Qubad İbadoğlu Gömrük Komitəsinə cavab verdi

”Fevralın 23-də büdcənin dürüstləşdirilməsi zamanı DGK-nın yığımlarının 13.8 faiz və ya 220 milyon manat artırılması reallığa uyğun gəlmir”

Source:
Qubad İbadoğlu


”Fevralın 23-də büdcənin dürüstləşdirilməsi zamanı DGK-nın yığımlarının 13.8 faiz və ya 220 milyon manat artırılması reallığa uyğun gəlmir”

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu 20 fevral tarixində gömrükdə

güzgü iqtisadiyyatı

barədə yazdıqlarına müvafiq komitənin mətbuat xidmətindən reaksiya olmuşdu.

Qubad İbadoğlu bununla bağlı Facebook statusunda bildirib ki, Dövlət Gömrük Komitəsi (DGK) mətbuat xidmətinin bəyanatları tez-tez gündəmə gəlir. DGK-nın mətbuat xirməti bu sıradan növbəti bəyanatlarından birini 24 ferval tarixində yayıb və ekspertlərin güzgü statistikası ilə xarici ticarət göstəricilərinin dürüstləşdirilməsinə həsr etdiyi tədqiqat yazılarına həsr edib: “İlk baxışdan nəzəri və ziddiyyətli məqamlarla zəngin olan mətbuat xidmətinin adı çəkilən bəyanatında diqqəti çəkən bəzi məqamlara münasibət bildirmək istərdim. DGK bəyanatında iddia olunur ki, Azərbaycanda müşahidə olunan hal Çin, Rusiya və digər MDB dövlətləri üçün də xarakterikdir. Onlar bu məqsədlə də bütövlükdə MDB, Rusiya, Çin kimi gömtük statistikası beynəlxalq standartlara keçid dövrünü yaşayan ölkələrin 10-15 il bundan əvvəlki dövrdə qarşılaşdırları problemlərə istinad edirlər. Bununla da Azərbaycanın hazırkı problemlərinin 10-15 il əvvəl həmin ölkələrdə qeydə alınan problemlərlə eyniləşdirməklə bizdə hələ də bu sahədə inkişaf olmadığını təsdir edirlər. Bir çox ölkələrdə, hətta Rusiyada hökümət güzgü statistikası metodologiyası ilə müntəzəm tədqiqatlar aparmaqla gömrük statisitikasına nəzarət edir və onun hər il dürüstləşdirilməsinə çalışır. Azərbaycanda isə DGK və digər dövlət orqanları özləri bu işi görmək və eləcə də bu sahənin tədqiqatçılarına minnətdar olmaq əvəzinə, təəssüf ki, ekspertlərin bu istiqamətdəki tədqiqatlarına arqumentsiz cavablar yazmaqla məşğuldurlar. Əgər DGK bundan əvvəlki bəyanatlarında ekspertləri mənbə göstərməməkdə ittiham edirdilərsə, sonuncu məlumatda digər ölkələrin köhnə dövrləri xarakterizə statistik məlumatalarını təsvir etməklə elə bil ki, özlərinə haqq qazandırırlar. DGK məlumtında qeyd olunur ki, ölkənin ixracı və idxalı onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmadığı halda onun nəticələrini hər ilin sonunda dəqiqləşdirərək müəyyən edir və müvafiq ölkələr ilə birlikdə fərqlərin yaranma səbəblərini birlikdə işçi qrupu səviyyəsində müzakirə edir və araşdırırlar. Çox yaxşı, bu o deməkdir ki, onlar da problemin olduğunu etiraf edirlər. Belə çıxır ki, özləri də bu istiqamətdə araşdırma aparırlar. Bəs, onda niyə DGK-nin bu istiqamətdə apardığı araşdırmaların nəticələrini dərc etmir, belə çıxır ki, onu ictimailəşdirməkdən çəkinir. Əminəm ki, eyni metodologiya aparılan araşdırmanın nəticələri dərc olunsa, görəcəyik ki, onların tapıntıları ekspertlərin əldə etdiyi nəticələrdən fərqlənmir. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası BMT və Avropa İttifaqının Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır. Elə biz də ona görə bu ararşdırmanı davam etdirik. Əslində, beynəlxalq standartlara uyğun olan gömrük statistikaları arasında qəbul edilən fərq 10 faizdən yuxarı olmamalıdır. Deməli, burda fərq yaradan başlıca amil statistik uçot və qeydiyyat işinin düzgün qurulmamasıdır. Əgər belə olmasaydı, idxalın aşağı düşdüyü dövrdə gömrük ödənişlərinin artımı müşahidə olunmazdı. DGK qeyd edir ki, xarici ticarətin gömrük statistikasında idxal-malın mənşə ölkəsi, ixrac- təyinat ölkəsi üzrə aparılır. Bu metodoloji izahla razılaşaraq qeyd etməliyəm ki, belə hallar avtomobillərin və digər bu tip malların idxalı üçün xatakterikdir. Lakin DGK-nın məlumatına görə, tədqiqat aparılan 2015-ci ildə Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı 2,4 dəfə azalıb. Bu azalma tendensiyası davam etməsəydi, bəlkə də bu amilin təsiri xüsusilə də Gürcüstan və Avropa Birliyi ölkələri ilə ticarətdə əhəmiyyətli olardı”.

İbadoğlu daha sonra yazır ki, DGK fərq yaradan amillərdən biri kimi idxal olunan malın statistik dəyəri CİF (malın dəyəri, sığorta və daşınma xərcləri), ixrac olunan malın statistik dəyəri FOB (bortdan azad) ticarət şərtləri əsasında müəyyən edilməsini göstərir, amma özləri də bilir ki, bu fərq bəzən bir neçə yüz milyon dollarla və ya 10 faizlərlə ifadə oluna bilməz: “Elə bu və ya digər səbəbdən də yuxarıda qeyd etdiyim kimi ayrı-ayrı ölkələrin gömrük statistikaları arasında qəbul edilən fərq 10 faizdən yuxarı deyil. Əgər yuxarıdırsa deməli başqa səbəblər vardır. Bizim əvvəllər 15 əsas ticarət tərəfdaşımız olan ölkələrlə idxal əməaliyyatları üzrə güzgü metodologiyası əsasında apardığımız tədqiqatlara istinadən xatırlada bilərik ki, iki ölkənin göstəriciləri arasında fərq 2008-ci ildə 2,55 milyard dollar və ya 46,6 faiz, 2009-cu ildə 1,75 milyard dollar və ya 36,3 faiz, 2010-cu ildə 3,75 milyard dollar və ya 74,5 faiz, 2011-ci ildə 3,71 milyard dollar və ya 51,8 faiz, 2012-ci ildə 4,82 milyard dollar və ya 64,9 faiz, 2013-cü ildə 5, 02 milyard və ya 62,3 faiz, 2014-cü ildə isə 4,94 milyard dollar və ya 69,5 faiz olub. Təhlil olunan 2008-2014-cü illər ərzində kənarlaşma məbləği 10,6 milyard dollar, kənarlaşma faizi isə orta hesabla 58 faiz təşkil edib. Göründüyü kimi, illər üzrə göstəricilərin hər birində və ümumilikdə yaranmış fərq 10 faizlik qəbul edilə bilən həddən 5-6 dəfə yüksəkdir. Məlumat üçün qeyd edim ki, 2015-ci ildə məlumatlarına çıxış olan yalnız 3 ölkənin (Gürcüstan, Rusiya və Türkiyə) göstəriciləri əsasında fərq 1,6 milyard dollar təşkil edib. Digər ölkələrin məlumatlarına çıxış imkanı yaranan kimi yenidən 15 ölkə üzrə 2015-ci ilin göstəriciləri əsasında yaranmış fərqlə bağlı açıqlamalar olacaq. DGK-nın digər arqumenti məxfi sayılan hərbi və digər konfidensial təyinatlı malların idxalı və ixracına dair məlumatların statistikasının ümumi statistikada nəzərə alınmır. Amma, bildiyimiz kimi 2015-ci il statistikasına Rusiya, Gürcüstan və Türkiyədən bu məqsədli malların idxalda payı çox cüzi olub.  DGK-nın daha bir arqumenti kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə idxalı zamanı yaranan fərqlər. Azərbaycanda kommersiya məqsədləri üçün nəzədə tutulmayan malların fiziki şəxslər tərəfindən idxal dövriyyəsi çox cüzidir, çünki bizdə fiziki şəxsə ölkəyə qeydiyyatsız gətirdiyi mallar üçün yol verilən hədd çox aşağıdır. İdxal və ixracın gömrük rəsmiləşdirilmə vaxtının fərqli olmasının nəticələrə təsiri İran istisna olmaqla çox zəifdir, çünki bu yalnız dekabr ayının sonunu və yanvarın əvvəlini xarakterizə edən bir neçə gün ərzində qeydiyyata təsir göstərə bilər. Tərəfdaş ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı malların gömrük dəyərinin hesablanmasında bir-birindən fərqlənən üsulların və müxtəlif metodologiyaların tətbiqi sahəsində isə deyilənlərlə razılaşmaq olar. Çünki, başqa ölkələrdə gömrük dəyəri əsasən invoys qiymətləri əsasında Azərbaycanda isə DGK-nın özünün öz xidməti istifadəsi üçün təsdiq etdiyi qiymət siyahısı ilə həyata keçirilir. Bir çox hallarda illərlə yenilənməyən, mənşə ölkənin bazar konyukturasındakı dəyişiklikləri çevik şəkildə nəzərə almayan bu qiymət cədvəli idxalatçılardan əlavə gömrük rüsumları və əlavə dəyər vergisi almağa xidmət edir. Əslində, həmin sənəd ya Nazirlər Kabineti, ya da İqtisadiyyat Nazirliyi tərəfindən qəbul olunmalı və mütəmadi yeniləşdirilməlidir. DGK-nin başqa bir arqumenti malın statistik dəyərlərinin müxtəlif valyuta məzənnələri ilə hesablanmasıdır. Bizim idxalatımızın valyuta tərkibi demək olar ki, bircinclidir, çünki, əməliyyatlar əsasən sərbəst dönərli valyutalarla (SDV) aparılır. Belə ki, DGK-nın məlumatına görə. 2015-ci ildə SDV ilə hesablaşmaların ixracda payı 94.31 faiz, idxalda payı isə 81.29 faiz təşkil edib. Odur ki, bu amylin təsiri ilə də ciddi fərq yarana bilməz”.

O, hesab edir ki DGK-nın qeyd olunan malların gömrük rejimlərinin fərqli göstərilməsinə istinad da zəif səslənir. Çünki müvəqqəti idxal rejimində rəsmiləşdirilmiş mallar Azərbaycan Respublikasının xarici ticarətinin balansında cüzi paya malikdir: “Bununla yanaşı Azərbaycanda idxal göstəricilərinin dürüstləşdirilməsi xüsusilə də böhran dövründə çox əhəmiyyətlidir. Çünki bu dövlət büdcəsində gömrük ödənişlərinin ciddi artımına və büdcə kəsirinin azalmasına xidmət edə bilər. Odur ki, fevralın 23-də büdcənin dürüstləşdirilməsi zamanı DGK-nın yığımlarının 13.8 faiz və ya 220 milyon manat artırılması reallığa uyğun gəlmir. Azərbaycanda idxal göstəricilərinin dürüstləşdirilməsi ilə bağlı tədqiqatlar göstərir ki, bu mənbədən ödənişləri ən azı 30 faiz artırmaq mümkündür”.

Ana səhifəXəbərlərQubad İbadoğlu Gömrük Komitəsinə cavab verdi