Nəsib Məmmədov: ”Problemlər həll olunmadan paytaxta axının qarşısını almaq doğru deyil”
Bu ilin sentyabrında təcili yardımın pullu olacağı ilə bağlı xəbər yayıldı. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bir xəstənin daşınmasının 100-150 manata başa gəldiyini, yaxın vaxtlarda qəza və digər təxirəsalınmaz hadisələr istisna olmaqla digər xidmətlərin pullu olacağını söyləmişdi. Məsələn, qızdırması olan, təzyiqi yüksələn xəstələrə çağırış zamanı pul ödənilə biləcəyi bildirilmişdi. Amma Səhiyyə Nazirliyi dərhal təcili yardımın pullu xidmətə keçəcəyi ilə bağlı xəbəri təkzib etdi. Bundan sonra rayonlardan təcili yardım vasitəsi ilə xəstə daşınmasına qadağan qoyuldu. Nazirlik rayonlardakı xəstəxanalarda xəstələrin müayinə və müalicəsi üçün hər cür şərait yaradıldığını, buna görə də yalnız müstəsna hallarda rayondan Bakıya xəstə gətirilməsinə icazə veriləcəyini bildirdi.
Rayonlarda həkim çatışmazlığı var
Rəsmi statistikaya görə, son 10 ildə bölgələrdə 600-dən çox tibb müəssisəsi inşa edilib. Bu müəssisələrin tikintisi və maddi-texniki bazanın təkmilləşdirilməsi üçün milyardlarla manat vəsat xərclənib. Amma kadr çatışmazlığından xəstəxanalar boş qalıb, nəticədə xəstələr ya paytaxta, ya da İrana, Türkiyətə, Gürcüstana üz tuturlar.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 32 756, 2016-cı ilin əvvəlində isə 32 458 həkim qeydiyyata alınıb.
Səhiyyə Nazirliyi regionlarda tibbi qurumların vəziyyətini araşdırmaq məqsədilə jurnalistlərdən ibarət heyəti müxtəlif rayonlara aparır. Həmin görüşlər zamanı mövcud durum, göstəricilər barədə jurnalistlərə məlumat verilir. Həmin məlumata əsasən, ölkədəki həkimlərin az qala yarısı terapevtdir. Regionlarda xüsusilə nevroloq, onkoloq, uroloq və ginekoloqa ehtiyac var.
Məsələn, Ağsu xəstəxanasının baş həkimi Əli Hüseynov jurnalistlərə açıqlamasında 43 həkimə ehtiyac olduğunu demişdi. Göygöl xəstəxanasında 30-u həkim olmaqla 50 tibb işçisinə, Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında 58 həkimə və 105 tibb işçisinə ehtiyac var. Samuxda isə həkim çatışmazlığı təlabatın 50 faizindən yuxarıdır. Ağdaş, Göyçay, Kürdəmir, Gəncə, Balakən, Şəki, Zaqatala, eləcə cəbhəyanı rayonlarda kadrlara ehtiyac çoxdur.
Rəsmi statistikaya əsasən, hər il xəstələrin 33 faizi paytaxt xəstəxanalarına gəlir.
“Gənc həkimlər rayonlara getmək istəmirlər”
Səhiyyə üzrə ekspert Nəsib Məmmədov deyir ki, regionlarda həkim kadlarının çatışmazlığı ciddi problemdir: “Maaş olduqca aşağıdır, gənclərin işləməsi üçün stimul yoxdur. Buna görə də gənc mütəxəssislər rayonlara getmək istəmirlər”.
Mütəxəssis deyir ki, günortadan sonra rayon xəstəxanalarında həkim tapmaq mümkün deyil. Xəstəxanalar növbətçi həkimlərin ümidinə qalır. Çox zaman xəstəyə vaxtında yardım göstərilməsi üçün ixtisaslı kadr olmur. Buna görə də ağır xəstələrin Bakıya gətirilməsinə ehtiyac yaranır:
“Təsəvvür edin ki, xəstə ağır vəziyyətdədir, onu əvvəlcə rayonda müayinə edirlər, sonra Bakıya köçürülüb-köçürülməyəcəyinə qərar verilir. Hələ icazə almaq lazımdır. Qadağa varsa, təbii ki, hər köçürülən xəstəyə görə hesabat da istəniləcək. Buna görə də baş həkimlər tərəddüd edəcəklər. Nəticədə zərbə yenə xəstəyə dəyəcək”.
“Təcili yardım maşını çatışmır”
Problemlər bununla bitmir. Bəzi rayonlarda təcili yardım xidməti vaxtlı-vaxtında gəlmir. Məsələn, Meydan TV-yə müraciət edən Nuru Əliyev Xaçmazda, xüsusilə də Nabran və Muxtadırdatəcili yardım maşınının çatışmazlığından danışır:
“Gecə saatlarında atamın vəziyyəti pisləşdi, təcili yardıma zəng vurduq. Dedilər ki, nə Nabrana, nə də Muxtadıra göndərməyə maşınımız yoxdur. Onu özümüz xəstəxanaya çatdırdıq. Bəs maşını olmayanlar neyləməlidirlər?”
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov APA-ya açıqlamasında xəstənin regionlardan Bakıya gətirilməsi üçün hansısa vacib sənəd istənildiyini təsdiqləyib. Onun sözlərinə görə, bütün təcili yardım maşınlarına CPRS sistemi qoyulub və onların gediş-gəlişi barədə məlumat əldə olunur:
“Rayondan çıxanda təcili yardım maşını bunun səbəbləri barədə məlumat verir. Ürəyi istəyən hər kəsin təcili yardımla Bakıya getməsi mümkün deyil. Bütün rayonlarda Bakıdan da yaxşı şərait yaradılıb”.
M. Cəlalov qeyd edib ki, xəstələrin regiondan paytaxta gətirilməsinə qadağanın qoyulması ilə bağlı tapşırıq verilib. “Ağır vəziyyətdə olan xəstəyə yolda nəsə olacaqsa, buna görə kim cavab verəcək? Xəstə qohumları çox vaxt deyir ki, nəsə olsa bizlikdir, amma sonradan başqa hallar baş verir”.
Qadağan qoyulduğu üçün təcili yardımla deyil, şəxsi maşında Bakıya gətirilən xəstə yolda ölərsə, həkimlər məsuliyyətdən yaxa qurtarmış olurlar. Yəni söhbət xəstənin taleyindən deyil, məsuliyyətin kimin üzərinə düşəcəyindən gedir.
“Paytaxta axının qarşısı alınmamalıdır”
N.Məmmədov deyir ki, kadr çatışmazlığı və digər problemlər həll olunmadan paytaxt xəstəxanalarına axınının qaşısını almaq cəhdləri heç də yaxşı nəticədən xəbər vermir.
Ağcabədidə 6 yaşlı uşağın ölümü də bunu təsdiqləyir. Turşudan zəhərlənən Elton Şirinov əvvəlcə kənd həkiminin yanın aparılıb. Sonra oradan Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Xəstəxana uşağı qəbul etmədiyindən ailə Bərdəyə aparıb. Bərdə Mərkəzi Rayon Xəstəxanasında da həkimlər uşağın vəziyyətinin ağır olduğunu söyləyərək xəstəni qəbul etməkdən imtina ediblər. Uşaq Mingəçevir xəstəxanasına aparılarkən yolda keçinib.
Mütəxəssisin fikrincə təkcə bu fakt rayon xəstəxanalarında ağır vəziyyətdə olan xəstələrə necə yardım göstərildiyini sübut edir: “Ona görə də kadr problemi həll olunmadan paytaxta axının qarşısını almaq doğru deyil”.