“Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, populizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı”. Bu sözləri deputat Hadı Rəcəbli bir neçə gün öncə Report.az-a müsahibəsi zaman deyib.
Deputatın bu fikri birmənalı qarşılanmayıb, o, sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.
Bəs Bakı əhalisi bu haqda nə düşünür? Meydan TV bununla bağlı əhali arasında sorğu keçirib.
– Yəqin, qarşılanmalıdır də, biz kimik ki? Özləri bilər, dövlət bilər.
-Bəli, dövlət tərəfindən qarşılanmalıdır. Çünki onlar müharibədə iştirak ediblər, onların uşaqları qalıb. Məncə, qarşılanmalıdır.
-Qarşılanmalıdır, bəli. Çünki, vətən uğrunda əlil olublar. İndi də onların borcudur ki, onların bütün dərman və nəqliyyat xərclərini qarşılasın.
-Yaxşı olardı. Baxma da əlil adamlardır. Özü də torpaq uğrunda. Əlbəttə, yaxşı olardı.
-Vallah, mən nə deyim? Qarabağ əlillərinə hörmət lazımdır, onlara yardım lazımdır.
-Əlbəttə, qarşılanmalıdır. Yəni ki, ən azından vətən üçün vuruşublar, vətən üçün olublar. Ona görə də, onların hər bir şeyi dövlət tərəfindən qarşılanmalıdır.
-Bəli, mütləq şəkildə. Çünki onların işləməyə gücləri çatmır. Onlara yardım etmək hər bir vətəndaşın borcudur. Demək olar ki, dövlətin də daha çox borcudur.
-Vallah, mən onları bilmirəm. Mənim özümdə başqa əlil var. Dövlətdən bir qəpik də görmürəm. Heç o birilər mənə aid deyil. Mən özümkünə heçnə görmürəm. Ona görə dövlət verir-vermir o artıq mənlik deyil.
-Tibbdir, təhsildir. Yəni, dövlətə aid olan müəssisələrdə güzəşt var. Vergilərdə də, 75% güzəşt var. Yox, dövlət baxır. Sabah mənə baxan deyəcək ki, buna he nə etmirlər. Buna baxan, hörmət edən yoxdur. Mən hara gedim? Mən də bir ayağımı, qolumu orada qoyum gəlim, sonra mənə də baxan olmasın. Elə deyil axı. İndi cavanlar bizə baxır. Görürlər ki, biz diqqət və qayğı ilə əhatələnirik. Deyirlər ki, mən də gedərəm. Niyə getmirəm ki?!
-Vallah, mən bilmirəm. Elə şeylərdən bizim xəbərimiz yoxdur.
-Əgər, onlar Qarabağ uğrunda əlil olublarsa, dövlət onlara xidmət etməlidir.
-Bəli, çünki onlar vətən yolunda döyüşüblər. Olmalıdır, biz bununla razıyıq.
-Bəs nədir? Onlar vətən yolunda əlil olublar. Ailəni saxlamaq lazımdır. Onlara kimdir qazanıb verən? İndiki pensiya ilə də heç dolanmaq mümkün deyil. Bundan artıq nə deyim? Mənim atam da veteran olub. Heç bir köməklik, yardım görmədik. O vaxtlar rayonun rəhbər işçisi dedi ki, mən göndərməmişdim səni. Indiki vaxtda da, hər şey bahadır, çətindir. Əlbəttə ki, yardım etməlidirlər. Çünki Allah eləməsin, bir də müharibə olsa, heç kim getmək istəməyəcək, uşağını göndərmək istəməyəcək. Nə edirlər? Heç nə etmirlər.
Kanalımıza abunə ol, daha çox video izlə –
https://goo.gl/TcM9Fm