“Quş ətinin qiyməti 10 manata qədər qalxarsa, broyler şirkətləri qazanc götürə bilər”

Broyler, Polawat Klinkulabhirun/shutterstock

Vahid Məhərrəmli: “Quşçuluq məhsullarında qiymət artımı hələ qarşıdadır”

Yanvardan etibarən un, çörək, mal və qoyun əti ilə yanaşı quş əti də bahalaşıb. Mağazalarda 1 kiloqram sümüklü broyler toyuq ətinin qiyməti 4.50-5 manata, 1 kiloqram toyuq filesinin (döş əti) qiyməti isə 7 manata yüksəlib.

Broyler şirkətlərindən birinin adının mətbuatda açıqlanmasını istəməyən rəhbəri Meydan TV-yə bildirib ki, bahalaşmaya əsasən idxal edilən yem və yanacağın qiymətinin artması təsir edib. İndiki qiymətlər də broyler şirkətləri üçün sərfəli deyil:

“Quş yeminin ƏDV-dən azad olunması təklifləri həllini tapmadı. Yanacağın, xaricdən gətirilən dərmanların, üstəlik işçilərin əməkhaqqının artırılması nəticəsində xərclər iki dəfədən çox artıb. Vəziyyəti elə həddə çatdırıblar ki, quş ətinin qiyməti 10 manata qədər qalxarsa, broyler şirkətləri qazanc götürə bilər”.

Şirkət rəhbəri deyib ki, pandemiya dövründə restoranlar, kafelər bağlanıb, toy keçirilməsinə icazə verilməyib. Bölgədə turizm zəifləyib, nəticədə istehsal azalıb, ziyana düşüblər. Bununla bağlı İqtisadiyyat Nazirliyinə də müraciət edilib:

“Broyler şirkətləri üçün il-ildən çətin gəlir”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə hesab edir ki, quş ətinin bahalaşması davam edəcək. Yəni yaxın günlərdə növbəti bahalaşma istisna edilmir. Çünki Azərbaycana quş yemi komponentləri ancaq xaricdən idxal edilir.

“Məsələn, Rusiyada mal və məhsulun istehsal xərci artmayıb. Qərb və Asiya ölkələrində xərclər artıb, çünki həmin ölkələrdə neft məhsullarının qiyməti nisbətən yüksəlib. Digər tərəfdən, Qərb və Asiya ölkələrində gübrə kəskin bahalaşıb, hər ton üçün 100 dollar bahalaşma var. İstehsal xərcləri artdığı üçün bu ölkələr taxılı bahalaşdırıblar. Rusiyada benzin və dizel bahalaşmadı, qiymətləri əvvəlki kimi saxladılar”,- Məhərrəmli söyləyib.

Ekspertin sözlərinə görə, Azərbaycan dizel yanacağının qiymətini artırmamalıydı. Ölkədəki vəziyyəti nəzərə almalıydılar:

“Əvvəlcədən bahalaşmanın nə verəcəyini, yaxud bahalaşdırmadıqda nə əldə olunacağını araşdırmaq lazım idi. Azərbaycan pandemiyadan sonra dizel yanacağını kəskin bahalaşdıran ölkə oldu. Təsəvvür edin, Azərbaycanda kəndli dizel yanacağının 1 litrini 80 qəpiyə, İranda 2 qəpiyə alırlar. Çünki İranda araşdırma aparırlar. Azərbaycanda da Kənd Təsərrüfatı Nazirliyinin tərkibində araşdırma institutları var. Onlar araşdırma apararaq hökumətə təkliflər verməliydilər ki, hansı məhsulun qiymətinin artımı maya dəyərinə nə qədər təsir edəcək”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov, Foto: Meydan TV

V.Məhərrəmli deyib ki, quşçuluqla məşğul olanların istehsal xərci artıb, çünki ölkəyə gətirilən quş yemi bahalaşıb. Digər tərəfdən, ölkə daxilində məhsulun, xidmətin bahalaşması istehsala təsir edib: 

“Yəni daşınma, soyuducu anbarların saxlanılması xərcləri yüksəlib. İşçilərin əməkhaqqı da artırılmalıdır. Bu, zəncirvari prosesdir. Onsuz da uzun illərdir quşçuluq sahəsində problemlər var. Maya dəyərinə təsir edən əsas amil – yem, dərman, avadanlıqlar xaricdən gətirilir. Quşçuluq məhsullarında qiymət artımı hələ qarşıdadır. Çünki bu sahəni idarə edənlər qeyri-peşəkardılar”.

Quş ətinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

Ana səhifəİqtisadiyyat“Quş ətinin qiyməti 10 manata qədər qalxarsa, broyler şirkətləri qazanc götürə bilər”