Qəzinobalı kənd məktəbi

Mənbə: Meydan TV

Başlıq: Qəzinobalı kənd məktəbi

Qəzinobalılar: Məktəb tələb etdik, gəlib, tualet tikib getdilər

Masallının bu kəndində uşaqlar təhsildən kənarda qala bilər

“Sizə fotolarını, videolarını göndərdiyimiz məktəb bizim kənd məktəbimizdir. İllərdir ki, bizi aldadırlar, kənddə yeni məktəb tikiləcəyini deyirlər, ancaq uşaqlarımız yeni tədris ilində yenə də dam örtüyü, döşəməsi çökmüş, xarabazarlıqdan seçilməyən o köhnə tikiliyə gedir. Bu il də aldandıq. Baxın, məktəbin açılmasına bir neçə gün qalır, uşaqlarımız yenə də bir neçə gündən sonra üstümüzə bit-birə içində gələcək”.

Masallının Qəzvinoba kənd orta məktəbi yararsız vəziyyətdədir. Kənd sakinləri Meydan TV-yə danışırlar ki, hər dəfə yeni tədris ili yaxınlaşanda həm müəllimlərin, həm şagirdlərin, həm də valideynlərin üzərinə sanki ağır yük qoyulur. Uşaqlar 9 ay qəzalı, soyuq, zirzəmisindən canlarına bit-birə darışan tikilidə əsl cəhənnəm əzabı yaşayır.

66 yaşlı məktəb bərbad vəziyyətdədir

Qəzvinobadakı birmərtəbəli kənd məktəbi 1954-cü ildə tikilərək istifadəyə verilib. Sakinlərin deməsinə görə, indiyədək məktəb bircə dəfə də əsaslı təmir olunmayıb:

“Sovet vaxtı heç olmasa aradabir divarları, döşəmələri rənglənərdi, şüşələri yenilənərdi. 30 ildən çoxdur ki, hökumət məktəbə əl yetirmir. Ona görə də bina dağılır. Məktəbin dam örtüyü o vaxt çiy kərpicdən hörülüb. İllərdir ki, həmin kərpicləri yağış yuyub, kərpiclər aralanıb, içəridən tavana baxanda, çöl görünür. Yağışlar başlayanda sinif otaqları su ilə dolur deyə, uşaqları evə göndərirlər. Yağış kəsəndən sonra sinif otaqlarının və dəhlizlərin suyunu çəkirlər, ondan sonra uşaqlar yenə həmin binaya dərs öyrənməyə gedir”.

Sinif otağı

Sinif otağı

Mənbə: Meydan TV

“Zirzəminin bit-birəsi uşaqlara darışır”

Sakinlərin sözlərinə görə, məktəbin zirzəmisi ya su ilə dolu olur, ya da it, pişik, çaqqal, tülkü həmin zirzəmiyə girib, orada balalayır. Zirzəmi əsl xəstəlik mənbəyinə çevrilib:

“Zirzəmi bit-birəylə doludur, həmin bit-birələr uşaqların geyiminə, çantasına darışır. Biz ilboyu uşaqların bit-birəsini təmizləməkdən yorulmuşuq. Aidiyyəti qurumlar məktəbə əncam çəkməsə, uşaqlarımız infeksiyaya, xəstəliyə yoluxacaq”.

“Çantalarında kitab əvəzinə odun daşıyırlar”

Sakinlər məktəb binasında istilik sisteminin olmamasından da şikayətçidir. Onların deməsinə görə, uşaqlar məktəbə istilər düşənədək çantalarında kitab əvəzinə odun daşıyırlar.

“Elə bütün bu sadalananlara görədir ki, məktəbdə 145 şagirdin adı qeydiyyatda olsa da, davamiyyət həmişə aşağı olur. Valideynlər uşaqlarını qurd-quşdan, xəstəlikdən, bit-birədən qorumaq üçün məktəbə göndərmir”, - kənd sakinlərindən biri deyib.

Sakinlər məktəb binasında istilik sisteminin olmamasından da şikayətçidir.

Sakinlər məktəb binasında istilik sisteminin olmamasından da şikayətçidir.

Mənbə: Meydan TV

“Məktəb istədik, gəlib tualet tikdilər”

Sakinlər dəfələrlə Prezidentə, Birinci vitse-prezidentə, Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə müraciət ediblər. Bu yaxınlarda yenə 300 valideynin imzasıyla Prezidentə növbəti dəfə müraciət olunub. Deyirlər ki, bütün müraciətləri cavabsız qalır. Sakinlər danışır:

“Yalnız bir dəfə səsimizə səs verildi, onda da gəlib, məktəbin tualetini söküb, yerində tualet tikib, getdilər. Dedilər, bizə yalnız tualeti düzəltmək tapşırılmışdı. Biz də təzədən Prezidentə yazdıq ki, axı bizim uşaqlara tualetdən də vacib sinif otağı lazımdır ki, dərs oxusun. Əgər o yerdə normal sinif otağı yoxdursa, valideyn də uşağı məktəbə göndərməyəcəksə, o tualet kimə lazımdır?”

Yeni məktəb binası tikiləcək

Masallı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, məktəb binasına dəfələrlə baxış keçirilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Vəziyyətdən Təhsil Nazirliyinin də xəbəri var. 2023-cü ilədək kənddə yeni məktəb tikilərək istifadəyə veriləcək.

"Dedilər, bizə yalnız tualeti düzəltmək tapşırılmışdı"

"Dedilər, bizə yalnız tualeti düzəltmək tapşırılmışdı"

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fegaiu

Ən çox baxılan