Hərəkatın idarə heyəti üzvlərinin həbsi ilə bağlı açıqlama yaydı
Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyəti üzvlərinin həbsinə səbəb olan flayerlərin nəşri ilə bağlı açıqlama yayıb. Meydan TV-yə daxil olan açıqlamada deyilir:
“İyunun 14-də REAL-ın 4 ilə yaxındır qanunsuz və siyasi motivlə həbsdə saxlanılan sədri İlqar Məmmədovun doğum günü idi. Bu günlə bağlı REAL İH “1 milyon adam” kampaniyası keçirmək və bu məqsədlə yüz mindən artıq flayerin paylanılmasını planlaşdırırdı. Flayerlərin “Qanun” nəşriyyatında çap edilməsi üçün bu qurumla danışıq aparıldı, qiymət və digər detallar dəqiqləşdiriləndən sonra müqavilə bağlandı və flayerlər çap edildi. Lakin Bakı Şəhər Baş Polis İdarəsi iyunun 12-də “bomba əməliyyatı” adı ilə “Qanun” nəşriyyatında axtarış apardı və axtarış nəticəsində “əsl bomba” – İlqar Məmmədovun flayerləri qanunsuz olaraq müsadirə edildi.
İyul ayında referendum təyin edildikdən sonra REAL olaraq bu prosesdə iştirak etmək və Konstitusiyaya dəyişikliklər əleyhinə təşviqat aparmaq barədə qərar qəbul etdik. Bu məqsədlə “Respublikaçı Alternativ” təşəbbüs qrupu yaratdıq və müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib, ilkin olaraq qeydiyyatdan keçdik. Bundan sonrakı mərhələdə öz mövqeyimizi və dəyişikliklərin cəmiyyətin ziyanına işləyəcəyi barədə mesajlarımızı çatdırmaq üçün çap materialları, konkret olaraq İlqar Məmmədov barədə məlumatla yanaşı referendumla bağlı mövqeyimizi əks etdirən flayerlər çap etdirmək qərarına gəldik. “Qanun” nəşriyyatı ilə bağlı təcrübəni nəzərə alaraq flayerləri tanımadığımız bir mətbəədə çap etmək qərarı verdik. Fəallarımız avqustun 12-də (təşkilatın icra katibi Natiq Cəfərlinin həbs edildiyi gün) İstiqlaliyyət küçəsində yerləşən mətbəə ilə danışıqlar apardıqdan sonra razılıq əldə olundu və flayerlərin çapını sifariş verdik. Avqustun 15-də mətbəədən əlaqə saxlanılaraq materialların hazır olduğunu və götürə biləcəyimizi bildirdilər. Fəllarımız flayerləri götürməyə getdikdə “mühüm əməliyyat” nəticəsində saxlanıldılar və nəticədə tam əsassız olaraq 7 sutka həbs aldılar.
Hər 2 halda flayerlərin çap edilməsi qərarı REAL İH tərəfindən verilib, birinci halda 100 000-dən bir qədər artıq flayerdən (1200 AZN-lik), ikinci halda da 100 000 flayerdən (2000 AZN-lik) söhbət gedirdi, flayerlərin çapı üçün ödənilmiş vəsaitlər REAL İH tərəfindən toplanaraq ödənilmişdi.
İlqar Məmmədovun ad günü ilə bağlı müsadirə edilmiş flayerlərlə bağlı REAL İH üzvləri Bakı Şəhər Baş Polis İdarəsini məhkəməyə verib, lakin Nəsimi rayon Məhkəməsi iddianı təmin etmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət göndərilib. Fəllarımızın sutkalıq həbsi ilə bağlı qərardan verilmiş şikayətlə yanaşı flayerlərin müsadirə edilməsi ilə bağlı da yerli məhkəmə instansiyalarına müraciət edilməsi prosesinə başlanılıb. Yerli məhkəmələr hər iki iş üzrə iddiaları təmin etməyəcəyi halda Avropa İnsan Haqları Məhkəməsinə gediləcək”.