Qubadlının keçmiş icra başçısı Polşada saxlanılıb

Foto: Elxan Nuriyevin şəxsi arxivindən

Elxan Nuriyev “İnterpol” xətti ilə axtarışda olub

Qubadlının keçmiş icra başçısı, “İnterpol” xətti ilə axtarışda olan Elxan Nuriyevin həbs olunduğu bildirilir.

O, oktyabrın 2-də Polşada saxlanılıb.

Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Elxan Nuriyev qəsdən adam öldürməkdə ittiham olunur:

“Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10 (təkrar adam öldürmə), 29,120.2.11 (quldurluq, terrorçuluq niyyətilə adam öldürməyə cəhd), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə cinayət işi başlanıb. Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib”.

Elxan Nuriyev 1992-93-cü illərdə icra başçısı vəzifəsində çalışıb.

1993-cü ilin avqustunda vəzifədən azad ediləndən sonra Ukraynaya gedib və bu yaxınlara qədər orada yaşayıb.

O, Petro Poroşenkonun prezidentliyi dövründə Ukrayna təhsil nazirinin müşaviri, Ukrayna Rektorların Attestasiya Komissiyasının sədri kimi vəzifələrdə çalışıb.

Prokurorluq Elxan Nuriyevin Azərbaycana ekstradisiya edilməsi üçün xarici ölkələrin aidiyyəti qurumlarına sorğu göndərib.

Ana səhifəSiyasətQubadlının keçmiş icra başçısı Polşada saxlanılıb