Elxan Şahinoğlu: Şübhə etmirəm ki, Türkiyədə Rövnəq Abdullayevə ciddi mesajlar verilib
SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edib.
“Trend” SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan SOCAR rəhbərini qəbul edib.
Türkiyə və Azərbaycan arasında strateji dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan dövlət başçısı SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrin iki qardaş ölkənin iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Layihələrin icrası üzrə işlərin gedişi ilə maraqlanan Türkiyə prezidenti SOCAR-ın fəaliyyətinin dəstəkləndiyini bildirib, yatırımlarının əhəmiyyətini qeyd edib və fəaliiyətlərin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.
SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin fəaliyyətinə verilən dəstək üçün təşəkkürünü bildirib, bütün layihələrin qrafikə uyğun şəkildə davam etdiyini söyləyib, Türkiyə prezidentini əmin edib ki, SOCAR həyata keçirdiyi bütün layihələri vaxtında və yüksək keyfiyyətlə başa çatdıracaq.
SOCAR prezidentinin Türkiyə səfərini təhlil edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Rövnəq Abdullayevin budəfəki səfəri onun keçmiş səfərlərindən xeyli fərqlənir. Şərhçi bu barədə öz Facebook səhifəsində yazıb:
“Birincisi, bu hərbi çevrilişə cəhddən sonra Azərbaycan rəsmilərindən bir kimsənin Türkiyəyə ilk rəsmi səfəridir. İkincisi, SOCAR-ın Türkiyədəki bütün rəhbər heyəti və ən böyük investisiya yatırdığı şirkətin rəhbərləri həbs olunublar. Bu da sıradan hadisə deyil. Doğrudur, Rövnəq Abdullayevlə görüşdə Türkiyənin enerji naziri və prezident Ərdoğanın kürəkəni Berat Albayrak PETKİM-də aparılan yoxlamaların SOCAR-la əlaqəsinin olmadığını deyib, Ərdoğanın özü isə SOCAR-ın fəaliyyətini dəstəklədiyini söyləyib. Ancaq bunlar diplomatik ifadələrdir və sadəcə mətbuat üçündür.
Şübhə etmirəm ki, Türkiyədəki görüşlərdə Rövnəq Abdullayevə ciddi mesajlar verilib, türkiyəli rəsmilər və diplomatlar əsas fikirlərini və mesajlarını sətiraltı ifadələrlə çatdırırlar. Onlar söz oynatmaqda ustadırlar. Rövnəq Abdullayev bu dəfə də Türkiyədə ona verilən mesajlara əhəmiyyət verməsə, türkiyəli rəsmilərin heç bir məna ifadə etməyən “güllük, gülüstanlıq” açıqlamalarını əsas tutsa, yaxın perspektivdə SOCAR-ın adı yenə Gülən şəbəkəsi ilə birgə çəkiləcək”.