Şamaxı sakini: “İham Əliyev bu il Şamaxıya səfər edəndə şikayət məktubumu şəxsən özünə təqdim etmişəm”
“Hansı qanunda göstərilib ki, 20 ildən sonra kiminsə haqqına girib ona məxsus torpaq sahəsini əlindən alasan? Prezident tez-tez iclas keçirir, məmurlara tapşırıqlar verir ki, sakinlərlə yaxşı davranın. Bəs yaxşı, niyə buna əməl edən yoxdur? Məgər prezident bu qədər haqsızlığı eşidib görmür? Biz dərdimizi kimə deyək? Belə haqsızlıq olmuz, dərdi-sərdən xəstəliyə tutulmuşam”.
Şamaxı rayonu, Qədirli küçəsi, ev 69 ünvanında yerləşən kommunal mənzildə yaşayan Sevda Qasımova Meydan TV-yə belə deyir.
İddia edir ki, qonşuları Vidadi və Ellada Nuriyevlər 2008-ci ildən bu yana onlara məxsus orderi olan 110 kvadratlıq ev və təxminən 3 sot həyətyanı torpaq sahəsini əllərindən almaq məqsədilə məhkəmələrdə süründürür:
“Bu il noyabrın 9-da həyat yoldaşım Rövşən Qasımov Əli oğlunun Sumqayıt Apelyasiya Məhkəməsində Ella Nuriyeva Maşallah qızına qarşı qaldırdığı apelyasiya şikayəti yenə təmin
olunmayıb
. Bizim məhkəmələrin çıxardığı qətnamələrə əməl edib, Vidadi Nuriyevin istədiyi kimi etsək, yəni şəxsi mənzilimizin qarşısında olan sahədən çıxsaq, öz evimizə girmək üçün gərək tavandan deşik açaq.
Ella Nuriyevanın adına olan birotaqlı mənzilin sahəsi 30-40 kvadrat metrdir. Mənim 110 kvadrat metrlik mənzilimlə divar qonşusudur, yan-yanadır. Sağ tərəfdəki divar qonşumuz da Vidadi Nuriyevin qayınanasıdır, yəni Ellanın anası. Bunlar istəyirlər ki, bizi buradan didərgin salıb, öz mülkiyyətlərini genişləndirsinlər. Vidadi Nuriyev qudası, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevə arxalanır. Onunla quda olandan sonra başlayıb bizi məhkəməyə verməyə. Məhkəməyə çağırıblar, getmişik, soruşmuşuq ki, nəyə görə burdayıq? Deyiblər ki, torpağı səndən alırıq”.
Sevda Qasımovanın sözlərinə görə, 1997-ci ildə Ella Nuriyeva Gennadi Smirnovdan evi alarkən həyətyanı sahənin bölünməsini təkid edib. Şamaxı rayon səlahiyyətli orqanlarının nümayəndələri ilə birlikdə 6 nəfərlik komissiya yaradılıb:
“1997-ci il aprelin 15-də evin əvvəlki sahibi Gennadi Smirnov və həyat yoldaşım Rövşən Qasımovun iştirakı ilə həyətyanı sahənin bölünməsi haqda akt tərtib olundu, komissiya üzvləri də sənədi imzaladı. Bir məqamı da deyim ki, 1990-cı il sentyabrın 18-də mənə verilmiş 3 sot torpaqdan 1 sotu qanunsuz olaraq onlarda qaldı. Qonşuluq prinsipini əsas tutaraq biz o vaxt bununla razılaşdıq, heç nə demədik. İndi Ella Nuriyeva iddia edir ki, onlar 1997-1998-ci illərdə evi Gennadi Smirnovdan aldıqdan sonra biz guya sənədlərdə saxtalaşdırma aparmışıq. Halbuki, saxtalaşdırmanı Ella Nuriyeva özü aparıb. Ella Nuriyevanın Gennadi Smirnovdan evi və torpağı alması haqqında 3 avqust 1996-cı il tarixli P4E-23 reyestr nömrəli Mərəzə notariusu tərəfindən aparılmış qeydiyyat saxtadır. Bu haqda Notarial Arxivinin direktoru Azər Tağıyevin təqdim etdiyi sənədlər əlimizdədir. Araşdırılma doğru aparılsa, Vidadi Nuriyevin əlində heç bir düzgün sənədinin olmadığı ortaya çıxacaq. Mənim bütün sənədlərim qaydasında olduğu halda, təəssüf ki, yenə də qərarı onun xeyrinə çıxarırlar. Məhkəmələr etiraf edir ki, bu adam qohumuna arxalanıb deyə işi ədalətlə apara bilmirlər. Hansı hakimi dindirirsən, deyir ki, yuxarıdan tapşırıq var, mən karyeramı itirə bilmərəm. Ay sənə qurban olum, bəs yaxşı, mən nə edim? Vidadi Nuriyev məmurla quda olduğu üçün haqsız yerə məhkəmələri susdurub, torpağımızı əlimizdən alır. Aidiyyatı qurumlar hara baxır ki, məhkəmələr bu qədər özbaşınalıq edir? Mən niyə həyətimi, torpağımı kiməsə verməliyəm?”
Şikayətçi iddia edir ki, qarşı tərəfin onları məhkəmələrdə süründürməyinin səbəbi ev və həyətyanı sahələrini dəyər-dəyməzinə almaqdır:
“Biz onlarla danışığa girməyə çalışmışıq ki, evimizin qiyməti nədirsə həmin pulu ödəyin söhbət bağlansın. Lakin Vidadi Nuriyev deyir ki, mən buranı səndən havayı alıram, 2-3 min manat pul verirəm. 60 min manatlıq evi görün, bu adam hansı qiymətə almaq istəyir. Deyir ki, sənə 1 metr yer verəcəyəm. Bəs yaxşı, sabah yanğın olsa, mən evimdən vertolyotla gedəcəyəm? Bura kommunal mənzillər olduğu üçün ümumi sayılır, bölünməməlidir. Necə olur ki, Vidadi Nuriyev həyətimi bütünlüklə mənimsəmək istəyir? Mənim 60, həyat yoldaşımın isə 65 yaşı var. Bu yaşdan sonra dişimizlə-dırnağımızla tikdiyimiz evi ona verib hara gedək? Mən buranı tikmişəm ki, dələduzun biri gəlib, evimi əlimdən alsın?”
Sevda Qasımova məsələ ilə bağlı dəfələrlə Prezidentə, Birinci vitse-prezidentə, Ədliyyə Nazirliyinə məktub yazsa da, nəticəsi olmadığını bildirir:
“İham Əliyev bu il Şamaxıya səfər edəndə şikayət məktubumu şəxsən özünə təqdim etmişəm. Lakin heç bir nəticəsi olmadı, şikayətimizə baxmadılar. Araşdırmışıq, məlum olub ki, Vidadi Nuriyev 2008-ci ildən bu yana nə qədər insanlarla torpaq haqq-hesabı edib. Biz qarşı tərəfin saxta sənədlərini o vaxt məhkəmədən götürmüşük, bizdə var. Təkrar Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edəcəyik”.
Vidadi Nuriyev Meydan TV-yə açıqlamasında qanunla hərəkət etdiyini bildirib:
“Rövşən Qasımov çox söz deyə bilər. O, camaatın torpağını tutub, əmlakına sahib çıxmağa çalışır. Sənədləri saxtalaşdırıb, başaqsının əmlakını ələ keçirmək istəyir. Əlimizdə ekspertizanın rəyi var. Məhkəmə qərardadlarına əməl edib onları çıxaracağam. Hər şeyin qaydası var, biz qanunla hərəkət edirik”.
2019-cu il noyabrın 29-da İlham Əliyevin sərəncamı ilə Eldar Nuriyev Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.