Nazir Ziya Məmmədovun sabiq müşaviri qızılların atasından qaldığını deyir
Dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluq etməkdə təqsirləndirilən qohumu, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun məhkəməsi davam etdirilib. Meydan TV-nin məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda məlum olub ki, Salyan rayonunda Rövşən Əhmədovun adına Stomatoloji Klinika var. R. Əhmədovun vəkili Adəm Məmmədov isə klinikanın Çingiz Baxşıyev tərəfindən R. Əhmədovun adına keçirildiyini bildirib. Ç.Baxşıyev isə bunu təkzib edib.
R.Əhmədov iclasda çıxış edərək bildirib ki, Ç. Baxşıyev ona qızıl və puldan başqa mülklərini də etibar edib. O, şərləndiyini, qızılların Ç. Baxşıyevin oğlu Nəriman Baxşıyev tərəfindən oğurlandığını deyib: “Nərimanın borcu olduğu üçün qızılları oğurlayıb”.
Daha sonra hakim Rasim Sadıqov Çingiz Baxşıyevdən qızılları hansı yolla əldə etdiyini soruşub. Ç. Baxşıyev qızılların bir hissəsinin atasından qaldığını, bir hissəsini isə özü aldığını bildirib. Onun sözlərinə görə, atası uzun illər vəzifədə olub. Bundan əlavə, Ç. Baxşıyev Qırğızıstanda avtobazada baş mühəndis, müdir vəzifələrində çalışdığını, orada dəri zavodunun rəhbəri olduğunu, 11 il Almaniyada işlədiyini deyib: “2003-cü ildən Nəqliyyat Departamentinin rəisi işləmişəm. 2014-cü ildən nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuşam. Sonradan təqaüdə çıxdım”.
Proses dekabrın 13-də davam edəcək.
R. Əhmədov Çingiz Baxşıyevə məxsus 800 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməkdə təqsirli bilinir.