Qubad İbadoğlu: ”Azərbaycanda bu gün postneft sindromudur”

“Neft bumu dövründə düzgün siyasət olsaydı, vəziyyət indikindən qat-qat yaxşı olardı”

Source:


“Neft bumu dövründə düzgün siyasət olsaydı, vəziyyət indikindən qat-qat yaxşı olardı”

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu hesab edir ki, ölkədə manatla bağlı son iqtisadi təlatümlər vaxtilə gündəmdə çox işlənən “holland sindromu” barədə düşünməyə əsas vermir. Azərbaycanda bu gün postneft sindromudur ki, artıq ikinci ilinə qədəm qoyub.

İqtisadçı Meydan TV-yə mövcud iqtisadi vəziyyətlə bağlı danışarkən bildirib ki, artıq “holland sindromu”ndan danışmağa ehtiyac yoxdur: “”Holland sindromu”nun 4 effekti var. Birinci, resursların yerdəyişməsidir, əmək və kapital resurslarının qeyri-neft sektoruna yönəlirdi. İndi o proses yoxdur, səbəb də neft hasilatının bu il xeyli aşağı düşməsidir. İkinci, xərc effekti, ticari və qeyri-ticari sektor. Ticari sektor odur ki, istehsal etdiyimiz malı xaricdə sata bilirik. Qeyri-ticari sektor tikintiylə bağlıdır, yəni evi xaricdə sata bilmərik. “Holland sindromu”nun təsiri altında qeyri-ticari sektorda qiymətlər ticari sektorla müqayisədə qiymətlərdən üstün olurdu. Bax, o dövrdə Azərbaycanda evlərin və torpağın qiymətinin bahalaşmasına nəzər yetirsək, “holland sindromu”nun təsirini görəcəyik. Digər effektlərdən biri məzənnənin möhkəmlənməsi idi ki, dəfələrlə buna qarşı olduğumuzu və devalvasiya qərarının vacibliyini deyirdik”.

Qubad İbadoğlunun sözlərinə görə, o və həmkarları Azərbaycanın postneft sindromuyla üzləşəcəyini əvvəlcədən görürdülər və bu barədə hökumətə xəbərdarlıq edirdilər: “Hətta 2-3 il əvvəl akademik Rafiq Əliyevin rəhbərliyi ilə qrup da formalaşdırmışdıq. Məqsəd 2014-cü ildən başlayaraq Azərbaycan iqtisadiyyatının postneft modelinin qurulması idi. Təəssüf ki, hökumətdən dəstək olmadı. Dəstək ona görə vermədilər ki, hamı neftin bahalaşacağını gözləyirdi. Halbuki, neftin bahalaşması üçün əsaslar yox idi və bu gün neftin qiymətinin 30 dollara düşməsi ehtimalı var. Və bunun ən böyük təsiri milli valyutaya olacaq. Yaxın bir neçə ayda 1 dolların 3 manata satılması üçün əsaslar var və gediş o istiqamətədir. Söhbət üçüncü devalvasiyadan da getmir, üçüncü və dördüncü devalvasiya olmayacaq. Birinci və ikinci devalvasiya arasında 10 ay zaman oldu, bundan sonra heç bir devalvasiya olmaya bilər, amma manat 100 faiz dəyərdən düşər”.

Demokratiya və Rifah Hərəkatının sədrinin fikrincə, manatın taleyi iqtisadiyyatın durumundan asılıdır: “Bu gün Azərbaycan və Rusiya iqtisadiyyatını müqayisə edəndə, ciddi fərqlər ortaya çıxır. Rusiyada rubl əsas hesablaşma valyutası kimi qalıb, amma Azərbaycanda manatı olan dollara çevirir. Manatın etibar qazanması üçün zamanında vacib işlər görülməliydi. İkinci böyük fərq odur ki, Rusiya mağazalarında satılan malların 90 faizi yerli istehsalatdır. Azərbaycanda isə adını “Azərçay” qoysalar da, qablaşdırmasını da, komponentlərini də xaricdən gətirirlər. Bunları götürdükdə, Azərbaycan iqtisadiyyatının böhrana davamlılıq və müqavimətinin Rusiya iqtisadiyyatından aşağı olduğu aşkarlanır”.

O hesab edir ki, Azərbaycanın indiki çətinlikləri neft dövrünün yanlış və naşı siyasətindən doğur: “Neft bumu dövründə düzgün siyasət olsaydı, vəziyyət indikindən qat-qat yaxşı olardı. Düzgün siyasət odur ki, dəfələrlə manatın bu səviyyədə möhkəmləndirilməsinə ehtiyacın olmaması barədə açıqlama verirdik. Neftin qiyməti kifayət qədər yüksək olan 2014-cü ilin fevralında Qazaxıstan devalvasiyaya getdi, amma biz gözlədik. Ondan bir il sonra Azərbaycan 34 faizlik devalvasiya qərarı verdi. İkinci səhv addım neft gəlirlərinin çox sürətlə xərclənməsi idi. Təsəvvür edin ki, regionların sosial-iqtisadi inkişaf proqramına 50 milyarddan çox vəsait xərclənib. Ancaq Bakının Hökməli kəndinə adi maşınla getmək mümkünsüzdür. Budurmu inkişaf? Problem ondadır ki, infrastruktura yatırılan vəsaitlər korrupsiya yeminə çevrildiyindən effekt və keyfiyyət də olmadı. Nəhayət, vaxtında idxalı əvəz edən iqtisadiyyat qurulmalıydı, amma inhisarçılar imkan vermədi. Halbuki, Rusiyada bu işləri görənlər həm də azərbaycanlılardır. Onları vətənlərində sıxışdırdıqlarından üz tutdular şimal ölkəyə. Biz çox sadə şeyləri valyuta ilə xaricdən alırıq, bu isə ölkə iqtisadiyyatının böhrana davamlılıq gücünü azaldır. Bununla da xaricdə hansısa makroiqtisadi şok olanda, dərhal bizə təsir edəcək”.

Ana səhifəXəbərlərQubad İbadoğlu: ”Azərbaycanda bu gün postneft sindromudur”