Qubad İbadoğlu: ”Əliyev tarixi etirafını etdi”

“İqtidarın Azərbaycan xalqını hansı dərin quyuya saldığını zaman göstərəcək”

Source:
Qubad İbadoğlu
Qubad İbadoğlu
Qubad İbadoğlu
Qubad İbadoğlu


“İqtidarın Azərbaycan xalqını hansı dərin quyuya saldığını zaman göstərəcək”

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda keçirilən Dəyirmi masada prezident İlham Əliyevin “Biz indi yaşadığımız vəziyyəti neft hasilatının azalmağa başladığı bir dövrdə – ola bilsin, 15-20 il bundan sonra proqnozlaşdırmağa çalışırdıq. Biz bu dövrə hazır deyildik” açıqlamasını iqtisadçı Qubad İbadoğlu tarixi etiraf adlandırıb.

Demokratiya və Rifah Hərəkatının sədri hesab edir ki, Əliyevin etirafi dövlət orqanlarının makroiqtisadi proqnozlaşdırma və planlaşdırma işi ilə məşğul olan strukturlarının hansı vəziyyətdə olduğuna verilən ən obyektiv qiymətdir: “Buradan çıxan ilk nəticə odur ki, ölkənin gələcək inkişaf perspektivlərinə baxış bir ssenarili və yanlış olub. Səhvin zaman miqyası də nə az, nə də çox düz 20 ildir. Səhvin doğuracağı fəlakətlərin miqyasının isə nə qədər böyük olacağını bir Allah bilir. Belə yerdə deyiblər ki, Allah kərimdir, quyusu da dərindir! Bu iqtidarın iqtisadçı başbilənlərinin Azərbaycan xalqını hansı dərin quyuya saldıqlarını zaman göstərəcək. Allah qorusun! Lap tutaq ki, biz ekspertlərin imkanları çatan səviyyələrdə səsləndirdikləri həyəcan dolu xəbərdarlıqları eşitmirdiniz, bəs, özünüz niyə işləmirdiniz? Müasir informasiya texnologiyaları eyni parametrli iqtisadi modeli bir neçə ssenaridə proqnozlaşdırmağa imkan verir. Bunun üçün yüksək iqtisadi biliklər də tələb olunmur. Belə çıxır ki, hökümətin işi gələn pulları saymaq və xərcləməkdən ibarət olub. Axı, gəlirlərin proqnozu səhv olubsa, deməli, gələcək xərclər də düzgün planlaşdırılmayıb”.

Qubad İbadoğlu sual edir: “Görəsən, İqtisadiyyat Nazirliyinin “Strateji proqnozlaşdırma və planlaşdırma”, Maliyyə Nazirliyinin “Makroiqtisadi proqnozlaşdırma və iqtisadi təhlil” şöbələri , Dövlət Neft Fondunun “Büdcə proqnozlaşdırma və layihələr” departamenti, Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidenti hansı işlə məşğul olub, gələcək strategiyalarını nəyin əsasında qurublar.  Yaxşı ki, prezident səmimi etirafını etdi. Heç olmazsa, bundan sonra nəticə çıxarın, bir neçə ssenarili proqnozlar hazırlayın. Axı, sizin proqnozlaşdırdığınız o gələcək əlahiddə bir gələcək deyil, onun içərisində bütün Azərbaycan xalqının taleyi var! Yoxsa, siz özünüzü o gələcəyin və o xalqın içərisində görmürsünüz?!”

Ana səhifəXəbərlərQubad İbadoğlu: ”Əliyev tarixi etirafını etdi”