Quru sərhədlər açılır?

Gürcüstan-Azərbaycan sərhədi. Foto: Ana Flasker/shutterstock

Sərhədlərin bağlı qalması səbəbi: Pandemiya, təhlükəsizlik, yoxsa müharibə şəraiti…

Son zamanlar sosial şəbəkələrdə, mediada tez-tez mayın 1-də Azərbaycanın quru sərhədlərini aça biləcəyi ilə bağlı məlumatlar paylaşılır.

Buna səbəb sonuncu dəfə karantin rejiminin mayın 1-dək uzadılmasıdır.

Ötən ay ölkədə karantin rejimindən qalan sonuncu bəzi qadağalar da ləğv edilib. Məsələn, artıq Azərbaycana gələn xaricilərdən peyvənd sertifikatı tələb edilmir, böyük alış-veriş mərkəzlərində COVID pasportu istənilmir və s.

Bu da mayın 1-də quru sərhədlərin açılacağı gözləntisi yaradıb.

Azərbaycanda 2020-ci ilin martından bu yana koronavirus pandemiyası əsas gətirilərək Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə quru sərhədlərdən gediş-gəliş bağlanıb.

Nazirlər Kabineti
Foto: Meydan TV

“Artıq karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər aradan qalxıb”

Deputat Vüqar Bayramov deyir ki, quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əlaqədar idi.

Bununla belə, artıq karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər aradan qalxıb.

Odur ki, Operativ Qərargah tərəfindən, xüsusən qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq gələn aydan quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul edilməsi məqsədəuyğun olar:

Əksər region ölkələrində, o cümlədən, qardaş Türkiyə və qonşu Gürcüstanda epidemioloji vəziyyət nəzarət ediləcək həddədir. Artıq Türkiyə ilə quru sərhədlər açılıb, amma yalnız Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız gedə bilər”.

“Gürcüstan və Türkiyə ilə sərhədlərin mərhələli, tam açılmasıyla bağlı qərar verilsin”

Deputat təklif edir ki, Gürcüstan və Türkiyə ilə mərhələli şəkildə quru sərhədlərin tam açılması ilə bağlı qərar verilsin:

“Təbii ki, daha sonra digər qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər. Lakin Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığının olduğunu, yoluxma sayını nəzərə alsaq, hər iki ölkə ilə mərhələli şəkildə daha qısa zamanda quru sərhədlərin açılması məqsədəuyğun olardı”.

Vüqar Bayramov
Foto: Meydan TV

“Quru sərhədlərin açıq olması iqtisadi baxımdan da məqsədəuyğundur”

Vüqar Bayramovun fikrincə, quru sərhədlərin açıq olması iqtisadi baxımdan da məqsədəuyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir:

“Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu, eyni zamanda, Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını daha da aktuallaşdırıb”.

“Karantin rejiminin uzadılması elanı verilməyib”

Səyahət blogeri Azər İsmayıl isə deyir ki, adətən xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı elan həmin vaxta bir-iki ay qalmış verilirdi.

Artıq qoyulan müddətə iki həftə qalıb və uzadılıb-uzadılmaması ilə bağlı məlumat yoxdur:

Bu da onu deməyə əsas verir ki, quru sərhədlər açıla bilər. Yaxud xüsusi karantin rejimi aradan qaldırıla bilər. Belə də ola bilər ki, xüsusi karantin rejimi uzadılmasın, amma quru sərhədlər açılmasın. Onu da deyim ki, bu gün Azərbaycandan başqa dünyanın heç bir ölkəsində quru sərhədlər bağlı deyil. Eyni zamanda, dünyanın heç bir yerində demək olar ki, COVID məhdudiyyətləri qalmayıb”.

“Ola bilər mayın 1-də ölkədə xüsusi karantin rejimi ləğv edilsin”

Bloger bildirir ki, bu yaxınlarda COVID-lə bağlı olan əsas qadağalardan bəziləri aradan qaldırıldı. Məsələn, xarici vətəndaşların Azərbaycana gəlməsi ilə bağlı qadağalar aradan götürüldü:

Bura peyvənd sertifikatı tələbi də daxildir. Bir də Azərbaycan yalnız 102 ölkə vətəndaşlarına ölkəyə girməyə izin verirdi. Bu məhdudiyyət də aradan qaldırılıb. Eyni zamanda, şəhərlərarası avtobus və qatarlarda COVID pasportu tələbi də götürülüb. Artıq alış-veriş mərkəzlərində də pasport tələbi yoxdur. Bütün bunlar da onu deməyə əsas verir ki, ola bilər mayın 1-də ölkədə xüsusi karantin rejimi ləğv edilsin”.

Azər İsmayıl

“Bildiyim qədəri ilə bu istiqamətdə müzakirələr aparılmır”

Deputat Kamran Bayramov isə yerli mediaya açıqlamasında bildirib ki, indidən sərhədin açılıb-açılmayacağını demək çətindir.

Onun sözlərinə görə, vaxtilə pandemiyanın qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində quru sərhədləri bağlanıb, indi isə vəziyyət dəyişib:

Yəqin ki, burada digər məsələlər də var. İndi hərə bir söz deyir. Bəziləri deyir ki, sərhədlər açılacaq. Ancaq mən bunu deyə bilmərəm. Çünki bu barədə Operativ Qərargahın rəsmi qərarı olmalıdır. Çox güman ki, məsləhətləşmələr aparılmalıdır. Buna görə də indidən quru sərhədlərinin mayın 1-də, iyulun 1-də, yaxud avqustun birində açılacağını demək uyğun olmaz. Hazırda bununla bağlı rəsmi qərar yoxdur. Bildiyim qədəri ilə bu istiqamətdə müzakirələr də aparılmır”.

Kamran Bayramov. Foto: “ikisahil.az”

“Sərhədlərin bağlı qalmasını ölkənin təhlükəsizliyi ilə bağlamaq olar”

Deputat düşünür ki, quru sərhədlərinin bağlı qalmasına təhlükəsizlik məsələləri səbəb ola bilər. Çünki pandemiya artıq bitmək üzrədir:

“Sərhədlərin hələ də bağlı qalmasını ölkənin təhlükəsizliyi ilə bağlamaq olar. Belə baxanda başqa səbəb yoxdur. İndi biz qonşu Ermənistanla, demək olar ki, müharibə şəraitindəyik. Əlaqələrin normallaşması prosesi hələ müzakirə mərhələsindədir”.

Quru sərhədlərinin açılıb-açılmayacağı ilə bağlı Nazirlər Kabineti və Dövlət Sərhəd Xidmətindən (DSX) dəqiq məlumat almaq mümkün olmayıb.

Ana səhifəİqtisadiyyatQuru sərhədlər açılır?