Rayon təhsil şöbələri ləğv edildi

Ekspert Etibar Əliyevin fikrincə, yeni struktur təhsil şöbələrini icra hakimiyyətinin tabeliyindən çıxaracaq

Source:


Ekspert Etibar Əliyevin fikrincə, yeni struktur təhsil şöbələrini icra hakimiyyətinin tabeliyindən çıxaracaq

İyulun 24-də prezident İlham Əliyevin sərəncamı ilə rayon təhsil şöbələri ləğv olunaraq regional təhsil idarələri yaranıb.

Sərəncama əsasən Sumqayıt şəhər, Abşeron, Xızı və Qubadlı rayon təhsil şöbələrinin bazasında Sumqayıt Regional Təhsil İdarəsi;  Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon təhsil şöbələrinin bazasında Xaçmaz Regional Təhsil İdarəsi; İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin bazasında İsmayıllı Regional Təhsil İdarəsi; Şəki şəhər, Oğuz və Qəbələ rayon təhsil şöbələrinin bazasında Oğuz Regional Təhsil İdarəsi; Balakən, Zaqatala və Qax rayon təhsil şöbələrinin bazasında Balakən Regional Təhsil İdarəsi; Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin bazasında Ağstafa Regional Təhsil İdarəsi; Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin bazasında Şəmkir Regional Təhsil İdarəsi; Gəncə və Naftalan şəhər, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Xocalı rayon təhsil şöbələrinin bazasında Gəncə Regional Təhsil İdarəsi; Yevlax və Mingəçevir şəhər, Ağdaş və Bərdə rayon təhsil şöbələrinin bazasında Yevlax Regional Təhsil İdarəsi; Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi; Ucar, Zərdab, Kürdəmir və Göyçay rayon təhsil şöbələrinin bazasında Ucar Regional Təhsil İdarəsi; Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbələrinin bazasında Sabirabad Regional Təhsil İdarəsi;Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayon təhsil şöbələrinin bazasında Salyan Regional Təhsil İdarəsi;Masallı, Yardımlı və Cəlilabad rayon təhsil şöbələrinin bazasında Masallı Regional Təhsil İdarəsi; Lənkəran şəhər, Astara və Lerik rayon təhsil şöbələrinin bazasında Astara Regional Təhsil İdarəsi.

Meydan TV-yə sərəncamı şərh edən “XXI əsr Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev 2008-ci ildə paytaxtın rayon təhsil şəbələrinin ləğv olunaraq Bakı Şəhər üzrə Təhsil İdarəsinin yaradıldığını xatırladaraq bildirdi ki, qurum rayon təhsil şöbələrinin funksiyalarını yerinə yetirirdi: “Ancaq müəyyən vaxtdan bu cür islahatın keyfiyyət dəyişikliyinə səbəb olmadığı məlum oldu. Söhbət orta məktəb təhsilinin keyfiyyətindən gedir”.

Etibar Əliyev prezidentin sərəncamını rayon təhsil şöbələrinin icra hakimiyyəti strukturlarının təsir dairəsindən çıxartmağa xidmət etdiyini düşünür: “Bu mənada pozitiv addımdır. Çünki icra hakimiyyətləri rayon təhsil şöbələrinə obyekt kimi yanaşdıqlarından məktəblərdə korrupsiya, neqativ hallar artır. Ancaq bundan sonra mərkəzləşmiş şəkildə bir neçə rayonun birləşmiş strukturunun yaradılması icra hakimiyyətlərindən asılılığı aradan qaldıracaqdır”.

Təhsil eksperti yaxın gələcəkdə dünya praktikasında geniş tətbiq olunan məktəb müstəqilliyinin əldə olunmasına cəhd edilməsini vacib saydı: “Məktəblərə müstəqillik verilsin, dünyada təhsilin inkişafına təsir edən əsas amillərdən biri budur”.

Ana səhifəXəbərlərRayon təhsil şöbələri ləğv edildi