Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin apellyasiya şikayətinə baxılır

Vəkil rentgen müayinəsinin işə əlavə olunmasını istəyir

Source:


Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Kənan Mədətovdan başqa digər təqsirləndirilən şəxslərin vəkili olan Şəmsəddin Quliyev vəsatətlə çıxış edib.

O, bildirib ki, cinayət işinin materiallarında ziddiyyətlər var: “Rasimin rentgen müayinəsinin nəticələri indiyə kimi məhkəməyə təqdim edilməyib. Orada nə göstərilib, maraqlıdır. Biz birinci instansiya məhkəməsində də bununla bağlı vəsatət verdik. Lakin prokuror vəsatətə etiraz etdi və vəsatət təmin edilmədi.

Cinayət işində olan bütün sənədlər nömrələnməlidir və ardıcıllıq qorunmalıdır. Lakin bu işdə nömrələr düzgün gəlmir. Həkim rentgeni sağ, ya sol tərəfdə keçirdiyini səhv salıb. Bununla bağlı izahatında yanlışlıq var. Bu, ayıb olan bir şeydir. Mən əminliklə deyirəm ki, Rasimdə heç sınıq olmayıb. Kimisə ittiham etmək istəmirəm, ancaq bu məsələ araşdırılmalıdır.

UZİ edən Arzu Rüstəmova yazıb ki, orqanlarda hematoma yoxdur. Bizim vəsatətlərimiz bu məhkəmədə də təmin olunmasa, biz biləcəyik ki, siz də qərəzlisiniz. Mən onların yalanlarını ifşa edəcəm. Siz də görəcəksiniz ki, ittihamlar saxtadır. Xahiş edirəm rentgen müayinəsinin nəticələri məhkəməyə təqdim edilsin”.

Münasibət bildirən zərərçəkmiş tərəfin vəkili Fariz Namazlı və Rasim Əliyevin anası Teyfurə Əliyeva da vəsatətin təmin edilməsini məhkəmədən xahiş ediblər. Hakim Qədim Babayev bildirb ki, vəsatət geniş olduğu üçün diqqətlə tanış olmaq istəyirlər. Buna görə də proses iyunun 17-dək təxirə salınıb.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Rasim Əliyev xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Səbail rayon Məhkəməsinin hökmü ilə isə Cavid Hüseynov 4 il müddətinə azadlıqdan məhrum eddilib. O, hökmdən apellyasiya şikayəti verib.

Ana səhifəXəbərlərRasim Əliyevin ölümündə təqsirləndirilənlərin apellyasiya şikayətinə baxılır