“Ölkədə gənclərin sosial-iqtisadi çətinliklərinin çoxalması onların nikah yaşına da təsir göstərəcək”
“Azərbaycan əhalisi azala bilər. Çünki əhalinin təkrar istehsalı aşağı düşür”.
Bu iddianı iqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində qeyd edib.
Dövlət Statistika Komitəsinin (DSK) hesabatını təhlil edən iqtisadçı deyir ki, 2013-14-cü illərlə müqayisədə nikahların orta aylıq sayı 43,1 faiz azalıb, boşanmalar isə 4,6 faiz artıb.
DSK-nın məlumatına görə, bu ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 25,0 min nikah və 5,2 min boşanma halları qeydə alınıb. Deməli, bu il orta hesabla ayda 5000 nikah və 1040 boşanma müqaviləsi qeydə alınıb.
Qubad İbadoğlunun fikrincə, Ramazan və Məhərrəmlik aylarının may ayından sonrakı dövrə təsadüf etdiyini nəzərə alanda il ərzində nikahların orta aylıq sayında daha çox azalma ehtimal oluna bilər: “Müqayisə üçün qeyd edək ki, 2013-2014-cü illərdə nikahların orta aylıq sayı 7156, yaxud da bu ilin son 5 ayın göstəricisindən ayda 2156 nikah və ya 43,1 faiz çox, müvafiq dövrdə boşanmaları sayı 992, yaxud ayda 48 boşanma və 4,6 faiz az olub. Nikahların sayındakı kəskin azalmanı xüsusilə də gənclərin mənzil və iş problemlərinin atması ilə əlaqələndirmək olar. Ölkədə gənclərin sosial-iqtisadi çətinliklərinin çoxalması onların nikah yaşına da təsir göstərəcək. Bununla yanaşı çox güman ki, boşanmaların sayındakı artım ailənin xərclərinin çoxalması, gəlirlərinin azalması və dəyərsizləşməsi səbəbindən dolanışığın pisləşməsi ilə əladədardır”.
İqtisadçı düşünür ki, bu faktlar ölkə üzrə əhalinin təkrar istehsalının aşağı düşməsinə gətirib çıxaracaq, əhalinin sayının artım tempinə mənfi təsir göstərərək: “Bu tendensiya uzun müddətli dövrdə belə davam edərsə, Azərbaycan əhalisinin sayı növbəti on illiklərdə azala da bilər”.