Ailənin yaşadığı ev çox köhnədir

Mənbə: Meydan TV

Başlıq: Ailənin yaşadığı ev çox köhnədir

Quba sakini: Evdə bir çimdik un yoxdu ki, nəsə bişirib uşaqlara verim

Məqalə yeniləndi:  30 Avqust 2020

“Sosial şəbəkələrdə neçə dəfə yardım istəmişəm”

Qubanın kiçik kəndlərindən olan Qamqamda lap uzaqdan gözə nimdaş bir ev dəyir. Nemətullayevlər ailəsi burada əziyyətlə yaşayır.

“Xəstəxanada Hepatit C-yə yoluxdurdular”

İki uşaq anası Turac Nemətullayeva ikinci övladı doğulandan sonra Hepatit C-yə yoluxub. 36 yaşlı qadın buna görə Quba Rayon Mərkəzi Xəstəxanasının tibbi heyətini günahlandırır.

“Dörd il əvvəl yoluxmuşam. Uşaq yaşyarım olanda xəbər tutdum. Doğuşdan sonra təxminən bir həftə qaldım. Hamiləlik vaxtı xəstəxanada analizlər vermişdim, heç bir problem çıxmamışdı. Çıxandan sonra heç vaxt iynə vurdurmamışam, diş çəkdirməmişəm, başqasından mənə virus keçirə biləcək heç nə eləməmişəm. Nə olubsa, xəstəxanada baş verib”.

Xəstəlikdən əziyyət çəkən qadın deyir ki, bundan xəbər tutan kimi xəstəxananın baş həkimi ilə görüşüb, ona sənədlərlə haqlı olduğunu sübut edib: “Kağızlara baxanda əmin oldu ki, məndə əvvəllər Hepatit C olmayıb. Qorxurdu ki, polisə verərik. Mənə bircə xəstəxanada pulsuz analizlər qaldı. Başqa heç nə...”

“Evin hər yerinə qab-qacaq düzürük ki, yağış içinə tökülsün”

Ailənin yaşadığı ev çox köhnədir. Düz-əməlli döşəmə, tavan yoxdur, pəncərələr şüşəsiz qalıb. Bir neçə yerdə şüşəni müşəmbənin əvəz etdiyi nəzərə çarpır:

“Yağış yağanda evin içi su olur. Evin neçə yerində deşik var. Uşaqlar tez-tez xəstələnir. Nəmişlik olur. Yayda evə kərtənkələ daraşır. Evin hər yerinə qab-qacaq düzürük ki, yağış içinə tökülsün. Qışda buralarda dəhşət soyuq olur. Dizə qədər qar yağır. Belə evlə qışın qarşısına çıxmaq olmur”.

"Qışda buralarda dəhşət soyuq olur"

"Qışda buralarda dəhşət soyuq olur"

Mənbə: Meydan TV

Evdə çox əşya yoxdur. Turac xanım danışır ki, həyat yoldaşı Mətləb Nemətullayev uşaq evində böyüyüb, kimsəsiz olub. Buna görə də həmişə çətinlik içində yaşayıb:

“Onu yaşlı adamlar götürüb saxlayıb. Mən 2013-cü ildə gəlin gələndə atası sağ idi. O vaxt qohumları deyirdi ki, Mətləblə evlənəndən sonra sizə dayaq olacağıq. Amma sonradan evimizdə nə dəyərli əşya vardısa, daşıyıb apardılar”.

Qadın təəssüflə deyir ki, həyat yoldaşı da xəstədir, böyrəyində daş var...

“Böyrəyində daş əmələ gəldi, işdən çıxardılar”

Turac Nemətullayevanın sözlərinə görə, ərini məhz böyrəyində daş əmələ gələndən sonra işlədiyi qaz idarəsindən kənarlaşdırıblar. Mətləb Nemətullayev şiddətli ağrılara görə bəzən işə gedə bilmirmiş. Günlərin birində tamamilə işsiz qalıb: “Dəhşət sancıları olurdu. İşdən çıxardılar. Onda hələ karantin elan olunmamışdı. Qoy yadıma salım... Keçən ilin payızında. Deyirdilər ki, əməliyyat lazımdı. Türkəçarə elədik nə qədər. Ot dəmləyib verirdim ona”.

"Belə evlə qışın qarşısına çıxmaq olmur”

"Belə evlə qışın qarşısına çıxmaq olmur”

Mənbə: Meydan TV

Bir neçə gün əvvəl həkim ona deyib ki, böyrəyindəki daş balacalaşıb, daha əməliyyata ehtiyac yoxdur. Ailə bununla bir az təskinlik tapır. İndi daşın düşəcəyi günü gözləyirlər.

Turac Nemətullayeva deyir ki, problemlər içində elə qovrulur, öz müalicəsini tamam unudub. Çünki ailənin buna heç imkanı yoxdur. Evə daimi pul gəlmir. Təkcə analizlərə isə 700 manat tələb olunur.

“Müalicə üçün təkcə öz hazırladığım doşabdan istifadə eləyirəm, başqa heç nə”, - qadın çox çarəsiz görünür...

“Ölməməyə çalışırıq”

Turac Nemətullayeva həyətdəki tut ağacını göstərir. Deyir ki, doşab hazırlamağa işə yarayır:

“Qışda dəyər-dəyməzə satıram. Alça qurudub satıram. Beləcə acından ölməməyə çalışırıq. Anam pensiyasından kömək eləyir. Sosial şəbəkələrdə neçə dəfə yardım istəmişəm. Apreldə Qubadan bir nəfər təxminən 100 manatlıq ərzaq yardımı eləmişdi. Dünənə qədər həmin ərzağın qalığından bir şey hazırlayırdım. İndi evdə bir çimdik un yoxdu ki, nəsə bişirib uşaqlara verim”.

Mətləb Nemətullayev qaz idarəsində işini itirəndən sonra fəhləlik etməyə başlayıb. Qamqamda, Qubada nə iş tapırsa, arxasınca gedir.

“Daş daşıyır, torpaq yükləyir. Neyləsin?! Onun da arxası, dayağı yoxdu. İndi ər-arvad hər ikimiz iş axtarırıq. Çox ağır vəziyyətdəyik”, - həyat yoldaşı kədərli-kədərli danışır.

Ailə sosial yardım almağa da cəhd göstərib. Amma kənd adamların əksəri kimi pay torpaq bəhanəsi ilə rədd cavabı alınıb.

Nemətullayevlər ailəsi burada əziyyətlə yaşayır

Nemətullayevlər ailəsi burada əziyyətlə yaşayır

Mənbə: Meydan TV

“Çör-çöplə həyətdə ocaq qalayırıq”

Ailəni kommunal xərclər də çox sıxır. Xeyli borc yığılıb: “İşığa 100, qaza 300 manatdan çox borcumuz var. 2018-dən sonra qazpulu ödəyə bilməmişik. Qazı kəsmək istəyəndə yoldaşım qarşılarına çıxdı. Orada işləyib deyə, ağız açdı ki, kəsməsinlər. Qulaq asmadılar. İndi bağdan yığdığımız çör-çöplə həyətdə ocaq qalayırıq”.

“Azəriqaz” İstehsalat Birliyindən Meydan TV-yə məsələ ilə maraqlanacaqlarını deyiblər.

Ailənin işığını da kəsmək istəyiblər. Turac xanımın anası təqaüdündən kömək edəndən sonra vəziyyətdən çıxıblar: “İşıqsız heç qala bilmərik. Uşaqlar balacadı, çox çətindi. Suyumuz da olmur. İmkanı olanlar bulaqdan, artezian quyudan xətt çəkib. Bizim kimi imkansızlar susuz qalıb. Həyat yoldaşım suyu bulaqdan qabla daşıyır”.

Qadın onu da dedi ki, qonşunun camışı qaz sayğaclarını sıradan çıxarıb, idarədən gəlib 150 manat cərimə yazıblar. Ailə nə qədər and-aman etsə də, inanan olmayıb. Beləcə, həyatda qalmaq mübarizəsi verən ailənin çiyinlərinə daha bir yük düşüb...

P.S. Turac Nemətullayeva fotolarının dərc olunmasını istəmədi, yalnız evinin görüntülərinin yayımlanması ilə kifayətləndi.

Ailənin işığını da kəsmək istəyiblər.

Ailənin işığını da kəsmək istəyiblər.

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  30 Avqust 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/aiett7

Ən çox baxılan