Qızımın xatirələri

Onun göz yaşları qarışıq sözlər…

Source:

Lənkəranda həbs olunub 2 gün saxlanıldıqdan sonra xalq arasında Kürdəxanı təcridxanası adı ilə tanınan Bakı İstintaq Təcridxanasına etap edildim. Burada Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq yeni gətirilən dustaqlar üçün nəzərdə tutulmuş karantin kamerasına salındım. Ertəsi gün karantinə məsul əməkdaşdan telefonla danışmaq üçün şərait yaratmasını xahiş etdim. Adətən, karantində olanlara bu şərait yaradılmır, amma mənə icazə verdilər.

Telefonun şəhərlərarası danışığa çıxışı yox idi (sonralar xüsusi kart alırdıq belə danışıqlar üçün). O səbəbdən də Lənkərana deyil, Bakıda yaşayan qızım Nilufərə zəng etdim. Aramızda belə danışıq oldu:

– Salam, Nilişim.

– Salam, ata. Necəsən? Haradasan?

Qızımın səsindəki sakitlik məni təəccübləndirdi. Hesabla, səsimi eşidən kimi ağlamalı idi. Buna görə də cavabım qeyri-müəyyən oldu.

– Bakıda.

– Gürcüstandan gəlmisən?

Məsələ aydınlaşdı. Qızıma həbs olunduğumu söyləməmişdilər. Telefonuma zəng çatmamasından sığortalanmaq üçün də Gürcüstana getdiyimi deyiblər.

– Bizə gələcəksən?

Bu suala normal səslə cavab vermək üçün bütün bacarığımı toplamalı oldum:

– Yox, Bakıya qısa müddətə gəlmişəm. Tələsik Lənkərana qayıtmalıyam, işim var.

Əvvəllər də belə hallar olmuşdu, qızıma təbii görünməli idi. Bir qədər də hal-əhval tutandan sonra telefonu asdıq.

Bir neçə gün sonra evlə danışa bildim. Öyrəndim ki, bu dəfə qızıma Türkiyəyə getdiyimi söyləyiblər. Həyat yoldaşı da evdə internetə süni problem yaradıb ki, buradan da öyrənə bilməsin. “Nə vaxtacan gizlədəcəksiniz?” sualına anam son ümidlə “bəlkə seçkidən sonra buraxdılar, o vaxta qədər gizlədərik” söylədi.

Lakin gizlədə bilməmişdilər. Həbsimdən təxminən 2 həftə sonra rəfiqəsi qızıma zəng etmiş və təsəlli verməyə çalışmışdı. O zaman da hər şey açılmışdı.

Həbsdən azad olunub, Bakıda qızımgildə 1 gün qaldıqdan sonra Lənkərana yola düşərkən Nilufər mənə bir bloknot verdi. Mən həbsdə ikən keçirdiyi hissləri köçürmüşdü buraya.

Yazıları oxumağa dərhal imkanım olmadı. Lənkəranda gözaydınlığına gələnlər çox idi. Tələm-tələsik, necə deyərlər, iki daşın arasında oxumaq isə istəmirdim. Nəhayət, ziyarətlər səngiyəndən sonra başladım. Elə ilk xatirələrin birində hafizəmi təzələyəcək bir qeydə rast gəldim. Qızım məşhur “Cocuklar duymasın” serialındakı mahnının sözlərini yazmışdı.

Sıcak yuvamın öyküsü başlar seninle,

Biz olduk adam olduk o deli sevginle.

Keskin fırtınalar gibi esip-gürlesende,

Ilık nefesin bilirim, her an içimde

Kar tanesi gibi saçında şimdi aklar,

Yıllarca sımsıkı tuttum onlarda huzur var.

İyiki doğdun,iyiki varsın, sen babamsın,

İyiki doğdun iyiki varsın, sen kahramanımsın.

Xatırladım ki, həbsimin ilk aylarında qızımdan mikrokarta mahnılar yazmasını və mənə göndərməsini xahiş etmişdim. Sevdiyim müğənniləri və musiqi tipini bilirdi, zövqümə uyğun bir albom hazırlayacağına əmindim. Və o albomda bu mahnıya da rast gəlmişdim.

Aydın idi ki, bununla qızım mənə mahnı yox, mesaj göndərmişdi. İndi, üstündən xeyli keçəndən sonra bloknotu oxuyarkən o mahnını ilk dəfə dinləməyim yadıma düşdü.

Qızımın yazdıqlarının hamısını burada bölüşmək fikrim yoxdur, təbii. Heç özü də razı olmaz. Bu qədərini də ondan xəbərsiz yazıram, məqalə çap olunanda xəbər tutacaq. Çünki yazmaqda məqsədim var.

Həbs nə qədər acı olsa da, insane yaddaşı unutqandır. Çəkdiklərin, duyduqların get-gedə hafizəndən silinir, yaşadığın hisslər korşalır.

Ona görə də qızıma minnətdaram ki, duygularını kağıza köçürüb. Düzdür, onları oxuduqca öz hisslərini yalnız qismən bərpa edə bilirsən. Amma məhbus atanı gözləyən övladın keçirdiklərini tam anlaya bilirsən.Bu isə çox vacibdir.

Ona görə vacib deyil ki, hakimiyyətə qarşı nifrətim və ya buna bənzər hissim öləziməsin. Yox, mən heç vaxt siyasi mübarizəmi şəxsi hisslərlə ləkələmək fikrinə düşməmişəm. Əksinə, sabah hakimiyyət bütün zərərli vərdişlərindən əl çəkib siyasi və iqtisadi islahatlar yolunu tutarsa, özümlə bağlı hər şeyi bağışlamağa hazıram.

Lakin belə ssenari hələ ki, inandırıcı görünmür. Hələ də günahsız yerə həbs olunan yüzlərlə insan var. Biz onların yalnız bir qismini -siyasi, dini, ictimai və digər fəalları tanıyırıq. Əksəriyyəti sıravi vətəndaşlardır, hansısa orta və ya xırda məmurun, bəzən də daha nüfuzlu və pullu vətəndaşın hikkəsinin güdazına getmiş insanlardır. Və onları gözləyən minlərlə insan var.

Mənim qızımın keçirdiyi hissləri hələ də keçirən minlərlə insan.

Məhz buna görə də, qızımın göz yaşları qarışıq acı xatirələrinin köçürüldüyü o bloknot çox vacibdir. Haqsız yerə həbs olunmuşları gözləyən minlərlə insanı unutmamaq üçün, onların hisslərini anlamaq, həsrətlərini bitirmək uğrunda cəhd etmək üçün. Sifarişlə hökm çıxarmayacaq müstəqil və ədalətli məhkəmələrin yaradılması istiqamətində mübarizəni daha inadla, daha əzmlə davam etdirmək üçün.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəQızımın xatirələri