Çünki neftin hasılatı da, qiyməti də düşür və düşməkdə də davam edəcək…
REAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli noyabrın 18-də Milli Məclisdə 2015-ci il büdcə layihəsi barədə fikirlərini Facebook-da bölüşüb. 2015-ci il büdcə gəlirlərinin 19.438 milyard manat olduğunu xatırladan Natiq Cəfərli gəlirlərin tərkibini göstərib: “Gəlirlərin tərkibi: 1) Neft Fondundan birbaşa trasnfert – 10.388 milyard manat (büdcənin 53,4 faizi), 2) Vergilər – 7.112 milyard manat: neft sektorundan vergilər – 2.3 milyard manat (ümumi vergilərin 32,3 faiz), 3) Gömrük – 1.590 milyard manat (neft və neft sektoruna xidmət edən sahələrdən gələn gömrük rüsumları, təqribən 20 faiz, 300 milyon manat), 4) Fiziki şəxslərin gəlir vergisi – 982 milyon manat (neft sektorunda və neft sektoruna xidmət sahəsində 100 minə yaxın insan çalışır, onların maaşlarından gələn vergilər, təqribən – 100 milyon manat), 5) Büdcə, əsasən, neftə görə formalaşır və büdcədən təmir-tikinti, investisiya xərclərinə 2015-ci ildə 6.951 milyard manat ayrılıb, hesablamalar göstərir ki, büdcədən investisiyalara ayrılan vəsaitlərin ən pis halda 20-30 faizi yenidən büdcəyə vergi şəklində qayıdır, söhbət maaşlardan tutulan vergilərdən, dövriyyə vergilərindən və podratçı şirkətlərin mənfəət vergisindən gedir, yəni, hökumət 7 milyard manata qədər vəsaiti investisiya xərclərinə yönəldirsə, bunun azı 2.5 milyardı yenidən vergi şəklində büdcəyə qayıdır. Bir sözlə, vergilərdən gələn gəlirlərin 2,5 milyard manatı da dolayısı ilə neftin payına düşür”.
İqtisadçı yazıb ki, 2015-ci il büdcəsinin gəlirləri: Cəmi – 19.438 milyard manat, bunun neftdən birbaşa və dolayısı ilə asılılığı, təqribən – 15.600 milyard manat. Yəni, 9,5 milyon əhalisi olan ölkəmizin real sektordan gələn gəliri cəmi – 3.8 milyard manatdır, təqribən – 4.6 milyard dollar. Əhalisi və ərazisi bizdən 2 dəfə az olan, heç bir təbii resursu olmayan Gürcüstanın 2015-ci il üçün büdcəsi – 9.4 milyard lari, yəni 5.4 milyard dollar təşkil edəcək. Bizim real büdcəmizdən az qala 1 mlrd. dollar daha çox. Bir sözlə, şoxşaxəli model, qeyri-neft sektoru nağılı bitib. Düşünün cənablar, düşünün, çünki neftin hasılatı da, qiyməti də düşür və düşməkdə də davam edəcək…