Qorxulu Bakı

Mehman Qələndərov cavan kişi, ailə başçısı idi. Dövlət onu həbs edib Kürdəxanı təcridxanasına salmışdı

Source:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Mehman Qələndərov cavan kişi, ailə başçısı idi. Dövlət onu həbs edib Kürdəxanı təcridxanasına salmışdı. Qanuna görə, dövlət həbs etdiyi vətəndaşın sağlamlığına və həyatına görə tam məsuliyyət daşıyır. Vətəndaş Qələndərov Mehmana dövlət təcridxanada elə dözülməz şərait yaratdı ki, kişi şirin canından keçib intihar etdi.

Bu hadisədən bir gün sonra yenə Bakı İstintaq Təcridxanasında Azərbaycan vətəndaşı Orxanidov Mixail özünü asıb intihar etdi. Yenə işgəncələr, yenə insan ləyaqətini alçaldan rəftar, yenə faşist əxlaqı ilə tam uyuşan “milli” azəri-polis mentalitetinin vəhşi təzahürləri daha bir bədbəxti həyatına qıymağa vadar etdi.

Media aramsız bu növdən xəbər yayır. Bir ana nələ çəkir: “Oğlumun ayaqlarını toka verdilər”. Bir məhbus yazır: “Məni hər gün amansız döyürdülər”. Dövlətin girov götürdüyü vətəndaşlara işgəncə verməsi adidən adi hala, Azərbaycan Respublikasının “brend”inə çevrilib. Biz hansı dövlətdə yaşayırıq? Çiyinlərində paqon gəzdirən rəsmi dövlət qulluqçuları kimi və necə qoruyur? Kimdən və nə üçün qoruyur? Bu dövlətin zindanlarında işgəncələrə tab gətirməyib intihar edənlər nəyin badına gedirlər?

Şah dövrünün İranını təsvir edən yazıçı romanını “Qorxulu Tehran” adlandırmışdı. Biz də uşaqlıqda onu oxuyub sadəlövhlüklə düşünürdük ki, “bu rəzalət və bu barbarlıq yaxşı ki, bizdə yoxdur”. Budur, gəldi, cani ünsürlərin qurduğu cani hakimiyyət tam cahi-cəlalı ilə hüzur etdi. Baxın və sevinin, fəxr edin ki, dünyada heç bir qüvvə, nə BMT, nə ATƏT, nə də ABŞ sizin milli hakimiyyətinizin öz rəiyyətini əzib məhv etməsinə mane ola bilmir və bilməz də! Heç istəmir də!

Bu işgəncələr, bu intiharlar, bu məhkəmə məzhəkələri, bu irimiqyaslı korrupsiya işləri, cinayətkar Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilib yerinə təzə ikisinin yaradılması, bu tənqidi medianın boğulması üçün qaldırılan iddialar, bu bayağı və əttökən televiziya verilişləri, bu nəhəng vəsaitin səmərəsiz xərclənməsi, bu xarici dövlətlərdən dövlətimizə yağdırılan tənqid və tənələr, cırtdan Ermənistanın Azərbaycanın başına endirdiyi qapazlar, əlil təhsilimizin yetişdirdiyi bisavad və qanmaz gənc nəslin cəmiyyətdə elmə və ürfana meydan sulaması, bütün bunlar ayrı-ayrı təsadüfi təzahürlərdir, yoxsa xalqın və dövlətin cismini bürümüş ağır və mükəmməl bir xəstəliyin – ölümcül və sağalmaz xərçəngin metastazlarıdır?

Varlı, fəqət hakim zümrəyə mənsub olmayan bir xəstə kişi qədimi vaxtlardan qalma yeganə mülkünü çox baha qiymətə satır. Həmin andaca günün günorta çağı maskalı adamlar onun Bakıdakı mənzilinə soxulub qorxu və vahimədən sarsılmış arvad-uşağa fikir vermədən axtarış aparır, böyük pul vəsaitini tapmadıqda təcili həmin xəstə kişinin bağ evinə yönəlir, heç kəsdən və heç kimdən çəkinmədən bağ evinə soxulur və axtardıqları pulu çalıb aparırlar.

Varı çapılmış vətəndaş heç kəsə və heç yerə şikayət də etmədi, zira dünya görmüş və dövlətimizi yaxşı tanıyan köhnə kişilərdən idi. O, çox gözəl anlayırdı ki, günün günorta vaxtı kimlər və nə haqla özlərini böylə həyasız və rəzil apara bilərdi?

Bir qəribə tanışım var idi. Həyatımda tanıdığım ən savadlı və məlumatlı insanlardan biri idi. Coğrafiya fakultəsini bitirsə də, iqtisadiyyatı, mühasibatı, riyaziyyatı, siyasəti, tarixi, biologiyanı, informatikanı və daha nələri gözəl bilirdi. Mən onu “ikiayaqlı mütəhərrik ensiklopediya”, “azəri Quqlu” adlandırırdım. Məncə, belə “ağıldan bəla”nın nəticəsi idi ki, bu adam evlənməmişdi, qoca anası vəfat edəndən sonra yeni binadakı üçotaqlı mənzilində tam tənha yaşayırdı.

Təbii ki, belə bilikli adam işsiz qalmırdı, onu elə-hey bir bankdan digərinə, bir şirkətdən digərinə dəvət edirdilər. Bu adam çox qənaətcil idi, təvazökar həyat sürürdü və deyilənə görə, xeyli pul yığmışdı.

Bir gün eşitdik ki, onu səkidə maşın vurub öldürüb. Sonra eşitdik ki, hansısa adamlar onun vəsiyyətini təqdim ediblər. Kişi xoşbəxt təsadüf nəticəsində orqan işçilərinin əlinə keçmiş sənəd ilə bank hesabındakı pulunu və daşınmaz əmlakını xeyriyyəyə vəsiyyət edibmiş.

Onu tanıyanların hamısı bir ağızdan deyir ki, bu, mümkün olan iş deyil, kişi sağlığında belə iş görənləri ələ salıb dolayardı. Lakin kimə deyirsən? Nakəs adamın varidatı keçdi məlum insanların çənginə. Onlar hamıının qəyyumudurlar, illa ki, nakəslərin.

Bizdə qurulmuş bu dövlət niyə belə alındı? “Bakı” azərbaycanlılar üçün niyə böylə qorxuncdur? Soruşuram: başqa cür alına bilərdimi?

Əgər daş ev tikmək istəyirsənsə, gərək əlinin altında daş olsun. Əgər taxtadan ev tikmək istəyirsənsə, əlinin altında gərək taxta olsun. Səndə daş və taxta yoxdursa, nə daş, nə də taxta ev tikə bilərsən.

Əgər ölkədə demokratik vətəndaş yoxdursa, demokratik dövlət qurmaq mümkün deyil. Belə arzu və istəklə siyasət meydanına atılmışların taleyi isə elə mənimki kimi olacaq: acizanə baxıb tənəzzülü və aşınmanı müşahidə, təhlil və müqayisə etmək, insanların nahaq sovrulan tale və ömürlərinə ağı demək.

Ana səhifəMənim FikrimcəQorxulu Bakı