Qarabağ əlili: Niyə məndən sonra növbəyə dayanan adamın evi tikilib?

Təhməz Həbilov evsizlikdən, araba ala bilməməsindən gileylidir

Source: Meydan TV


Təhməz Həbilov evsizlikdən, araba ala bilməməsindən gileylidir

Ağdaş sakini, Qarabağ əlili Təhməz Həbilov ona verilməli olan mənzili ala bilməməsindən şikayətçidir.

2010-cu ildən qeydiyyatı üzrə ev növbəsinə dayanan qazi Meydan TV-yə bildirir ki, ondan sonra növbəyə duranlar ev alsa da, o, hələ də gözləyir. Qazinin dediyinə görə, Ağdaş rayonu ərazisində Qarabağ qaziləri və şəhid ailələri üçün tikilən evlər heç də təyinatı üzrə paylanmır:

“Mən növbəyə 2010-cu ildə Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində dayanmışam. 2012-ci ildə ev növbəsində duran adamın evi tikilir, mən isə hələ də gözləyirəm. Soruşuram ki, bu, necə olur? Niyə məndən sonra növbəyə dayanan adamın evi tikilib? Belə çıxır ki, burada rüşvət rol oynayıb. Mənə çatmağa iki ev qalmışdı, şəhər ilə kənd siyahısını birləşdirdilər. Belə olandan sonra da siyahıda 88-ci adam oldum. İndi Allah bilir, nə vaxt növbə gəlib, mənə çatacaq”.

Bugünədək Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində məsələyə əsaslı cavab ala bilməyən qazi deyir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə məktub yazacaq. Ailə vəziyyətinin ağır olduğunu bildirən Təhməz Həbibov, hazırda oğlunun ailəsi ilə birgə ata yurdunda yaşadığını söyləyir:

“İki oğlum var, biri evlidir. Atamdan qalma 3 otaqlı evdə yaşayırıq. Həyətyanı sahədir, fərdi tikintidir, 1967-ci ildə inşa olunub. Ev kiçik qardaşımın adınadır. Onun da ailəsi dörd nəfərdən ibarətdir. Mən ev növbəsinə dayananda, qardaşım ailəsi ilə kirayə evə çıxdı, dedi ki, sənə ev veriləndən sonra qayıdaram. Ev verilmir, necə olacağı da bəlli deyil. Qardaşım da dirənib ki, evdən çıx. Deyir ki, kirayədə yaşaya bilmirəm, evimə qayıdıram. Bu da mənim üçün çətinlik deməkdir. Çıxılmaz vəziyyətdə qalmışam, bilmirəm nə edim. Üç kiçik otaqlardır, nəmişlikdir. Xəstəlik tapmışıq. Birində oğlum yoldaşı ilə, digərində yoldaşımla mən qalıram. Bir otaqdan da ümumi otaq kimi istifadə edirik. Qarabağ müharibəsi əlilinin yaşadığı evi gəlib gözləri ilə görən olsa, dəhşətə gələcək”.

1994-cü ildə Ağdərə döyüşlərində hər iki ayağını da itirən 1-ci qrup Qarabağ müharibəsi əlili deyir ki, ikinci dəfə araba almaq istəyir, lakin buna müvəffəq ola bilmir:

“2018-ci ilin dekabrında əlil arabası almaq üçün sənəd yığdım. Həkim komissiyasından təsdiqləndi, sənədlər onlayn olaraq VTEK-ə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Tibbi-Sosial Ekspert Komissiyası (TSEK). Xalq arasında VTEK kimi tanınır – red) göndərildi. Üstündən neçə ay keçib, heç bir nəticəsi olmayıb”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, həmçinin Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən açıqlama almaq mümkün olmayıb.

Protez Ortopedik Bərpa Mərkəzindən isə Meydan TV-yə bildirilib ki, Təhməz Həbilov sonuncu dəfə 2013-cü ildə araba alıb. Yenidən araba alması üçün çıxarışı olmalıdır.

Ana səhifəBölgəQarabağ əlili: Niyə məndən sonra növbəyə dayanan adamın evi tikilib?