“Televizorda böyük şriftlərlə yazılan titrləri eynəksiz oxuya bilmir”
“Qubad İbadoğlu görmə qabiliyyətini sürətlə itirir”.
Bu barədə iqtisadçı Qubad İbadoğlunun qardaşı Qalib Bayramov məlumat verib. Onun sözlərinə görə, şəkərin davamlı yüksək olması qardaşının orqanizmində kəskin fəsadlar verməyə başlayıb. Bu, ən çox da onun görmə qabiliyyətinə təsir göstərib:
“Artıq televizorda böyük şriftlərlə yazılan titrləri belə 4-5 metrdən eynəksiz oxuya bilmir. Güman edirik ki, bu, diabetik retinopatiyanın əlamətləridir. Ona görə “güman edirik” yazıram ki, qardaşımın şəkəri ilə bağlı əsaslı müayinə aparılmır və ona adekvat tibbi yardım göstərilmir. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin endokrinoloqu hər dəfə insulinin dozasını atırmaqla, işini bitmiş sayır”.
Qalib Bayramov deyir ki, qardaşına görə böyük təşviş içindədirlər. Çünki endokrinoloqlar və oftalmoloqlar yaxşı bilirlər ki, qanda şəkərin miqdarının davamlı yüksək olması gözün sinir qatında (torlu qişada) degenerativ proseslərin getməsinə şərait yaradır:
“Kapilyarları partladır, qansızmalar yaradır, damar keçiriciliyini azaldır, sarı ləkə bölgəsində maye yığılmasına və kapilyarların tıxanmasına səbəb olur. Torlu qişanın bu şəkildə sıradan çıxması geri dönüşü olmayan bir prosesdir. Gecikmə qardaşımın görmə qabiliyyətini tamamilə və həmişəlik itirməsinə səbəb ola bilər”.
Qardaşı bildirir ki, Qubad İbadoğlunun digər orqanlarında gedən proseslərdən də xəbərsizdirlər. Çünki sistemli və dərinləşdirilmiş müayinə və analizlər aparılmır:
“Bütün bunlara baxmayaraq, Ədliyyə Nazirliyinin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi sənədlərdə yenə də qardaşımın səhhəti ilə bağlı həqiqəti əks etdirməyən analiz və müayinə göstəriciləri və peşəsinə (vicdanına) xəyanət edən həkim rəyləri yer alır. Qeyd etdiklərimlə yanaşı, qardaşım səbəbi bilinməyən xroniki yorğunluqdan, halsızlıqdan və səngiməyən başağrılarından əziyyət çəkir. Narahatlığımız artıq pik səviyyəsindədir və heç kimə ümidimiz qalmayıb”.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat əldə etmək mümkün olmayıb.
İqtisadçı Qubad İbadoğlu Azərbaycanda iyulun 24-də saxlanıb. Barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib, sonradan həbs müddəti artırılıb. Ona qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.