Rafiq Tağı sağ olsaydı

Onu yenə öldürərdilər…

Source:



Bir dəfə müəlliməmizlə təxmini belə bir dialoqumuz olmuşdu.


-İngiltərədə mən tapşırıqla qiymət yazıldığının şahidi olmuşam


-Harda olur, olsun pisdir. İngiltərədə var deyə siz, Azərbaycanda tapşırıqla bir tələbənizə yazacağınız ədalətsiz qiymətə haqq qazandıracaqsınız?

İngiltərədə magistratura təhsil almış gənc müəlliməmə izah edə bilmədim. Çünki, o səmimi deyildi, yalan deyirdi. Öz yalanına gözünü də şahid göstərirdi. Təsdiqlənməsi çətin olan yalanları bizimkilər çox yaxşı bacarır axı. O öz səhvlərinə haqq qazandırmaq üçün hər cür yalan danışa bilərdi. Xaricdə, hələ İngiltərədə təhsil almış birinin ətrafındakılara təsir gücü də çoxdur. Mənə dedi, mən inanmadım, müzakirə yarandı. Başqalarında isə, o deyir, inanırlar və beynəlxalq yalan yaranır.

Bizlər üçün dəyərlər deyil, nümunələr vacibdir. Məsələn, qadına qarşı şiddəti dəyər olaraq yox, nümunə olaraq öyrənməyə çalışırıq. Amerikada, Avropada belə bir neçə nümunə bəs edir ki, qadına qarşı şiddətə haqq qazandıraq. Mentalitet adı altında min hoqqadan çıxan insanlar üçün dəyərlər deyə bir möhvum qalmayıb. Amerikada bir polis bir vətəndaşı öldürübsə, cavab olaraq jurnalist Rasim Əliyevi döyərək öldürdülər. Buna da Ferguson olayını misal çəkərək cavab verdilər.

Bu insanlar başa düşmək istəmirlər ki, Avropa dəyərləri dedikdə nə nəzərdə tutulur. O dəyərlərə sadiq qalmaq üçün çalışan Avropalı siyasi liderlərlə, o dəyərlərə sadiq qalmış avropalı arasında fərqi də anlamaq gərəkdir.

Ziyafət Əsgərovun çox rahatlıqla Avropada İlham Əliyev kimi bir liderin olmamasından narahatlığını dilə gətirməsi, bütün bunların yuxarıdan aşağıya sirayət etmiş bir düşüncə tərzi olmasının müzakirəyə ehtiyac olmadığını sübut edir.

Parisdəki terror aktına görə sosial şəbəkələrdə kampaniyalar keçirildi. Hadisə pisləndi, qınandı, qınayanlar qınandı və s. Bunlardan ən pis ikisi isə Türkiyə və Azərbaycanda yaşandı. Hər iki ölkədə keçirilən futbol oyununda oyunçular ölənlər üçün anım duruşu edərkən, azarkeşlər fitə basdılar.

Terror aktını pisləyənlər vətənə xəyanətdə ittiham edildi. Heç bir arqumenti olmayan fikirlər səsləndirildi. “Dünyada bu qədər hadisə olur, susursunuz, Fransada oldu deyə, səsinizi atmısınız başınıza” deyildi. Olsun, bu da lazım idi.

Rafiq Tağı sağ olsaydı həmin müzakirələr zamanı “Avropa və biz” tipli bir məqalə yazardı, yoxsa yox? Məncə yazardı. Yazardı və öldürülərdi. Buna qəti şübhəm yoxdur. 2011-ci ildə bu qədər dini radikalizm yox idi. İndi onun həmişə qarşı çıxdığı qruplar ölkədə at oynadır, təhdidlər səsləndirir. Rafiq Tağı susmazdı, yazardı və bu dəfə 5 ildən sonra yox, elə bu il öldürülərdi, 2015-də.

Rafiq Tağı ilə eyni dəyərləri bölüşdüyünü deyən yazarların bir çoxu indi susur, susmayanların bir çoxu sussa ondan yaxşıdır. Öldürülməkdən qorxduqları üçün susurlar.

Azərbaycanda demokratiyanın yaranması üçün mübarizə aparan, həbs olunan, işsiz qalan və s fədakarlıqlar vermiş insanların da o dəyərlərinin fərqinə varmadığının şahidi olduq. Ən yaxın dostlarımızdan heç gözləmədiyimiz fikirlər eşitdik, terrora haqq qazandırdılar. Təsəvvür edirsiniz, bu nə deməkdir? Necə qorxulu bir şeydir? Ölkədə demokratiya üçün mübarizə aparan biri terrora haqq qazandırır.

Əlbəttə, bir gün ölkədə siyasi dəyişiklik baş verəcək. Bu gedişlə də çox uzaqda olmadığı görünür. Demokratiyanın nə olduğunu anlamayanların dini radikallarla birgə hökümətdə olması çox ağır nəticələr verə bilər. Şərqin despotik rejimlərindən heç də fərqlənməyən bir dövlətin vətəndaşı olmaq istəmirəm. Siyasi dəyişiklik, mədəni inkişafdan çətin proses deyil. Mədəni inkişafın olması üçün normal siyasi dəyişiklik olmalıdır.

Normal cəmiyyətin yaranması irrasional arqumentlərə söykənməməlidir. Tətbiq olunduqları ölkələrdə pis nətiəcələr vermiş dini hökmlər, dövlətin ali qanunları arasında yer almamalı, hamısı yenidən şərh edilməlidir. Buna görə də, avtoritarizmdən canını qurtarmalı olan bir xalq dini radikal liderlə ancaq digər bir formada despotizmə keçid edə bilər, başqa da şans yoxdur.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəRafiq Tağı sağ olsaydı