Qətldə şübhəli bilinən əsgərin ermənilərə təslim olduğu deyilir

“Olayla bağlı 5 nəfər həbs edilib”

Source:
Culfa ”N” saylı hərbi hissədə öldürülən əsgərlər
Culfa ”N” saylı hərbi hissədə öldürülən əsgərlər


“Olayla bağlı 5 nəfər həbs edilib”

“Bir zabit və 2 hərbçini öldürən əsgər bugünədək tapılmayıb. Əvvəl dedilər, keçib Ordubadın Tivi kəndinə. Öldürdüyü zabitin telefonunu götürüb və siqnal ordadan gəlirmiş. Həm də həmin telefonla bacısını arayıbmış. Kəndi bütöv axtardılar, bir nəticə vermədi”, – adının açıqlanmasını istəməyən mənbə Meydan TV-yə belə deyib.

Söhbət sentyabrın 27-si, səhər saat 7 radələrində Naxçıvan MR-nın Culfa rayon “N” saylı hərbi hissəsində qətl törətməkdə şübhəli bilinən əsgərdən gedir.

Naxçıvanın müdafiə sektorunda yüksək vəzifə tutan mənbənin sözlərinə görə, ardınca Culfa rayonunun Əbrəqunus kəndindən xəbər gəlib ki, qaçan əsgər oradadır:

“Bu dəfə də həmin kəndi ələk-vələk etdilər, tapılmadı. Sonra da Naxçıvan şəhərində kameralara göründüyü deyildi. Oradan da tapılmadı. Silahlı Qüvvələr, Sərhəd Qoşunları, DTX, DİN və digər qurumlar birgə axtarışlar aparır. Hələ də Naxçıvanda fövqəladə vəziyyət qalır. Culfa istiqamətindəki bütün maşınlar silahlı mülki geyimlilər və polis tərəfindən yoxlanılır, vəsiqələr tələb olunur. Ya əsgərin yoxa çıxdığını qəbul etmək istəmirlər, ya da yetəri qədər iş görülmür. Çünki bir əsgərin bu qədər axtarış nəticəsində ələ keçirilə bilməməsi başqa nüanslardan xəbər verir. Və diqqət çəkən başqa bir məqam – əsgərin gedərkən postdan xeyli quru ərzaq payı, silah, mərmi, qumbara, qətlə yetirilən zabitin adı yazılmış yaxalığını, poqonları, telefonu, vəsiqəsini götürməsidir. Bunlar da Ermənistan tərəfə keçmək istəyindən xəbər verir. Bəlkə də keçib. Ancaq bununla bağlı erməni tərəfdən məlumat ala bilməyiblər”.

Mənbə bildirir ki, əsgərdən xəbər alınmaması işin içindən iş çıxarır:

“Buna görə şübhəli bilinən bir neçə nəfər həbs edilib. Onlar bölük komandiri, həmin postun komandiri və sağ qalan 3 əsgərdir. Qaçan əsgərin valideynləri də şikayət edirlər ki, bizim uşağımızın ölüsünü, ya da dirisini tapın verin. Əsgər isə ortalıqda yoxdur”.

Günlərdir Müdafiə Nazirliyi bu məlumatı nə təkzib, nə təsdiq edir. Meydan TV dəfələrlə bununla bağlı nazirliklə əlaqə saxlayıb. Qurumdan bu barədə danışa bilməyəcəklərini deyiblər.

Sentyabrın 27-si, səhər saat 7 radələrində Naxçıvan MR-nın Culfa rayon “N” saylı hərbi hissəsində ölüm hadisəsi olub. Əsgərin 3 hərbi xidmət yoldaşını güllələyərək öldürdüyü bildirilir.

Ölənlər Siyəzən rayon sakini, zabit Nahid Qərib oğlu Abbasov, Qaradağ rayonu, Sahil qəsəbəsinin sakini Elvin Elşən oğlu Şərifli və Şərur rayon, Düdəngə kəndinin sakini, 1993-cü il doğumlu Vüsal Rafiq oğlu Ağayevdir. Öldürən əsgərin Bəhruz Pərviz oğlu Cəlilbəyli olduğu deyilir.

Məlumata görə, “Dedovşina” vəziyyətində baş verən hadisədən sonra hərbçi Bəhruz Cəlilbəyli rabitə xətlərini kəsərək, hadisə yerindən qaçıb.

Ölənlərdən Elvin Şəriflinin yaxınları Meydan TV-yə faktı təsdiqləyib. Bildiriblər ki, cəsədin tez-bazar dəfn edilməsi onlara çox müəmmalı və maraqlı gəlib:

“Heç ekspertizaya da göndərə bilmədik. Ölüm hadisəsi ilə bağlı bizə dəqiq heç nə deyilmədi. Necə, nə səbəbə olub, bilmirik. Ciddi hadisə olmayıbmış kimi bağladılar. Dəfndə də bunun təxribat olduğunu söyləyib, mövzunu qapadılar”.

Digər əsgər Vüsal Ağayevin ölümü ilə bağlı “Zeyvədüdəngə Cəmiyyəti”nin “Facebook” hesabında başsağlığı verilib. Qeyd olunub ki, sentyabrın 27-də həmkəndliləri, 1993-cü il doğumlu Vüsal Ağayev hərbi xidmətdə vəfat edib.

2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda azı 53 hərbi qulluqçu ölüb. Onların 17 nəfəri döyüş, 36 nəfəri isə qeyri-döyüş itkisidir. Məlumatı Xəzər Hərbi Tədqiqatlar İnstitutu yayıb.

Ana səhifəXəbərlərQətldə şübhəli bilinən əsgərin ermənilərə təslim olduğu deyilir