ReAL-ın qurultay üçün yer müraciətinə rədd cavabı verilib

“Yer ayrılmamasını texniki səbəblərlə izah edirlər”

Source:
ReAl hərəkatı Respublika günündə
ReAl hərəkatı Respublika günündə


“Yer ayrılmamasını texniki səbəblərlə izah edirlər”

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Respublikaçı Alternativ Partiyası Təşəbbüs qrupunun təsis qurultayı keçirmək üçün yer ayrılması ilə bağlı müraciətinə rədd cavabı verib.

Bu haqda ReAL Hərəkatının yaydığı məlumatda bildirilir.

İdarə yer ayrılmaması məsələsini texniki səbəblərlə izah edib:

“Cavabda qeyd edilib ki, təsis qurultayından ötrü istənilən məkanlardan “Təbriz” və “Bakı” kinoteatrları baş idarənin balansında deyil. Bəhlulzadə adına Mədəniyyət Sarayında isə həmin tarixdə film nümayişi olacaq”.

Respublikaçı Alternativ Partiyası Təşəbbüs qrupunun üzvü Azər Qasımlı Meydan TV-yə bildirib ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rədd cavabı ilə bağlı suallara sabah, oktyabrın 27-də keçirəcəkləri mətbuat konfransında cavab verəcəklər.

ReAL Hərəkatı bu il oktyabrın 29-da qurultay keçirmək niyyətindədir. Qurultayda hərəkatın partiyaya çevriləcəyi gözlənilir. Bu qərar sentyabrın 24-də hərəkatın rayonlardan və Bakıdan gələn təmsilçilərinin iştirakı ilə yekdilliklə qəbul edilib.

Həmin qərardan sonra Təşəbbüs qrupu qurultaya yer ayrılmasından ötrü Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müraciət Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Baş İdarəsinə göndərilmişdi.

ReAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur. Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb.

Ana səhifəXəbərlərReAL-ın qurultay üçün yer müraciətinə rədd cavabı verilib