1895-ci ildə Nyu-York ştatı qanunvericiləri “Un məmulatları mağazaları haqqında” Akt qəbul etdilər. Akta əsasən, un məmulatı sənayesi işçilərinin sağlamlığının qorunması məqsədilə onların həftədə 60, gündə 10 saatdan artıq işlədilməsi qadağan edilirdi. 1901-ci ildə Joseph Lochner adlı sahibkar bu qanuna əsasən, Oneida qraflıq məhkəməsi tərəfindən 50 dollar (2016-cı ilin 700 dollarına bərabər) cərimələndi. Lochner qərardan şikayət verdi, amma federal Ali Məhkəməyə qədər bütün instansiyaları uduzdu. Nəticədə o, ABŞ Ali Məhkəməsinə şikayət etməli oldu. 1905-ci ildə Ali Məhkəmə sonradan ləğv edilmiş qərar çıxartdı və Lochner-i haqlı saydı.
Lochner öz iddiasında Konstitusiyaya 14-cü Düzəlişlə təminat verilmiş müqavilə azadlığına istinad edir və dövlət tərəfindən maksimum iş saatının qoyulmasını bu azadlığa müdaxilə hesab edirdi. Ali Məhkəmə onu haqlı hesab etdi, bununla da ABŞ hüququnda Lochner dövrü başladı, Ali Məhkəmə bir neçə qərarla bu eranı möhkəmləndirdi. Yalnız 1937-ci ildə Ali Məhkəmə Vaşinqton ştatının minimum əmək haqqı barədə qanunvericilik müddəasını Konstitusiyaya uyğun hesab edəndən sonra, Lochner erası başa çatdı.
“Lochner Nyu-Yorka qarşı” işində 1905-ci ildə çıxmış qərara 2 hakim – Harlan və Holmes etiraz yazdılar. Öz qərarları, etirazları, mövqeyi ilə hüquq tarixində silinməz izlər qoymuş məşhur hakim Oliver Wendell Holmes Jr. (Oliver Uendel Holms) bu qərara yazdığı etirazla “Qaydalar Standartlara qarşı” (“Rules vs. Standards”) kimi tanınmış məşhur qarşılaşdırmada öz mövqeyini ortaya qoymuşdur. Holmes etirazında bildirmişdir ki, “ümumi qaydalar ayrı-ayrı işləri həll etmir”. Məhz baxılan məsələ ilə əlaqədar isə belə ifadə etmişdir ki, Konstitusiyaya 14-cü Düzəlişdə nəzərdə tutulmuş müqavilə azadlığı ümumi qaydadadır, onu konkret işlərə aid etmək üçün qanunvericilikdə işlənməli, tətbiq olunmalıdır. Başqa sözlə, kimsə dəqiqləşdirilməmiş ümumi qaydaya əsaslanaraq, başqalarının hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz.
Holmes-un bu fikri alman hüquqşünas Rudolph von Jhering-in “Formal realizə olunma qabiliyyəti” ideyasına əsaslanır. Bu ideyaya görə “Qaydalar Standartlara qarşı” çıxış edir. Qaydalar daha konkretdir, dəqiqdir, mexaniki olaraq müraciət edilə biləndir; standartlar isə ikibaşlıdır, elastikdir, qeyri-müəyyəndir. Məhz buna əsaslanaraq, Holmes, barəsində danışdığımız etirazında bildirmişdir ki, verilən qərar əsas standartın ifadəsindən daha çox onun mühakiməsindən asılı olmalıdır. Yəni “müqavilə azadlığı” Konstitusiya (Düzəliş) tərəfindən müəyyən olunmuş standartdır, yalnız ona əsaslanaraq, qərar vermək olmaz.
Hüquq tarixinin bu məşhur hadisəsini danışmağımın səbəbi “bu, mənim fikrimdir” ifadəsindən tutmuş “xalqın diktator seçmək hüququ var” absurduna qədər uzanan iddialar ilə tez-tez rastlaşmağımızdır. Bu isə xeyli adamı dalana salır. Məsələn, kişi arvadını döyür, yaxınlaşıb mane olmaq istəyəndə döyülən (arvad) müdafiəçisinin üstünə çımxırır ki, “öz ərimdir, özümüz bilərik”. Yaxud seçki ilə hakimiyyətə gələn biri öz xalqını repressiya edir, etiraz edənlərə isə diktatora səs verənlər deyirlər ki, “azad seçki olub, nə istəsə, edə bilər”. Amma ağıllı, məntiqli adam başa düşür ki, burda nə isə düz getmir. Təbii ki, hər kəsin istədiyi adamla evlənmək, münasibətdə olmaq, hətta mazoxist olmaq hüququ var. Yaxud insanların seçki hüquqları var və bundan istifadə etməyi onlara qadağan etmək olmaz. Amma Holmes dediyi kimi, “ümumi qaydalar ayrı-ayrı işləri həll etmir”. Hər kəsin istədiyi adamla evlənmək hüququ ümumi qaydadır, konstitusiya və ya hüququn digər mənbəyində ifadə olunmuş hüquqdur. Buna əsaslanıb digər dəyərləri, hüquqları tapdalamaq olmaz. Hər kəsin zorakılıqdan müdafiə olunmaq hüququ, məişət zorakılığına qarşı qanunvericilik, bütün bunlardan meydana çıxan məsələlərin daha aşağı səviyyəli qanunvericiliklərdə tənzimlənməsi var – bunlar artıq qaydalardır və “öz ərimdir, özümüz bilərik” standartına qarşı durur.
Eləcə də azad səsvermə ilə seçilmiş şəxs digər dəyərlərə riayət etməlidir. Səsvermə hüququnun olması ümumi standartdır, qayda deyil. Qaydalar daha konkretdir – seçki necə keçirilməlidir, seçkiyə hazırlıq, təbliğat-təşviqat kampaniyası hansı prinsiplərə riayət olunmaqla təşkil olunmalıdır və s. Eləcə də dövlətin strukturundakı digər orqanların seçkili vəzifəni qarşılıqlı şəkildə məhdudlaşdırması, üstəgəl KİV, vətəndaş cəmiyyəti kimi institutların müstəqilliyi və onların həmin seçkili vəzifəni daşıyan şəxsin özbaşınalığına nəzarət funksiyaları kimi məsələlər var. Bütün bu qaydaları nəzərə almadan sadəcə ümumi standartlara əsaslanaraq, diktaturaya legitimlik qazandırmaq olmaz. Çünki standartlar elə standartlarla – ümumi, qeyri-müəyyən, ikibaşlı, elastik müddəalarla rəqabətdədirlər. Yəni kiminsə səs vermək hüququ varsa, başqasının da azlıq olaraq, “çoxluğun diktaturası”ndan müdafiə olunmaq hüququ var. Necə müdafiə olunacaq, tarazlaşma necə müəyyən ediləcək, ədalət hansı nöqtədə tapılacaq – bütün bu məsələlər artıq standartlar yox, qaydalardır və bunlar məhz qaydalarla rəqabətdədir. Ümumiyyətlə, ədaləti ümumi, qeyri-müəyyən standartlar müəyyən edə, tapa bilməz. Ədalət elə anlayışdır ki, onu müəyyən etmək üzərində nəhəng institut – hüquq işləyir.
Bir sözlə, Holmes dediyi kimi, sənin müqavilə azadlığın var, amma bu, o demək deyil ki, sən müqaviləyə başqalarının, eləcə də özünün sağlamlığını pozan müddəaları daxil edə bilərsən. Eyni cür – sənin seçki hüququn var, amma bu, o demək deyil ki, sən elə birini seçə bilərsən ki, o sənin və başqalarının əksər hüquqlarını məhdudlaşdırsın. Daha sadə desək, sənin hərəkət azadlığın var, amma sən başqalarını tapdalayıb keçə bilməzsən, çünki o məsələləri tənzimləyən qaydalar var.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.