”Rasim Əliyev ölməyəcəkdi”…. (VİDEO)


Jurnalist Rasim Əliyev “Qəbələ” klubunun oyunçusu Cavid Hüseynovun yaxınları tərəfindən döyüldükdən bir gün sonra xəstəxanada dünyasını dəyişir. Bir çoxu onun ölümünü Rafiq Tağının ölümünə bənzədir. Çünki Rafiq Tağı da bıçaqlandıqdan sonra rahat danışır, müsahibə verir, əməliyyat olunanda sonra isə ölüm xəbəri eşidilir. Rasim Əliyevin müəmmalı ölümü vətəndaş cəmiyyətini narahat edir. Ölkə başçısı İlham Əliyev Rasim Əliyevin məsələsini şəxsi nəzarətə götürür.

Jurnalistin ölümündə sonra Cavid Hüseynovla birgə 6 nəfər həbs olunur. Lakin Rasimin ölüm işinin araşdırılması ilə bağlı yaranan komitə düşünür ki, jurnalisti qəbul edən və əməliyyat edildiyi deyilən həkimlər də cinayət məsuliyyətindən kənarda qalmamalıdır. Komitə üzvü Tatyana Kryuçkina bildirir ki, səhiyyə nazirinin məktubundan sonra şübhələri daha çox artıb.


Avqustda bir qrup jurnalist “Rasimin Əliyevin ölümündə günahkar olan həkimlər cəzalandırılsın” şüarları ilə aksiya keçiriblər. Jurnalistlər müstəqil ekspertiza keçirilməsini tələb ediblər.

Nailə Bağırova ekspertiza rəyində ziddiyyətlərin olduğunu deyir. Onun sözlərinə görə, istintaq düzgün aparılmayıb.


Hüquqşünas Ələsgər Məmmədli də düşünür ki, səhiyyə naziri məsələdə tərəfdir və o, qurumu qorumağa yönəlik rəy verib. İstintaq təkcə bu rəylə kifyətlənməməli, alternativ rəylər tələb etməlidir.


“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də hesab edir ki, həkimlər məsələyə ciddi yanaşsaydı, Rasim ölməyə bilərdi.


Həkimlərin məsuliyyətsizliyindən övladını itirdiyini deyən valideynləri danışır ki, Rasim onu döyənlərin əlindən qaçıb xəstəxanaya gəlmişdi. Xəstəxanada onu təkcə sistemin ümidinə buraxdılar. Anası onun palatada nəzarətsiz qaldığını söyləyir. O, deyir ki, indiyə kimi həkimlərlə bağlı verilən heç bir vəsatət təmin olunmayıb.


Döyüldükdən sonra dünyasını dəyişən jurnalist Rasim Əliyevlə bağlı istintaq yekunlaşıb. Cavid Hüseynova gəlincə, prokurorluğun məlumatına görə , futbolçunun CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə və gizlətmə) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi də ayrıca məhkəməyə göndərilmək mərhələsindədir. Digər beş nəfərin işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.


Rasim Əliyevin valideynləri Cavid Hüseynovun işinin ayrıca icraata ayrılmasından narahatdırlar. Onlar bununla bağlı ölkə başçısına da müraciət ünvanlayıblar.

Rasimin ailəsinə və jurnalistin ölümündə təqsiri olan hər kəsin cəzalanmasını istəyənlərə indi nəticəni gözləmək qalır.

Ana səhifəVideo”Rasim Əliyev ölməyəcəkdi”…. (VİDEO)