“Fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə sel suları dolub”
Qazax rayonunda güclü leysan fəsadlar törədib.
Azadlıq Radiosunun
rayonun İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə əsasən, leysan iyulun 14-də, axşam saatlarında baş verib.
İcra Hakimiyyətindən bildirilib ki, vətəndaşlara məxsus fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə, bağlara və Qazax şəhərinin parklarına, Uşaq Əyləncə Mərkəzinə sel suları dolub.
“Küçə və yolları sel suları yuyaraq yararsız hala salıb, kanalizasiya xətlərini sel suları doldurub, elektrik xətlərində yaranmış qüsurlar nəticəsində elektrik verilişində fasilələr yaranıb. Qazax şəhərində 6 ədəd iri ağac yıxılıb, şəhər təsərrüfatına ziyan dəyib”.
Qazax RİH-in məlumatına görə, təbii fəlakət zamanı 9 nəfər sakin zərər çəkib, güclü leysan yağışları nəticəsində şəhərin Ş.Xiyabani, Azadlıq, Ə.Qədirov, N.Nərimanov yaşayış massivi, Ağköynək kəndində məskunlaşmış Məzəm, Quşçu Ayrım və Birinci Şıxlı kənd sakinlərinin evlərinə ziyan dəyib, sel suları evləri yararsız hala salıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri və komissiya üzvlərinin zərər dəymiş ünvanlarda olduqları deyilir.
Məlumatda fərdi yaşayış evlərinin zirzəmisinə, həyətlərə dolan sel sularının nasos vasitəsilə çıxarıldığı, əhaliyə, təsərrüfatlara dəyən ziyanın hesablandığı bildirilir.