Təlimlərdə çox vaxt həmsöhbət olanlar ilk “hansı millətdənsən” sualını verirlər. Lika və mən milliyətimizi deyəndə çox adam təəccüb edirdi. Kənardan heç də soyqrım, torpaq, qan, sarı gəlin, tar, dolma, rəqs davası görmürdülər.
Stepanakertdə doğulduğunu deyəndə üzümdə yaranan suala “Xankəndi” cavabını verdi. Mənə Cıdır Düzündə dayanıb ətrafı seyr etməyi ən çox sevdiyi məşğuliyyət olduğunu deyəndə açığı içim göynədi. Gecənin o vaxtı orda olmaq istədim. Sonra fikirləşdim ki, zibilə qalasan. Ölkənin içində bir dəfə hansısa rayona gedib dincələ bilmirsən, Cıdır Düzünü arzulayırsan. Hansı ki, nə dədən gedib nə anan.
Bəxtləri gətirib. 2006-cı ildə onlara 3 otaqlı ev veriblər. Atasının Qarabağ uğrunda döyüşlərdə veteran olduğuna görə. Döyüşlərdə isə babasının və dayısının bəxti gətirməyib, həlak olublar.
Nə qədər havadan, sudan danışsaq da, içimizdəki cındır hiss mütləq, xəbərimiz də olmadan, söhbəti münaqişəyə gətirirdi. Onun sualı heç də mənimkindən fərqlənmirdi. Mən sualı bir az dolayı, o isə qısa ve konkret verirdi. Təxminən belə bir şey:
– Müharibə başlasa neynəyəcəksən?
Onun cavabı yenə konkret olurdu:
– Evimi qoruyacam.
Mənim cavabım uzunçu olurdu, amma axırda təxminən onun cavabına bənzər bir şey çıxırdı.
Musiqiylə maraqlanır. Teatrlarda tamaşalara rol alır. Beynəlxalq seminarlarda iştirak edir. Fotoqrafiyaya böyük həvəsi var. Atıcılığa gedir. Sonuncunun səbəbini soruşanda, “hər şey ola bilər” cavabını verdi. Dedi ki, siz hücum edən tərəf olacaqsınız. Orda, Qarabağda hamı belə düşünür. Bunu da Lika dedi.
Geyim zövqlərimiz üst-üstə düşdü. Bunu bütöv bir günü ancaq geyim mağazalarında gəzməklə anladıq.
Axşam kafedə pizza yeyərkən mənə bir hədiyyə verdi. Boynumdan asdım. Hə, bir də qeyd etmədən keçə bilməzdim. Çox gözəl səsi var. Gitarada qəşəng ifa edir. Güləndə gözləri gülür. Konservant deyil, amma o da yazılmamış qanunlara riayət etmək məcburiyyətindədir.