Qəbul imtahanlarının qiyməti müəyyənləşib

Ödənişli xidmətlərin tarifləri imtahanın növündən asılı olacaq

Source:
TQDK
TQDK


Ödənişli xidmətlərin tarifləri imtahanın növündən asılı olacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb.

APA yazır ki, iclasda tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirilib.

Tarif (qiymət) Şurasının iclasında ölkədə həyata keçirilən sosialyönümlü siyasətə uyğun olaraq, əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının təhsilini davam etdirməsini və insan kapitalının inkişafını təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq məqsədi ilə dövlət başçısının 2017-ci il 24 fevral tarixli sərəncamına əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda ilk dəfə iştirak üçün müraciət etmiş ümumi təhsil müəssisələrini bitirən Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin dövlət büdcəsi hesabına ödəniləcəyi qeyd edilib. Prezidentin bu tapşırığının əhəmiyyətli olduğu deyilib.

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 20, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 40 manat müəyyən edilib.

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyənləşdirilib.

Ana səhifəXəbərlərQəbul imtahanlarının qiyməti müəyyənləşib