Qarabağ münaqişəsində İran kimin tərəfindədir?

Qarabağdakı müharibə İrana sadəcə diplomatik səviyyədə deyil, hərfi mənada toxunub. Mərmilər sərhədin üzərindən uçaraq, yerli sakinləri çaxnaşmaya salır

Source: ria.ru


"Etinasız qalmayacağıq"

Ermənistan və Azərbaycan bir-birini atəşkəsin pozulmasında ittiham edir, vasitəçilər münaqişə zonasına sülhməramlıları yerləşdirməyi təklif edirlər. Tehran bu fonda ərazisinə mərmilərin düşməsinə artıq tab gətirməyəcəyi ilə hədələyib. Bakıda və Yerevanda İslam Respublikasının daha çox kimə meylləndiyini anlaya bilmirlər. İranın Cənubi Qafqazda rolu haqqında –

“RİA Novosti”

-nin materialları əsasında.


Etiraz həddində

“Bu silahlı qarşıdurma bizim maraqlarımız xaricindədir: Yerevan qonşumuzdur. Bakı ilə dinlə, tarixlə, mədəniyyətlə bağlıyıq. Azərbaycanın taleyi bizi narahat edir və biz onun ərazi bütövlüyünü dəstəkləyirik. İşğal olunmuş rayonlar azad edilməlidir”, – İranın ruhani liderinin beynəlxalq işlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib.

Qarabağdakı müharibə İrana sadəcə diplomatik səviyyədə deyil, hərfi mənada toxunub. Mərmilər sərhədin üzərindən uçaraq, yerli sakinləri çaxnaşmaya salır.

“Əgər silahlı qarşıdurma bizə təhlükə yaradacaqsa, İran etinasız qalmayacaq”, – XİN-in nümayəndəsi Səid Xətibzadə qeyd edib.

90-cı illərin əvvəllərindən İran İslam Respublikası (İİR) bölgədə siyasi nizamlanmanın tərəfində çıxış edir. Tehran rəsmi Azərbaycan sərhədlərinin yenidən müəyyənləşdirilməsinin əleyhinədir, lakin ermənilərin maraqlarını nəzərə almağa çağırır. İran diplomatiyası ənənəvi olaraq həm Bakı, həm də Yerevanla qarşılıqlı münasibətdə olub.

Məmurların son söylədikləri ilk dəfə Tehranın münaqişənin indiki fazasına münasibətini ifadə edib. Azərbaycan hesab edir ki, İran Bakının mövqeyini bölüşür. Yeri gəlmişkən, Ermənistan həmçinin ayətullahın müşavirinin çıxışında dəstək kəlmələri eşidib.

fdas.png
İranın Prezidenti Həsən Ruhani və Azərbaycanın Prezidenti İlham Əliyev Tehranda görüşdən əvvəl. 1 noyabr 2017

İranın şimalında 30 milyona yaxın etnik azərbaycanlı yaşayır. Onlar Dağlıq Qarabağda baş verən olaylara etinasız deyillər və illərdir hakimiyyəti Ermənistana kömək etməməyə çağırırlar. Odur ki, “işğal olunmuş əraziləri azad etmək” ifadəsi ruh yüksəkliyinə səbəb olub.

Hərbi əməliyyatlar başlayandan sonra İran azərbaycanlıları İran-Ermənistan sərhədini bağlamağı tələb edib. Lakin hakimiyyət buna reaksiya verməyib, hərçənd Ayətullah Xameneyi etnik azərbaycanlıdır.


Cənub və şimal

İran dünyada həm Azərbaycan, həm Ermənistan, həm də Dağlıq Qarabağla sərhədi olan yeganə ölkədir. Bu torpaqlar XIX əsrədək Persiyaya mənsub olub, sonra Rusiyanın yurisdiksiyasına keçib.

Qafqazın yenidən bölüşdürülməsi xalqları ayrı salıb. Azərbaycanlıların yaşadığı ərazilərin üçdə biri Rusiya imperiyasının, sonra SSRİ-nin tərkibinə daxil olub. Bölgə Şimali Azərbaycan adlandırılmağa başlayıb. İranda qalanlarasa cənubi azərbaycanlılar deyilib.

Rusiya imperiyası dağılandan sonra Qafqaz xalqları öz dövlətlərinin yaradılmasına ümid bəsləyiblər. Lakin sovet hakimiyyəti ucqarları nəzarətə götürüb və milli sosialist respublikaları yaradıb.

Böyük Vətən Müharibəsinin əvvəlində sovet qoşunları İrana daxil olub. Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşdirilməsi variantı nəzərdə tutulub, lakin eləcə də gerçəkləşməyib. Səksəninci illərin sonunda yenə birləşmə çağırışları səslənib – Tehran bunun qarşısını alıb.

fdasasd.png
Ermənistanın Baş naziri Nikol Paşinyan və İranın Prezidenti Həsən Ruhani Tehranda görüş zamanı, İran

İran hakimiyyəti 1991-ci ildə Azərbaycanda müstəqilliyin elan edilməsinə təmkinlə reaksiya verdi. “Şiə qardaşları” suverenlik münasibəti ilə təbrik etdilər, lakin şimal bölgələrin nəzarətini gücləndirdilər.

İranı Amerika-Azərbaycan dostluğu da ehtiyatlandırdı: İslam Respublikası qonşunun əsas düşmənlə əlaqəsini milli təhlükəsizliyə potensial təhlükə kimi qiymətləndirdi. Lakin Tehran buna mane ola bilmədi.

İran hakimiyyəti azərbaycanlıların sərhədin hər iki tərəfi ilə yaxınlaşmasına imkan verməmək üçün ölkənin şimalında uzun müddət Azərbaycan Respublikasının konsulluğunu açmaqdan imtina etdi. Bakı və Vaşinqton öz növbəsində Qafqazda hərbi bazaların yerləşdirilməsini fəal şəkildə müzakirə etdi, Xəzərdə neft-qaz yataqlarını birgə işləyib hazırladı və təlimlər keçdi.

İran üçün daha bir qıcıq mənbəyi Azərbaycanla Türkiyənin sıx münasibətləridir. Azərbaycanlıların şiə olduğunu nəzərə almayan türklərin pantürkizmə apelyasiya etməsi ayətullahların xoşuna gəlmirdi. Üstəlik Ankara NATO-nun üzvüdür ki, bu da İİR-nı sevindirmir.


Qüvvələrin və maraqların tarazlığı

SSRİ dağılandan sonra Cənubi Qafqazda qüvvələrin bölüşdürülməsi İran hakimiyyətini o qədər də təmin etmirdi və onlar öz gündəliklərini təklif etdilər. Onlar ilk olaraq Dağlıq Qarabağ münaqişəsinin vasitəçisi rolunda çıxış etdilər.

1992-ci ildə Ermənistan və Azərbaycanın liderləri Tehranda görüşdülər və atəkəs imzaladılar. Lakin danışıqlar başa çatar-çatmaz erməni hərbiçiləri hücuma keçərək Şuşanı aldılar. İİR bundan sonra bir neçə dəfə problemdən kənarlaşdı.

Tehranda bəzi siyasətçilər qorxurdular ki, ermənilər uduzduğu təqdirdə İran azərbaycanlıları da birləşmək haqqında məsələ qaldıracaqlar. İİR bunun baş verməməsi üçün Ermənistana humanitar və maliyyə yardımı göstərdi. Müşahidəçilər hətta İran-Ermənistan sərhədindən silah keçirilməsi haqda danışırdılar, lakin hakimiyyət bunu təkzib etdi.

qwe.png
İranlı siyasətçi Əli Əkbər Vilayəti

Hətta İlham Əliyevin dəfələrlə İrana səfərləri və qarşılıqlı əlaqə haqda razılaşmalara rəğmən, Tehran Ermənistanı dəstəkləməkdən imtina etmədi. Onlar bütün iddialara cavab olaraq deyirdilər ki, Azərbaycan hərbi sahədə İsraillə – İİR-nın barışmaz düşməni ilə əməkdaşlıq edir.

Təmas xəttindəki toqquşmalar hər dəfə İrandakı qeyri-sabitliyi artırır. Dağlıq Qarabağda sentyabrda vəziyyətin gərginləşməsi yenidən etiraz dalğası doğurub. Təbriz, Urmiya, Xoy, Ərdəbildə yaşayan azərbaycanlılar hakimiyyəti açıq şəkildə Bakının tərəfində çıxış etmədiyi təqdirdə kütləvi etirazlarla hədələyiblər.


Vətənpərvər gərginlik

"İran azərbaycanlılarının etirazını doğurmamaq üçün hakimiyyət reaksiya vermək məcburiyyətindədir. Başa düşmək lazımdır: Vilayətinin işğal olunmuş əraziləri azad etmək çağırışı əsas etibarı ilə daxili auditoriyaya tuşlanıb. Mühüm olan insanları sakitləşdirməkdir”, – Qafqaz üzrə rusiyalı mütəxəssis Nurlan Qasımov deyir.

Hərçənd ekspert bu bəyanatların kifayət etdiyinə şübhə ilə yanaşır.

“Gənc İran azərbaycanlıları Dağlıq Qarabağdakı müharibəyə kəskin reaksiya verir. Yaşlı nəslin beyninə yeridiblər ki, İslam inqilabı naminə etnik fərqlər ikinci plana keçməlidir, lakin indi vəziyyət başqadır. Təbrizdə, Ərdəbildə, Xoydakı gənclər onlara Bakı ilə sıx əlaqədə olmağa imkan vermədiklərini hiss edirlər və bu, etiraz əhval-ruhiyyəsini gücləndirir”, – Qasımov izah edir.

Dağlıq Qarabağda sentyabrda baş vermiş qarşıdurma başlayandan İran azərbaycanlıları Bakını dəstək məqsədi ilə mitinqlər keçirirlər. Kütlə dəfələrlə Ermənistana yardım maşınlarının qarşısını kəsib və yandırıb. Bu, Tehranı ehtiyatlandırıb.

“Hakimiyyət aydın mövqe bildirməzsə, İran millətinin birliyi məsələsi ciddi başağrısına çevriləcək. Beləliklə, Dağlıq Qarabağı İranın daxili siyasi sabitliyinin amili adlandırmaq olar”, – Qasımov yekunlaşdırır.


Türklər və osmanlar

REA-nın Şərqşünaslıq İnstitutunun baş elmi əməkdaşı Vladimir Sajin xatırladır: İranda böyük erməni diasporası var.

“İki minə yaxın erməni İran cəmiyyətinə yaxşı inteqrasiya edib və dövlət idarə sistemində yüksək vəzifələr tutur. Diasporanın dünyada nüfuzunu nəzərə alsaq, iranlılar onun vasitəsi ilə tez-tez Qərblə lobbiçilik edir. Ermənilərə qarşı çıxmaq Tehrana əl vermir”, – Sajin mühakimə yürüdür.

ddd.png
Mardakertdə atəş nəticəsində dağıdılmış hospitalın həyətində qəlpə ilə deşilmiş kaska

Yerevandan olan siyasi şərhçi Ayk Xalatyan eyni fikirdədir. “İran azərbayanpərəst xətt seçsəydi, ilk olaraq Ermənistan-İran sərhədini bağlayardı. İndi Arsaxda (Qarabağ) qarşıdurma və Gürcüstanın Ermənistana hərbi tranzitləri qadağan etməsi şəraitində İranla sərhəd xüsusilə mühümdür”, – ekspert qeyd edir.

O hesab edir ki, Moskva və ya Ankara ilə müqayisədə Tehranın Dağlıq Qarabağ münaqişəsinə təsir rıçaqları daha azdır. Bununla yanaşı, Xalatyan əmindir: İİR Qafqazdakı şəraitə təsir gösrətməyə davam edəcək – “İranın şimal sərhədlərindəki vəziyyət birbaşa bundan asılıdır”.

Sajin əlavə edir ki, indi Bakının tərəfində çıxış etmək pantürkçü əhval-ruhiyyəni gücləndirmək deməkdir. Ekspert Tehranın buna gedəcəyinə şübhə ilə yanaşır: hətta hazırkı gərginlikdə belə ölkə hakimiyyəti tarazlaşdırmaya gedəcək və öz mənfəətini axtaracaq. İran, hər şeydən əvvəl, öz maraqlarını üstün tutur.

Ana səhifəSiyasətQarabağ münaqişəsində İran kimin tərəfindədir?