Meydan TV-nin həbsdə olan jurnalisti Ramin Dekonun (Cəbrayılzadə) 1 saylı Bakı İstintaq Təcridxanasından yazısını olduğu kimi təqdim edirik.
Biz dörd kişiydik. M., S., B., D. İndi pərən-pərən düşmüşük. Birimiz həbsdə, birimiz qəbirdə, birimiz sürgündə, biri də sürücülük edir.
M.-in həyatı
M. 35 il yaşadı. Hər işində totemi olurdu, düzgün (uyğun) gəlmədisə yola çıxmazdı, qulp qoymazdı. Halal-haram söhbətindən qorxar, bir kimsənin haqqına girməzdi. “Hamımız quluq. Qul qulun haqqına girməz” – tez-tez işlətdiyi bu frazanı həyat kredosuna çevirmişdi. Nə içirdi, nə çəkirdi, amma bütün məclislərin başında olurdu. “Siz için mən xumarlanacam” – deyirdi. Onun azartı içəndən qızışan ədəbi, siyasi mübahisələrə qulaq müsafiri olmaq idi. Yaxşı dinləyici idi, ara-sıra mübahisə edənlərə qoşulur, kiçik xətalara düzəliş verərək yenə kənara çəkilərdi.
Arzuları böyük idi. Hüququn, qanunun ali olduğu bir məmləkətdə müəllim olmaq idi. Dəfələrlə ölkəni tərk etmək fürsəti oldu. Amma hər dəfə əlinin tərs üzüylə rədd etdi. “Burada qalıb ölkəni düzəltməliyik” – deyirdi. Bacısı, qardaşı yox idi, atasını uşaqkən itirmişdi. Yaşlı anasıyla kirayədə yaşayırdı. Universiteti bitirəndən sonra fəhləlik edərək evi dolandırırdı. Özünə ikinci iş – kitab redaktə etməyə başlayandan uzun illər çörək zavodunda işləyən anasını çıxartdırmışdı.
Böyük arzuları yox idi. Gözəl bir ölkənin vətəndaşı olub müəllim maaşıyla özünə mənzil almaq istəyirdi. İnanır, bunun üçün savaşır, bir gün xəyalının reallaşacağına ümid edirdi. Alınmadı. 34 yaşı yeni tamam olmuşdu anası dünyasını dəyişdi. 35 yaşına çatmamış dükandan çörək alıb qayıdarkən ürəktutmasından vəfat etdi. Sağlam, nümunəvi həyat yaşayan, sevgi dolu adamın ürəyi dözmədi. Vidalaşdı bizimlə.
S.-in həyatı
S. M.-in əksi idi. Arzuları yox idi, həyat eşqi sönmüşdü. Bircə istəyi vardı: tezliklə ölkəni tərk etmək. “Bura yaşanası yer deyil” tez-tez işlətdiyi bu cümləni özü üçün bir kəlama çevirmişdi. Dəli-dolu olan S. bütün məclislərin sonunda mübahisəyə gətirəcək bir mövzu açardı. Dedi-qodunu, hay-küyü çox sevərdi. Sanki bununla nəfəs alırdı. S. M.-dən fərqli olaraq istəyini reallaşdırdı. Bir də xəbər aldıq ki, ölkəni tərk edib. Belçikaya pənah aparıb. Halbuki getməmişdən bir gün öncə yenə bir məclisdəydik, dedik, güldük, əyləndik, sağollaşanda belə bizə heç nə demədi. İki gün xəbər ala bilmədik. Itkin düşdüyünü zənn edib, polisə məlumat verdik. Az sonra dostumuzun sorağı qərib eldən gəldi.
Qollarını boyunlarına atmış iki xanımla çəkdirdiyi şəkli bizə göndərmişdi. “Polisə etdiyiniz müraciəti geri götürün, mən yaxşıyam. Nə vaxt buralara gəlsəniz görüşərik. Amma indi danışmayaq. Hüquqları olmayan, hər addımbaşı ayaqlanan bir ölkənin vətəndaşlarıyla ünsiyyətə girmək istəmirəm” – bunu da şəklin altında qeyd kimi yazaraq poçtla hamımıza ayrı-ayrılıqda yollamışdı.
15 gün içərisində dəyişən S.-lə bir daha nə danışdıq, nə də görüşə bildik. Xudpəsənd, özünəvurğun olsa da, bu qədərini gözləmirdik. Görünür qürbət bizim adamları tez dəyişdirir. S. bu gedənlər içərisində nə birincidri, nə sonuncu. Uzaqlara gedənlər bizi bəyənmir, yuxarıdan aşağı baxır, hətta irəli gedərək söyür, yamanlayırlar. Bəlkə də biz yaxşı tanımamışıq onları.
B.-nin həyatı
B. Universiteti əla qiymətlərlə bitirmişdi. Yaxşı nitq qabiliyyəti vardı, bəlağətli səsiylə şeirlər deyirdi. Yarızarafat, yarıciddi ona tamada deyirdik. Özünə də xoş gəlirdi. Arzuları bitib-tükənməz idi. Hər dəfə görüşəndə 3-5 arzusunu dinləyərdik, qurtarmırdı ki, qurtarmırdı. “Dünyadaki bütün dənizlər quruyar, amma mənim arzularım bitməz” – deyərdi. Ailə-uşaq sahibi olmaq, ölkənin hər yerində evlərə, bahalı avtomobillərə yiyələnmək istəyirdi. Dünyanı gəzmək, bütün məşhurlarla görüşmək, ən bahalı otellərdə ən bahalı içkiləri içmək də arzuları sırasındaydı. Hər doğum günündə Rihannayla Şakiranı sağ-solunda oturtmaq, bir futbol klubu təsis edərək Messiylə Ronaldonu bir komandada oynatmaq da xəyallarına daxil idi. Bitib-tükənməz arzuları göydəki ulduzlardan çox idi.
Sən saydığını say, gör fələk nə sayır. Dostluğumuzun 5-ci ilində yalnız iki arzusunu reallaşdıra bildi. Evləndi, ata oldu, bankdan kredit götürüb özünə avtomobil aldı, sonra… Sonra imkansızlıqdan həmin maşınla sürücülük etməyə başladı. Ailə qayğıları, məişət problemləri artdıqca onunla görüşümüz seyrəkləşdi. O, indi böyük imkanları olan, dünyanı gəzən, futbolu stadionlarda canlı izləyən adamları içki məclislərindən sərxoş şəkildə villalarına aparır. Bir sözlə, öz arzularını başqalarında görərək bəlkə də xiffət çəkir.
D.-nin həyatı
D.-nin də arzuları vardı. M.-dən çox, B.-dən az. Çox kiçik qismini reallaşdıra bildi. Bir az tənbəllik, bir az çox düşünmək, bir az da riskə getməmək, bir az da…
Hə, bu “bir az”lar D. kimi çoxunun həyatını məhv etdi. İndi həbsxana divarlarından bayıra boylanmaq – bu da bir arzuya çevrilib.
Bir dörd kişiydik. M., S., B., D. Tez-tez ucuz kafelərdə görüşüb dərdləşirdik. Ölkənin dünənindən, bu günündən, gələcəyindən danışırdıq. Planlar tutur, xəyallar qururduq. Birimizdə arzular çox, digərimizdə bir qədər az, o birində sıfıra yaxın. Amma heç birimiz S.-lə razılaşmırdıq, Di gəl, reallıq S.-in istəklərinə münasib oldu. Həyat S.-in üzünə güldü. Aramızda arzusu olmayan yeganə adam haqlı çıxdı. “Bura arzuların dəfn olduğu bir ölkədir, çalışın arzu tutmayın” deyən insana haqq verməmək olmur. Ən böyük istəyini həyata keçirən adam indi bəlkə də Belçikada bizim arzularımızı özü üçün reallaşdırıb. Bizim yerimizə də yaşayır. Axı bura S.-in dediyi kimi arzuların dəfn olunduğu böyük xiyaban, ümidlərin öldüyü bir məmləkət, vətəndaşları hüquqsuz yaşayan bir diyardı.
Biz dörd kişiydik. Ac olanda da, toxluqdan əziyyət çəkəndə də, beynimiz dumanlananda da “gözəl günlər görəcəyik, uşaqlar!” mahnısını zümzümə edərdik.
İndi uzaqda yaşayan S.-də, arzuları puç olan B.-də, həbsxanada məskən salan D.-də bir gün musiqinin sözlərinin gerçək olacağına, reallaşacağına inanır. Bax, o zaman M.-də çox rahat uyuyacaq.
Ramin Deko