Genişmiqyaslı əməliyyatlar başlayarsa, tərəflər zorən sülhə vadar edilə bilərmi?
Ölkədə savaş əhvalı dominantlıq təşkil edir. Cəbhə xəttində atəşkəs pozulub və iqtidar belə bir rəy formalaşdırmaq istəyir ki, Azərbaycan artıq hərbi əməliyyatlara başlayaraq, ən azı bir neçə rayonu geri qaytarmaq üzrədir. Müharibə məsələsini Azərbaycan da daxil olmaqla siyasi məqsədlər üçün hər tərəf istifadə edir. Vurğulamaq lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək nyyəti dünya gücləri tərəfindən birmənalı qarşılanmır. Qərb atəşkəsin pozulmasından narahatlığını dilə gətirib. Lakin burada söhbət daha çox Rusiyadan gedir. Savaşın əsas təşəbbüskarı kimi dolayısı ilə də olsa Moskva çıxış edir. Kreml Bakının Qərblə yaxınlaşmasına atəşkəsin pozulması ilə cavab verir. Unutmaq olmaz ki, Rusiya dəfələrlə göstərib ki, o, istədiyi halda heç bir müqaviləyə əsaslanmadan öz hərbi qüvvələrindən istifadə edə bilər. Bu baxımdan, daha irimiqyaslı savaş başlayarsa, ruslar Azərbaycana hərbi müdaxilə də edə bilər. Bütün bunlar açıq – aydın sezilən həqiqətlərdir. Belə olan təqdirdə, son savaşın nəyə xidmət etdiyini anlamaq lazım gəlir. İlk baxışdan, Bakının silaha əl ataraq, işğal olunmuş ərazilərdən bir qismini azad etməsi mümkün görünür. Lakin bu məsələ göründüyü qədər də sadə deyil. Son proseslər fonunda yaranan təəssürat ondan ibarətdir ki, məhz ruslar Bakını belə addım atmağa təhrik edir. Azərbaycanın silaha əl atması İrəvanın da maraqlarına cavab verir. Ermənistan uzun müddətdir ki, münaqişənin etnik zəmində baş verdiyini bəyan edir. Genişmiqyaslı savaş başlayarsa, İrəvan öz təbliğatını bu istiqamətdə qura bilər – “millətlərin özünü təyin etmə hüququna” Bakı etnik təmizləmə ilə cavabı verir. Bu mərhələdə savaşa başlamaq göründüyü kimi sadə deyil. Erməni təbliğatı növbəti “zavallı erməni xalqının” “soyqırımı” barədə ağlaşma qurmaq üçün bu fürsətdən istifadə edə bilər. Dünyadakı reallıq Birləşmiş Ştatların da Azərbaycana sərf etməyəcək mövqedən çıxış edəcəyini ehtimal etməyə əsas verir. Artıq ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri də atəşkəsin pozulmasını pisləyib. BMT-dən də eyni reaksiya gəldi.
Lakin dünyanın güc mərkəzləri unudurlar ki, Qarabağ münaqişəni Cənubi Qafqazda və Şərqi Avropada mövcud olan digər münaqişələrlə eyniləşdirmək olmaz. Ən azı ona görə ki, Dağlıq Qarabağ əhalisinin hamısı etnik ermənilərdən ibarət deyil, bu ərazidə yaşayan Azərbaycan türklərinin hüquqları da nəzərdən qaçırıla bilməz.
Digər tərəfdən, işğal altında olan ərazilərin əhalisinin əksəriyyəti türklərdir və məsələyə milli təyinetmə prizmasından heç cürə baxıla bilməz. Bir məqama da diqqət yetirək. Belə bir fikir irəli sürülür ki, əgər Azərbaycan irimiqyaslı – işğal olunmuş ərazilərin ən müxtəlif istiqamətlərindən azad olunmasına başlasa, Ermənistan bu qədər ərazini qorumaq imkanında olmayacaq. Lakin unutmaq olmaz ki, daha irimiqyaslı savaş başlayarsa, bu zaman prosesə Rusiya müdaxilə edə bilər. Əlbəttə, Qərbin bu hadisələrə mövqeyindən də çox şey asılı olacaq. Bu mövqenin isə Azərbaycanın mövqeyi ilə üst-üstə düşəcəyini təxmin etmək elə də asan deyil. Lakin kənar baxışla görünən budur ki, Kreml Azərbaycanı yeni savaşa şirnikləndirir və işğal olunmuş torpaqlarımızın azad olunacağına dolayısı ilə yardım edəcəyinə “zəmanət” verir. Bu məsələdə rusların səmimiliyinə inananlar unudurlar ki, Ermənistan Rusiyanın forpostudur və Moskvanın istəyi olsa idi, İrəvanı savaşsız da torpaqları azad etməyə vadar edə bilərdi. Görünən budur ki, Rusiyaya Qarabağın azad edilməsi deyil, yeni savaş lazımdır. Aydın məsələdir ki, böyük savaş başlayarsa, ruslar öz tarixi müttəfiqləri olan ermənilərə yardım edəcəklər. Bu isə yeni torpaq itkisi riski deməkdir. Qərb də Azərbaycanın savaşa başlamasını arzu etmir. Odur ki, düşünülməmiş savaş yeni ərazi itkisi ilə sonuclana bilər. Hərbi əməliyyatlara başlamaq lazımdır, lakin bu məsələdə soyuqqanlı qərar qəbul etmək daha önəmlidir.
Digər tərəfdən, savaşa başlayan istənilən hakimiyyət ölkə daxilində vətəndaş birliyinə nail olmağa cəhd edir. Milli birlik və vətəndaş sülhü olmadan, yeni savaşa başlamaq məntiqsizdir. Bu baxımdan, siyasi məhbusların hamısının azad edilməsi zərurəti yaranır.
Proseslərin gələcək inkişafının konturları da artıq cızılmaqdadır. Savaşda məğlubiyyət yaşanarsa, bu, ölkədə narazılığın artması ilə sonuclana bilər və nəticədə rəsmi Bakı Kremlin Gömrük İttifaqı layihəsinə razılıq verə bilər. Lakin söhbət irimiqyaslı savaşdan deyil, qıs müddətli döyüşlərdən gedə bilər. Azərbaycan bir-iki kəndi geri qaytara bilər. Əməliyyatların miqyası genişlənərsə, sülhə vadar etmək planı da işə düşə bilər. Yaranmış vəziyyətdə Qərb ən optimal yol kimi zorən sülhə nail olmağı nəzərdən keçirə bilər. Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatların yenidən başlaya biləcəyi zorən sülh variantını aktual edir.
Görünən budur ki, dalana dirənən danışıqlar prosesi yenidən canlana bilər. Lakin Cənubi Qafqazla bağlı tərəflərin qarşıdakı dövr üçün razılığa gələ bilməsi ehtimalı inandırıcı deyil. Geosiyasi maraqlar müxtəlif olduğundan bunu etmək imkansız görünür. Supergüclər Azərbaycandan yeni geosiyasi mübarizədə birmənalı seçimini müəyyən etməyi tələb edəcəklər. Proseslər gərginliyə doğru inkişaf edir. Savaşın qarşısının alınması üçün danışıqlar prosesinin bərpa olunacağı vacib görünür. Lakin bu dəfə danışıqlar Azərbaycanın maraqlarına xidmət etməlidir.
Burada bir amilə də diqqət yetirmək lazım gəlir. Hakimiyyət dəhlizlərində beşinci kolonun təmsilçiləri kifayət qədərdir. Onları təmizləmədən yeni Qarabağ savaşına başlamaq olduqca risklidir…