Qoca kardinalın Əliyevə xidməti

Yazar: Seymur Həzi

Seymur Həzi, Foto:: Meydan TV

O, bir yazıda bir neçə məkr işlətdi

Ramiz Mehdiyevin AMEA-nın “Mətbuat xidməti” adıyla ona hücum edənlərə cavabı gündəmi zəbt edib. Bu “əks hücum” yazısı AMEA-nın rəsmi saytında dərc olunandan sosial şəbəkələrdə müzakirələr davam edir. Amma bu açıqlamadan sonra bir çox siyasi, ictimai fəal qoca kardinalın (siyasilər arasında Ramiz Mehdiyev belə adlanır – red) tələsinə düşdü. Bəli, məhz onun tələsinə düşdü…

Qoca kardinalın ona hücum edənlərə cavabını oxuduqca bu mənzərə gözümdə canlandı. Yeri gəlmişkən, Ramiz Mehdiyevin nə düşünə biləcəyini proqnozlaşdıra bilən az adamlardan sayıla bilərik. Çünki uzun illərin siyasi təcrübəsi bu cür adamların bu tipli cavablarla nə demək istədiklərini təhlil etməyə imkan verir.

Ramiz Mehdiyev bu yazı ilə İlham Əliyevə növbəti dəfə sədaqətini və xidmətini izhar etdi. “İzhar etdi” bəlkə də, dəqiq ifadə deyil. Adam konkret olaraq hakimiyyətin neçə gündür edə bilmədiyini bir həmlədə etdi və bir yazı ilə bir neçə məqsədinə çatmış oldu.

Gündəmi dəyişmək

Bir neçə gündür ki, sosial mediada əsas gündəm Azərbaycan parlamentinin üzvü, hakim ailəyə yaxınlığı ilə tanınan Cavanşir Feyziyevin Londondakı pullarının mühüm hissəsinə (5,6 funt sterlinq) həbs qoyulması idi.

“Deputat bu pulları haradan necə qazanıb, ölkədən necə çıxarıb, orada onu necə “yumağa” çalışıb, necə yaxalanıb, bu proses İlham Əliyevə doğru irəliləyə bilərmi?” kimi suallar hər kəsi düşündürürdü.

Bu mövzunu gündəmdən çıxarmaq üçün hakimiyyət texnoloqları bir neçə məsələni ortaya atdılar. Ramiz Mehdiyevə istefa kampaniyası təşkil etdilər, Nəcməddin Sadıqovun dünənki cinayətlərini bir kənara qoyub, 1993-cü ildə törətdiyi bir cinayətə görə ona ittiham irəli sürdülər, amma alınmadı ki, alınmadı. Gündəm Cavanşir Feyziyev olmaqda qaldı.

Nəhayət, belə oldu ki, Rövnəq Abdullayevin vəzifəsini dəyişdilər. Amma bu da elə ciddi təsirə malik olmadı. Çünki bütün bunlar birtərəfli intriqadır, cavabsız “atəş”dir. Elə bu an səhnədə boz kardinal peyda oldu. Ona qarşı “hücumlar”a cavab verdi. 10 fevral gününün axşamı sosial media və hökumətin ətrafında fırlanan saytların səhifələri Ramiz Mehdiyevin “cavab”ını tirajlayırdı. Beləcə, Cavanşir Feyziyev artıq gündəmdə yox idi. Birinci və əsas hədəfə çatmaq mümkün oldu.

İkinci məqsəd, yaxud ələ düşmüş fürsət

Ramiz Mehdiyevin Əliyevə ikinci mühüm xidməti onun bu yazıda işlətdiyi texnika, dil və üslubla bağlı idi. Yazıda hücum texnikası var idi. “İlham Əliyevə meydan oxudu” başlıqlarından görünürdü ki, qoca məqsədinə çatıb. Populyar dildən və müxalif üslubdan istifadə isə başqa məqsədə xidmət edir. Boz kardinal bundan əvvəl də ona “qarşı çıxanlar”ı ölkədəki real müxalif elektoratın dili və üslubu ilə, epitetləri ilə “vurur”du. Burada məqsəd heç də İlham Əliyevə zərbə vurmaq, hamıya bəlli olan təyinat sisteminin əslində seçki olmadığını ortaya qoymaq deyil.

Məqsəd belə bir görüntü yaratmaqdır ki, guya real müxalifətlə Ramiz Mehdiyev eyni “dil”də danışırlar. İlham Əliyevin əsas adamı olan Mehdiyev özünə (İlham Əliyevə) arxayın olmasa, belə bir üslub seçərmi? Qətiyyən.

Ramiz Mehdiyevin “avtobus müxalifəti” bədii-siyasi birləşməsini işlətməsi sanki bu siyasi nəqliyyatda oturanlara bir fürsət verdi ki, “Ramiz Mehdiyev müxalifət əlaqələri” tezisini gündəmə gətirsinlər. Al, bu da qocanın daha bir oyunu. Deyəcəksiniz ki, bəs Ramiz Mehdiyev niyə özünü fəda edir? Çünki Cavanşir Feyziyev məsələsi İlham Əliyevə qədər uzanan beynəlxalq skandaldır. Hətta onu bitirən prosesin başlanğıcı ola bilər. Bu isə Ramiz Mehdiyev də daxil bütün klanların sonu demək deyilmi?

Ana səhifəMənim FikrimcəQoca kardinalın Əliyevə xidməti