”Razılığa gəlsək, Dağlıq Qarabağ Muxtar Respublikası ola bilər”

”Ruslar razılaşsa, ermənilər çoxdan əllərini qaldıracaq”

Source:
foto sputnik
foto sputnik


”Ruslar razılaşsa, ermənilər çoxdan əllərini qaldıracaq”


“Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür”, – bu sözləri prezident İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür: “Münaqişənin həllini biz bu cür görürük. Bu, hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə səsləşir. Məsələnin həllini tapmamasının əsas səbəbi odur ki, Ermənistan 24 ildir, Minsk qrupu yaranandan bəri, danışıqlar prosesindəki ən kiçik irəliləyişin də qarşısını müxtəlif yollarla alır. Düşünürük ki, insanlar harada yaşayırdısa, orada yaşamalıdır. Çünki onlar orada çoxdan yaşayırlar: erməni əhalisi 200 il, azərbaycanlılar daha çox. Lakin məsələ təkcə bunda da deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi, onların hamısı qovulub, evləri ya ələ keçirilib, ya da dağıdılıb. Buna son qoymaq lazımdır. Erməni əhali Dağlıq Qarabağda yaşayırdı, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Ermənistan bu münaqişədən nə qazandı? Bəli, milyonlarla azərbaycanlıya iztirab çəkdirdilər, lakin əvəzində özləri xoşbəxt oldular? Bəlkə daha çox inkişaf etdilər, daha təhlükəsiz şəraitdə yaşadılar? Əlbəttə ki, yox. Azərbaycanla münasibətlər normallaşmadan bu regionda inkişaf ola bilməz, onlar daim təzyiq altında yaşayacaqlar ki, birdən nəsə baş verdi. Biz sülh istəyirik və mövqeyimiz kifayət qədər konstruktivdir. Fərq ondadır ki, biz öz torpaqlarımızı geri istəyirik, Ermənistan isə başqasının ərazilərini geri vermədən sülh istəyir”.

Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: “Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”.

Hikmət Hacızadə foto sosial şəbəkə
Hikmət Hacızadə foto sosial şəbəkə

Prezidentin fikirlərini Meydan TV-yə şərh edən Azərbaycanın Rusiyadakı sabiq səfiri, siyasi icmalçı Hikmət Hacızadə bildirib ki, bu, rəsmi Bakının çoxdankı mövqeyi olduğundan yeni bir şey deyil. Sabiq prezident Əbülfəz Elçibəyin vaxtında bu təklif müzakirə olunurdu, yaxud Heydər Əliyev deyirdi ki, ən yüksək status verilə bilər: “Ona görə Naxçıvana dövlət statusu verildi ki, Dağlıq Qarabağ da respublika təklifinə razı olsun. Prinsipcə, bu təklifə etiraz etmirəm, amma detallar müəyyən suallar yaradır, məsələn, özünüidarə hansı çərçivədə olacaq, muxtar respublikanın xarici siyasəti necə olacaq, bax, bu məsələlər müzakirə olunmalıdır”.

Hikmət Hacızadə deyib ki, ermənilərdən əvvəl Rusiyanın bu təklifə razılaşıb-razılaşmadığını bilmək lazımdır: “Ruslar razılaşsa, ermənilər çoxdan əllərini qaldıracaq”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Dağlıq Qarabağdakı rejimə hər hansı status verilməsinə qarşı olduğunu deyib.

Akif Nağı foto sosial şəbəkə
Akif Nağı foto sosial şəbəkə

O, Meydan TV-yə bildirib ki, kompromislər olmalıdır, amma 25 ildən çox davam edən münaqişə ermənilərin öz hüquqları uğrunda apardığı mübarizə deyil: “Ermənilər və onların havadarları 25 ildən çox davam edən münaqişəni özlərinin hüquqları uğrunda mübarizə kimi təqdim etməyə çalışırlar. Əslində, hadisələrin bu vəziyyətə çatmasına səbəb Ermənistanın Azərbaycan ərazilərinə iddiası və işğalıdır. İşğal varsa, işğalçılar həmin ərazilərdən çıxmalıdır. Hər hansı bir statusdan, yaxud respublika sözünün işlədilməsinin qəti əleyhinəyik”.

Akif Nağı hesab edir ki, Ermənistan ərazisindən zorla çıxarılan 300 mindən çox azərbaycanlının öz yurdlarına qaytarılması gündəmə gələrsə, rəsmi Bakı məsələni müzakirə edə bilər: “Ermənistan azərbaycanlıları öz yurdlarına qayıdanda onlara hansı status veriləcəksə, Dağlıq Qarabağ ermənilərinə də oxşar status verilməlidir”.

Ana səhifəXəbərlər”Razılığa gəlsək, Dağlıq Qarabağ Muxtar Respublikası ola bilər”