-qat gur olması da var bir amil kimi.  Bütün bunlardan baxanda, xalqa və ölkənin gələcəyinə görə deyil, öz gələcəklərinə görə onların bu referenduma sevinə bildiyini güman edə bilmərik.

YAP-çılar gördü ki, onlar zəngin neft ölkəsində yatıb, səfil bir ölkədə oyanıblar. Günah da bunların üzərindədir. Səssiz, adamsız referendum isə bu reallığı və bu reallıqdan doğan hissi dəyişmir, yəqin ki, bir qədər də tündləşdirir…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəReferenduma YAP-çıların gözü ilə baxılsa…