Qubada sel müəllimləri daşıyan maşını aparıb

Foto: Videodan skrinşot

Cimi sakinləri körpüsüzlükdən əziyyət çəkir

Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb. Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər. Sakinlər deyiblər ki, “Chevrolet” markalı avtomobil Səxavət adlı müəllimə məxsusdur. Müəllimlər məktəbə çaydan keçməklə gedirlər.

“Avtomobil çaydan keçərkən sel gəlib. Maşın bir neçə metr gedəndən sonra iri daşa ilişərək dayanıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb”, – kənd sakini Elçin Quliyev deyib.

Sakinlər bildiriblər ki, kənddə körpü yoxdur, sel gələndə və ya güclü yağışlardan sonra çay daşanda təhlükəli vəziyyət yaranır. Lakin körpü yoxdur, insanlar çayı keçməklə gedib-gəlməyə məcburdular. Qonaqkənddə körpü olsa da, Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar.

Qonaqkənd kəndinin inzibati ərazisinə daxil olan Cimi Qubanın ən ucqar kəndlərindən biridir. Kənd Cimi çayının sahilində yerləşir.

Sakinlər bildiriblər ki, təkcə müəllimlər deyil, kəndin şagirdləri də çayı keçməklə məktəbə gedirlər. Təxminən bir il əvvəl də şagirdlərin yük avtomobili ilə çayı keçərək məktəbə getməsini əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Şikayətçilər deyiblər ki, körpü tikilməsi üçün dəfələrlə müraciətlər edilsə də, nəticəsi olmayıb. İllər əvvəl bir azyaşlı çayda boğularaq ölüb.

Şikayətçilər bildiriblər ki, bələdiyyənin körpü tikməyə imkanı yoxdur. Quba Rayon İcra Hakimiyyətindən məsələdən xəbərdar olduqlarını bildiriblər. Qurumdan sorğuya rəsmi cavab veriləcəyi söylənilsə də, hələlik məlumat yoxdur.

Ana səhifəXəbərlərQubada sel müəllimləri daşıyan maşını aparıb