Qorxaqların ”etirazı”

Kimi dindirirsən şikayət edir.

Source:
Orxan Adıgözəl
Orxan Adıgözəl
Orxan Adıgözəl-Banner
Orxan Adıgözəl-Banner

Kimi dindirirsən şikayət edir. İşlədiyi sahə, oxuduğu təhsil ocağı, yaşadığı məkan və s. Qısacası, narazılıq hər yerdədir. Bu yaxında müalicə alıb, 3 həftə qaldığım reabilitasiya mərkəzində əlilliyi olan şəxslərin hamısının narazılığına səbəb olan bir hal yaşandı. Müalicə alan şəxslərlə bir yerə yığışıb, söhbət edəndə də hamı yaşanan həmin haldan narazılıqlarını dilə gətirirdilər. Onlara təklif etdim ki, mən də, siz də narazısınız, gəlin, yığışıb baş həkimə öz şikayətimizi bildirək və həllini tələb edək. O dəqiqə laqeydliyi və acizliyi özündə birləşdirən cümlələri eşitməyə başladım: “Əşşii, nəyinə lazımdır? Gedib, özünü niyə pis edirsən? Onsuz da heç nə dəyişən deyil” və s. Bunları deyənlər isə məhz kişilər idi. Onların elə deməsinə baxmayaraq, əlil arabasından istifadə edən 3 xanımı özümlə götürüb, baş həkimin yanına qalxdım. İradımı hamının dilindən yalnız mən dilə gətirdim (xanımlar gəlməklərinə rəğmən çəkinirdilər).

Baş həkim bizi təbəssümlə və mülayim qarşıladı. Problemin həllinə müəyyən qədər nail olduq. Ordan çıxanda heyətdən xeyli adam mənə yaxınlaşıb, ümumi təəssüratı soruşdular, “necə oldu, nə dedi” tipli suallar verdilər. Elə bil cəlladla görüşüb, gəlmişdim. İdman təlimçiləri soruşurdular ki, zalın kiçikliyi ilə bağlı şikayəti dedin. Cavab verdim ki, “hə, yığışıb bir yerdə öz narazılığınızı ifadə etsəniz, problemin həllinə nail ola bilərsiniz”. Təbii ki, qorxularından heç biri bunu etmədi. Ümumiyyətlə, mənim yanımda o şəkildə şikayət ediləndə, “gedin aidiyyatı şəxsə bildirin şikayətinizi. Mənə mənfi enerjinizi yükləməyin” – deyirdim.

Müşahidə etmişəm, bizim insanlar özlərindən vəzifə və sosial status baxımından yuxarı olanlardan çəkinir və üzbəüz dayanıb söhbət edərkən belə (istənilən mövzuda) həmin yüksək qəbul etdikləri şəxs aşkar yalan danışsa və ya səhv məlumat versə də, onun cavabını verməyə, ona irad tutmağa qorxurlar. Məhz buna görə də hamı haqsızlıqlar qarşısında susub, ancaq öz aralarında şikayətlənib, “etiraz” edirlər..

İstənilən adamla 15 dəqiqə söhbət elə, mövzu avtomatik siyasətə keçir. Bu hal xalis neqativlik mənbəyidir. Hər gün ünsiyyətdə olduğumuz onlarla adamın şikayət və narazılıqlarını eşitmək bizim enerjimizi almaqla bərabər, onların neqativlərini öz üzərimizdə daşımağımıza səbəb olur. Belələri ürəyini boşaldıb rahatlanırlar. Onları dinləyən şəxslər isə günlərlə həmin neqativ enerjinin təsiri altında vurnuxur və ən azı şikayət etməsələr belə, beyinlərini deşən neqativ təsir üzlərində pis auranın bütün cizgilərini aşkar ifadə edir. Sevənləri, yaxınları həmin kefsiz üz ifadəsini sezməklə öz doğmalarının halına üzülür və həmin aura onlara da öz mənfi təsirini göstərir.

Ruhi-psixoloji halın bu göstəricisi ağırlaşdıqca, insanlarımız affekt vəziyyətini alır. Cəmiyyətimiz belə gedişlə böyük depressiyaya doğru yuvarlanır. Ordan çıxmaq isə elə də asan olan iş deyil.

Çöldə gəzərkən insanlarımızın üzlərinə diqqət yetirin. Görün, o üz ifadələrində nə qədər – kədər, məyusluq, çarəsizlik özünü təzahür etməkdədir. Boz simalı adamlar… Rəng-ruh solub, yerini monoton boz rəng alıb. Çox az adamın üzündə təbəssüm və sevinc işartılarını görmək mümkündür. Hələ son vaxtlar öz-özünə danışan adamların sayı da çoxalıb. Bir də görürsən gözləri azca bərəlmiş halda kimsə yanından pıçhapıçla ötüb keçdi. Hərdən ictimai nəqliyyatda və ya parkda onlara oturmuş vəziyyətdə də rast gəlmək olur. Diqqətlə qulaq kəsildikdə eşidirsən ki, öz problemlərini necə həll etməklə bağlı aciz, çarəsiz sualları özlərinə ünvanlayırlar. Olduqca ürəkparçalayan mənzərədir.

Problemlər, qayğılar çoxaldıqca, aqressiya və neqativliyin miqyası genişlənir. Narazılar ordusu yaranır. Amma bu ordudakı “əsgərlər” onları bu vəziyyətə qoyanların acığını bir-birlərindən çıxırlar. İnsanlarımızın arasında konkret olaraq mənfi enerji mübadiləsi gedir və onlar elə bil məqam axtarırlar ki, bir-birlərini didsinlər. Dalaşmağa, bir-birlərini təhqir etməyə bənd olan bu şəxslər öz ölkələrində adam yerinə qoyulmadıqlarının fərqindədirlər. Onlar şüuraltı da olsa anlayırlar ki, danışanda yalandan etdikləri “şükür” səmimi deyil.

Qərbdə heyvanlara verilən dəyər, öz ölkələrində insana verilmir. Təhqir olunduqları üçün özünüsübutun, özünəhörmətin ruhi boşluğunda bir-birlərini didirlər.

Başa düşməliyik ki, bu vəziyyəti biz – məhz insanlığına dəyər, hörmət qoymayan adamlar yaratmışıq. Əgər biz özümüzə hörmət edib, dəyər versək, bizə də dəyər verərlər.

Ana səhifəMənim FikrimcəQorxaqların ”etirazı”