Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Mənbə: “tengrinews.kz”

Tokayev “Yanvar etirazları”na görə amnistiya elan edib

Bu ilin payızında Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bu barədə ölkə başçısı Kasım-Jomart Tokayev sentyabrın 1-də xalqa müraciətində deyib.

Qazaxıstanda seçkilər 2024-cü ildə keçirilməli idi.

Kasım-Jomart Tokayev seçkilərdə iştirak etməyə hazır olduğunu bildirib.

“Baxmayaraq ki, bu, hazırkı prezidentlik müddətini qısaldacaq. Ədalətli Qazaxıstanın qurulmasına yönəlmiş kardinal və hərtərəfli islahatların uğurla həyata keçirilməsi xalqın etimadının yeni mandatını tələb edir. Mənim üçün dövlətin maraqları hər şeydən üstündür, ona görə də ixtisara baxmayaraq, növbədənkənar prezident seçkilərinə getməyə hazıram”, – Tokayev belə deyib.

O həmçinin prezidentlik müddətinin təkrar seçilmək hüququ olmadan cəmi 7 il müəyyən edilməsini təklif edib.

Ölkə başçısı 2023-cü ildə parlamentə də seçkilərin keçiriləcəyini deyib.

Kasım-Jomart Tokayev müraciətində 2022-ci ilin yanvar etirazlarının iştirakçılarına amnistiya elan etdiyini söyləyib.

Prezidentin müraciətində “dəbdəbəyə görə vergi”nin tətbiqinə baxılması da təklif olunur.

Bundan əlavə, dövlət başçısı bələdiyyə orqanlarının səlahiyyətlərinin genişləndirilməsinin vacibliyini də qeyd edib.

Kasım-Jomart Tokayev. Mənbə:Vladimir Tretyakov/shutterstock

K.J.Tokayev minimum əməkhaqqının artırılmasını, məhkəmələrdə islahatların aparılmasını, xüsusi uşaq fondunun yaradılmasını (Milli Fondun illik gəlirinin 50%-nin uşaqların əmanət hesablarına köçürülməsini), kommunal şəbəkələrin yenilənməsini və ailə və məişət münasibətləri sahəsində qanun pozuntularına görə cəzaların artırılmasını təklif edib.

2022-ci ilin yanvarında Qazaxıstanda qazın bahalaşmasına etirazlar başlamışdı.

Hadisələr zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvar hadisələrində 20 min terrorçunun iştirak etdiyini bildirmişdi.

Etirazları yatırtmaq üçün Prezident Kasım-Jomart Tokayev KTMT ölkələrinin silahlı qüvvələrini dəvət etdi.

Yanvarın 13-də KTMT ölkələrinin silahlı qüvvələri Qazaxıstanı tərk etdi. Hadisələrin nəticəsində keçmiş prezident N.Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırıldı və birinci prezidentin bir çox qohumu rəhbər vəzifələrdən məhrum edildi.

İyunun 5-də keçirilən referendumda isə Nursultan Nazarbayev əksər imtiyazlardan, o cümlədən “elbaşı” və ya “millət lideri” statusundan məhrum edildi.

Qazaxıstanın Baş Prokurorluğunun yaydığı məlumata görə, hadisələr zamanı 238 nəfər həlak olmuşdu.

Ana səhifəDünyaQazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək