Yadigar Sadıqlı
İstər İsrailin, istərsə də başqa ölkələrin tarixindən çoxlu nümunələr göstərmək olar ki, təşkilatın məhvi konfliktin həlli demək deyil
HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi hücumdan sonra İsrail Qəzza sektorunu raket atəşinə tutmağa başladı. Tel-Əvivin belə hallarda dinc insanların iztirablarına həssas yanaşmaması adi haldır. Bununla bağlı istər İordan çayının Qərb sahilindən, istər Qəzzadan, istər Livanın cənubundan, istərsə də 1982-ci ilin Beyrutundan nümunələr gətirmək olar.
Bununla belə, dinc əhali arasında itkiləri minimallaşdırmaq üçün son illər “damı döymək” xəbərdarlığından istifadə olunurdu ki, üç mərhələdən ibarət idi: vurulacaq binanın sakinlərinə sms göndərilirdi, binanın damına partlayıcı olmayan raket və ya bomba imitatoru atılırdı, axırda da həqiqi raketin və ya bombanın növbəsi çatırdı.
İndi isə Netanyahu hökuməti hesab edir ki, HƏMAS-ın oktyabrın 7-də törətdiyi qətliam İsrail Müdafiə ordusuna (Tsahal) binaları xəbərdarlıqsız vurmaq ixtiyarı verir.
Amma HƏMAS-a cavab bununla bitməyə də bilər. Toqquşmalar başlayandan İsrailin Qəzzada yerüstü əməliyyat keçirəcəyi gözlənilir. Hökumət və ordu rəhbərliyi də bunu vəd edir. Artıq neçə gündür ki, Qəzza ilə sərhədə xeyli sayda hərbi texnika və canlı qüvvə yığılıb. Əslində yerüstü əməliyyatın daha erkən, HƏMAS-ın hücumundan bir neçə gün sonra başlayacağını gözləmək olardı, ancaq elə olmadı.
Bunu anlamaq çətin deyil. Bir yandan Vaşinqton da daxil olmaqla İsrailin müttəfiqləri Qəzzaya müdaxiləyə isti baxmırlar. Digər yandan, yerüstü əməliyyat və bu zaman qaçılmaz olan qurbanlar İslam ölkələrində daha böyük rezonans doğuracaq və konflikt İsrail-HƏMAS çərçivəsindən kənara çıxa bilər.
Ən əsası isə, əlbəttə, kəşfiyyat məsələsidir. Əvvəl güman olunurdu ki, İsrail kəşfiyyatının İordan çayının Qərb sahilində və Qəzzada baş verən hər şeydən, FAT, HƏMAS və “İslami cihad” rəhbərliyinin bütün fikir və əməllərindən, necə deyərlər, aldıqları nəfəsdən xəbəri var. Amma bunun belə olmadığı oktyabrın 7-də ortaya çıxdı.
Aydın oldu ki, HƏMAS rəhbərliyi nəinki öz planlarını casuslardan gizlədib, hətta dezinformasiya vasitəsilə İsrail kəşfiyyatını tamamilə əksinə, heç bir ciddi aksiya planlaşdırmadığına inandıra bilib. Belə bir uğursuzluğundan sonra yerüstü əməliyyat zamanı Tsahalı nə gözləyəcəyini bilmək olmaz. Kəşfiyyata öz səhvlərini təhlil etmək və məlumatlarını dəqiqləşdirmək, bununla da yerüstü əməliyyatda orduya kömək edə bilmək üçün vaxt lazımdır. Yoxsa itkilərin sayı ağlasığmaz ola bilər.
***
Fələstində ərəb və yəhudi dövlətinin yaradılması haqqında BMT-nin 29 noyabr 1947-ci il tarixli 181 saylı qətnaməsinə görə ərəb dövlətinə ayrılan ərazi üç parçadan ibarət idi: şimalda Mərkəzi və Qərbi Qalileya, şərqdə İudeya və Samariya vilayətləri (indi daha çox İordan çayının qərb sahili adlanır) qərbdə isə indiki Qəzza sektoru və ondan cənubda Neqev səhrasının qərb hissəsi.
BMT qətnaməsinin qəbulunun ertəsi günü başlayan və 1949-cu ilə kimi davam edən Birinci ərəb-yəhudi müharibəsi zamanı ərəb Qalileyasını İsrail, İordan çayının qərb sahilini Transiordaniya (inidiki İordaniya) Qəzza sektorunu isə Misir tutdu. Gözləmək olardı ki, İordaniya və Misir ərəb dövlətinin yaranmasına yardım edəcəklər, amma elə olmadı. İordaniya ümumiyyətlə Fələstin ərəblərinə çatmalı olan Qərb sahilini, eləcə də şərqi Qüdsi özünə birləşdirmək barədə qanun qəbul etdi.
1967-cı il baş verən Altıgünlük müharibə zamanı İsrail həm İordaniyanı, həm Misiri qovaraq Qərb sahilini və Qəzzanı işğal etdi. 1994-cü ildə Fələstin Azadlıq Təşkilatı ilə imzaladığı “Oslo” razılaşması ilə bu ərazilərdən tədricən çəkilməyi və fələstinlilərin özünüidarəsinə şərait yaratmağı öhdəsinə götürdü. Amma Tsahalın Qəzzadan çıxmağı yalnız 2005-ci ildə baş verdi.
***
Beləliklə, Qəzza sektoru hazırda Qərb sahili ilə birlikdə Fələstin dövlətinin (və ya milli administrasiyası) ərazisini təşkil edən iki parçadan biridir. Ümumi ərazisi 6020 kv km, əhalisi isə təxminən 5,3 milyon nəfər olan dövlətin bu iki parçasının ortasında İsrail ərazisi yerləşir.
Qəzza Qərb sahilindən xeyli kiçikdir. Onun ərazisi cəmi 365 kv km-dir. Amma bu xırda ərazidə Fələstin əhalisinin az qala yarısı yaşayır – təxminən 2,4 milyon nəfər. Başqa sözlə, hər kvadrat kilometrə 6575 nəfər düşür.
Bu, əhali sıxlığı üzrə bütün dünyada ən yüksək göstəricilərdən biridir. Müqayisə üçün, bütün Fələstin üzrə həmin göstərici 820 nəfərdir.
Potensial yerüstü əməliyyatın əsas hədəfi, şübhəsiz, Qəzza şəhəri olacaq. Buradakı sıxlıq ümumiyyətlə fantastikdir: 45 kv km ərazi və təxminən 600 min nəfər əhali. Yəni hər kvadrat kilometrə 13,3 mindən çox adam düşür. Üstəlik, şəhərin altında HƏMAS və “İslam cihadı”nın qazdığı, kilometrlərlə uzanan tunellər var ki, ən şiddətli toqquşmaların orada olacağı gözlənilir.
İsrailə, çox yumşaq desək, düşmən münasibət bəsləyən insanların belə sıx yaşadığı ərazidə yerüstü əməliyyatın hansı qan-qadaya səbəb olacağını proqnozlaşdırmaq çətin deyil. Yəqin ki, xeyli sayda dinc sakin həlak olacaq. Tsahal da çoxsaylı qurbanlardan yayına bilməyəcək. Halbuki çoxmilyonluq ərəb dünyası ilə permanent gərginlik vəziyyətində olan İsrailin ən zəif resursu sayı 9,5 milyon olan əhalisidir ki, onun da 2 milyonu ərəb vətəndaşlardır.
İsrail müharibə və hərbi əməliyyatlardan həmişə minimum itkilərlə çıxmağa çalışır. Altıgünlük müharibə zamanı ərəb dövlətləri koalisiyası darmadağın edilərkən 1000-dən az itki verilmişdi. 1973-cü ildə çox uğursuz başlayan Məşhər günü savaşı 2500-3000 arasında itkilərlə müşayiət olundu. Sonda çətin qələbə qazanılmasına baxmayaraq, bu itkilər baş nazir Qolda Meirin istefasına səbəb oldu.
HƏMAS-ın 7 oktyabr hücumu zamanı öldürülən İsrail vətəndaşlarının sayı 1500 nəfər civarındadır. Qəzzada yerüstü əməliyyat zamanı bu rəqəmin böyüyəcəyi şübhəsizdir. Bu isə Binyamin Netanyahu hökumətini düşündürməyə bilməz. Axı İsrail cəmiyyəti hazırda nə qədər konsolidasiya olsa da, ara sakitləşəndən sonra hökumətdən hesab sorulacaq, Məşhər günü savaşından sonra olduğu kimi.
***
İsrail dövlətinin elanından 1977-ci ilə kimi 29 il ərzində ölkəyə solçu hökumətlər başçılıq edib. Yol verilən nöqsanlarla yanaşı, ölkənin bu dövrdəki bütün uğurları – demokratik sistemin qurulması, effektli dövlət institutlarının yaradılması, müharibələrdə qələbələr, əfsanəvi kəşfiyyat və təhlükəsizlik qurumlarının təşəkkülü və onların möhtəşəm əməliyyatları və s. – onların adı ilə bağlıdır.
Müharibələrdə göstərdikləri qətiyyətə baxmayaraq, solçular həm də ərəblərlə konfliktin həllinə də çalışırdılar. “Oslo” razılaşmasının imzalanmasında da solçu baş nazir, Altıgünlük müharibədə Baş qərargah rəisi olmuş İshaq Rabinin böyük rolu vardı. O, elə bu addımının qurbanı oldu: millətçi və dindar fanatik tərəfindən güllələndi.
Amma konfliktin həll olunnmaması israilli seçicilərin daha radikal mövqe tutan sağ cinaha meyllənməsinə səbəb oldu. Bu meyl son seçkilərdə lap acınacaqlı şəkil alır. İndi ultramillətçilər artıq iqtidar koalisiyasında yer alırlar. Vaxtilə “Oslo” razılaşmasına görə İshaq Rabini hədələyən İtamar Ben-Qvir indi ictimai təhlükəsizlik naziridir. Onun siyasi mövqeyini ABŞ-ın yəhudi icmasının ən nüfuzlu üzvlərindən biri olan ravvin Rik Ceykobsdan sitat dolğun ifadə edir: “Ben-Qviri ictimai təhlükəsizlik naziri təyin etməklə Ku-Kluks-Klan rəhbərini Birləşmiş Ştatların baş prokuroru təyin etmək eyni şeydir”.
Hökumətin başqa bir üzvü isə Betsalel Smotriçdir. O, Fələstin dövlətinin yaranmasının əleyhdarı, Qərb sahilinin ilhaqının tərəfdarıdır. Son seçkilərdən sonra müdafiə naziri postuna iddialı idi. Amma bu fikir hətta Vaşinqtonda etiraz doğurduğundan maliyyə naziri postu ilə kifayətlənməli oldu.
Dövlətin maraqlarını millətçi və dinçi ideyalara tabe edilməsinin tərəfdarları getdikcə artır. İsrail dövlətinin mövcudluğunu təmin edən əsas institut ordudur. İndi hökumət ortaqları tələb edirlər ki, Tövrat öyrənmək hərbi xidmətə bərabər tutulsun. Ordusunda kişilərlə yanaşı qadınların da xidmət etdiyi və bunun sayəsində 75 il ayaqda qalmağı bacaran ölkədə nəinki təhsil müəssisələrində, hətta kino, teatr kimi yerlərdə belə qadın və kişilərin yerlərinin ayrılması tərəfdarları çoxalır. Əslində İsrailə əsas təhdid nə HƏMAS-dan, nə də “Hizbullah”dan yox, bu zehniyyətdən gəlir.
İndi həmin hökumət dilemma qarşısındadır: bir yandan HƏMAS-ın hücumuna sərt cavab verib vətəndaşlara düşməni layiqincə cəzalandırdığını göstərmək lazımdır, digər tərəfdən isə belə cavab onsuz da çox olan itkilərin sayını artıracaq və bunun hesabı mütləq sorulacaq. Hərçənd, konflikt elə bu gün dondurulsa və daha heç kimin burnu qanamasa belə, yenə hesab vermək lazım gələcək.
***
Amma ən əsas məsələ bunlar deyil, yerüstü əməliyyatın ən ideal şəkildə baş tutduğu halda belə son nəticəsinin nə olacağıdır. İsrailin siyasi və hərbi rəhbərliyi yekun məqsədlərinin HƏMAS-ı məhv etmək olduğunu deyirlər. Mümkün hədəfdir. Bəs sonrası? Axı istər İsrailin, istərsə də başqa ölkələrin tarixindən çoxlu nümunələr göstərmək olar ki, təşkilatın (terror, müqavimət, separatçı – nə olursa olsun) məhvi konfliktin həlli demək deyil.
1982-ci ildə İsrail FAT-ı məhv etmək üçün “Qalileyaya sülh” əməliyyatı keçirərək Livana girdi. Məqsədinə də nail oldu. Beyrutu tutan Tsahal FAT-ı Tunisə köçməyə məcbur etdi. Amma dünyəvi FAT-ın Livandan çıxması ən çox iranpərəst “Hizbullah”ın işinə yaradı. Nəticədə İsrail daha ardıcıl və daha fanatik düşmənlə üz-üzə qaldı.
HƏMAS-ı da, “İslam cihadı”nı da məhv etmək olar. Amma onların yerinə daha da radikal təşkilatın yaranmayacağına təminat varmı? Zatən Qəzza əhalisinin əhvalı bunun üçün münasibdir. Üstəlik, yerüstü əməliyyat və ondan sonra müəyyən müddət labüd olan işğal da həmin əhalidə heç də rəğbət oyatmayacaq.
1992-ci ildə İsrailin baş naziri İshaq Rabin Vaşinqton Yaxın Sərq siyasəti institutunun nümayəndələri ilə görüşündə deyirdi: “Mən çox istərdim ki, Qəzza sektoru dənizə batsın. Amma bu baş verməyəcək, ona görə də həll yolunu tapmaq lazımdır”.
Fələstin probleminin həll yolunu tapmaq lazımdır. Şablon da olsa, yeganə çıxış yolu budur. Doğrudur, o yola çıxaran cığırları o qədər kol-kos basıb ki, irəliləmək mümkünsüz görünür. 30 il əvvəl, “Oslo” razılaşması imzalananda konfliktin həlli indikindən daha real görünürdü.
Hazırda isə həll olunmamış problem və insanların nifrəti kimi münbit şərait, həm də konfliktin alovlanmasında maraqlı olan xarici qüvvələr var. Belə olan halda Qəzzada anti-İsrail təşkilat mütləq olacaq. Onun HƏMAS adlanıb-adlanmaması bir şeyi dəyişməyəcək.