Qəzalı bina, verilməyən rəy…

Sakinlər əyilmiş binanın aşacağından qorxurlar

Source:


Sakinlər əyilmiş binanın aşacağından qorxurlar

“Bu bina 35 santimetr digər binanın üstünə gedib. Uşaqlıqda bu binadan o birinə hoppanardıq. İndi özünüz baxın. Bir balaca yüngülvari zəlzələ olsa, bina yerə gələcək. Binanın bu başı da yerdən aşağı batıb. Zirzəmisi hündürdə idi. İndi isə çöküb”  – deyir, Sumqayıtda 11-ci mikrorayonda yerləşən 2-ci binanın sakini Ələddin Quliyev.

Sumqayıt şəhəri 1949-cu ildə Sovetlər dönəmində salınıb. Elə o zamanda tikilən evlərdə hələ də yaşayış var. Baxmayaraq ki, binanın istismar müddəti başa çatıb, köçürülmə ilə bağlı işlər görülməyib. Belə binalardan biri də 11-ci mikrorayonda yerləşən 2-ci binadı.

Bina daşdan tikilib, damının ön tərəfdən suvağı tökülüb, daşlar yerindən oynayıb. Kiçik bir silkələnmə onları binanın önündən keçən istənilən şəxs üçün təhlükə mənbəyinə çevirər.

Ələddin Quliyev Fövqəlada Hallar Nazirliyi nümayəndələrinin binaya baxış keçirdiyini, onlara binada yaşamağı məsləhət görmədiklərini də söylədi. Məsləhət isə şifahi formada edilib. Sakinlərin hara getməsi barədə bir kəlmə danışılmayıb.

Altı bloklu beşmərtəbəli binada 56 ailə yaşayır. Binanın girişlərinin divarlarında, tavanında çoxsaylı çatlar var.

“Hər yerə müraciət etmişik. Prezidentə, birinci xanıma məktub yazmışıq. Bizə deyirlər ki, Sumqayıtda bu cür binalar çoxdur. Gözləyirlər yəqin biz ölək, sonra gəlsinlər. Beşinci mətəbədə qalıram. Evimizdə çatlar var. 3 azyaşlı övladımla elə olur ki, yağışlı havalarda atamgilə gedirəm. Gecələr çıqqıltı səsləri eşidirəm deyə, qorxuram” – deyir, bina sakini Gülnarə Zeynalova.

İkinci mərtəbədə yaşayan 73 yaşlı Telli Adişova da evinin problemlərindən danışdı: “Bax, görürsən divarlar hansı gündədi? Mətbəximin döşəməsi də sökülüb. Siz də baxın. Tavandan otağa da damır, mətbəxə də. Özüm də tək yaşayıram”.

Telli nənənin evindən çıxıb pillələrlə yuxarı qalxırıq. Hava yağmurlu olduğu üçün yağış suları binanın damından divarlar boyu axırdı. Bina sakinləri binanın əsasən bir tərəfinin çatlarının dərinləşdiyini deyirlər.

“Öz gücümüzə təmir edirik, ancaq mənası yoxdur. Ailəmizdə 7 nəfər yaşayır. 10 ildi bura gəlin köçmüşəm. Mən gəldiyim illərdə iki bina arasında məsafə vardı. İndi o məsafə tamam itib. Bütün evləri rütubət tutub”- dedi, G. Zeynalova.

Binadakı evlərdə yeridikcə döşəmədəki əyriliklər hiss olunur. Sakinlər gecələr tappıltı səsləri eşitdiklərini də deyirlər.


Sumqayıt Mənzil



Kommunal Təsərrüfatı

 İstehsalat-

İstismar Birliyinin rəisi Abid

Əliyev Meydan TV-yə açıqlamasında bildirdi ki, şəhərdə qəzalı vəziyyətdə, vaxtı keçmiş binaların sayı çoxdur: “Bu binaların qəzalı vəziyyətə düşməsi  zəlzələdən sonra olmayıb. Onların istismar müddəti başa çatıb. Zəlzələ ilə bağlı olduqda nazirlik rəy verərdi. Onlar da belə rəy verməyiblər. Qəzalı vəziyyətdə olan binalar vaxtı keçdiyi üçündü.  Bir dənə 7 saylı yataqxana idi. Onun da əhalisini köçürdük. Binanın qəzalı vəziyyətdə oması barədə bizdə akt yoxdu.  Bu aktı da Fövqəladə Hallar Nazirliyi verir”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, binanın sakinləri ərizə ilə nazirliyin Tikintiyə Dövlət Nəzarəti Agentliyinə müraciət etməlidirlər. Agentlikdə ekspertiza qurumu var və həmin qurumun əməkdaşları binaya baxıb rəy verməli, bundan sonra akt bağlanmalıdır. Əks halda şəhər təsərrüfatı da bu işi sakinlərin adından edə bilər. Belə ki, Mənzil Kommunal Təsərrüfatı Birliyi nazirliyin müvafiq qurumuna müraciət edə bilər.

“Düzü, özümüz üçün yox, nəvələrimə görə qorxuram. Havalar yağmurlu keçəndə zirzəmisi su ilə dolu olan binanın özülü daha da yuyulur. Səksəkə ilə yatırıq. Bina uçsa, uşaqları  bir tərəfə çıxara bilməyəcəyik” – deyir, bina sakini Sona Alışova.

Ana səhifəXəbərlərQəzalı bina, verilməyən rəy…