Mərhumun atası deputat Sabir Rüstəmxanlıya cavab verdi: Əvvala gedib sənədlərə baxsınlar, iş vəsiqəsində o adam jurnalist idi
Döyülərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən və orada vəfat edən jurnalist, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun sədri Rasim Əliyevin ölüm işi ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb.
Məlumatı jurnalistlərə mərhum həmkarımızın atası Məmmədəli Əliyev verib. M.Əliyev bildirib ki, komissiya Baş Prokurorluğun Səhiyyə Nazirliyinə müraciəti əsasında yaradılıb: “Rasimin ölümündə həkimlərin təqsirinin olub-olmamasına komissiyanın rəyindən sonra aydınlıq gətiriləcək. Komissiyanın rəyini əldə etdikdən sonra müvafiq addımlar atacağıq”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə “Report”a danışarkən komissiyanın yaradılmasından xəbəri olmadığını, məsələyə sabah münasibət bildirəcəyini deyib.
Mərhumun atası Məmmədəli Əliyev jurnalistlərlə söhbətində parlamentin iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının oğlunun jurnalist olmaması barədə fikirlərinə təəssüfünü bildirib. “Mənim onlara bir kəlmə sözüm var. Rasim neçə illər idi jurnalist idi. Jurnalist kimi fəaliyyət göstərirdi. Həm də reportyor kimi. O, əsl peşakar jurnalist olub. Çox heyfslənirəm. Əvvala gedib sənədlərə baxsınlar. İş vəsiqəsində o adam jurnalist idi”.
M.Əliyev yenidən hakimiyyəti və hüquq-mühafizə orqanlarını Rasimin ölümünü obyektiv araşdırmağa və bu cinayətdə əli olan hər kəsi cəzalandırmağa çağırıb.
Avqustun 8-də jurnalist, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun sədri Rasim Əliyev Bayıl qəsəbəsi ərazisində “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun yaxınları tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Bundan sonra futbolçu C.Hüseynov, bibisi oğlu E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
İş üzrə altı nəfər, o cümlədən “Qəbələ” futbol klubunun futbolçusu Cavid Hüseynov və onun əmisi oğlu həbs olunub. Məhz facebook-da tənqidə görə Əliyevi hədələyiblər, daha sonra onu barışıq bəhanəsi ilə görüşə çağırıblar və döyüblər.