Qarabağ əlili: Məni 34 saylı polis bölməsinə aparıb döydülər

Əlilin sözlərinə görə, onu həmin gün axşam saat 23 radələrində bölmədən buraxıblar.

Source: Meydan.TV


Amil Rzayev deyir, açıq havada iki dostu ilə yediyi yeməyi polis bölməsində burnundan töküblər

“Mən Ağdama görə canımın yarısını itirmişəm, əlil olmuşam. Ancaq Ağdamdan köçkün olan və 34-cü bölmədə işləyən, sona qədər də adını öyrənə bilmədiyim baş leytenant başıma o qədər zərbə vurdu ki, ağrılardan hələ də özümə gələ bilmirəm. Əvvəllər Qarabağ icmasının rəhbəri olmuş Bayram Səfərovun bölmə rəisi işləyən oğlu Xəlil Səfərov Qarabağ əlilini 4 saat döydürüb, sonra da maşın ayırıb, “bir xətadır, oldu, ağsaqqal, heç yerə şikayət eləmə, başımızı ağrıtma” deyib, evimə göndərdi”.

Bunu Meydan TV-yə 1-ci qrup Qarabağ əlili Amil Rzayev deyir. O, avqustun 20-də saat 17 radələrində 34 saylı polis bölməsinə aparılaraq döyüldüyünü iddia edir.


“Narzan” kafesinə basqın?..

“34-cü polis bölməsinin ərazisində “Narzan” kafesi var, həmin kafenin qapalı yeri yoxdur, açıq hava altında fəaliyyət göstərir. İki yaxın dostum və mən – üçlükdə həmin kafedə – yenə deyirəm, açıq hava altında, məsafə gözləməklə bir tikə çörək kəsmək istədik. Kafedə bizdən başqa müştərilər də vardı, hamı məsafəli oturmuşdu, çörək yeyirdi. Qəfil xeyli polis tökülüşdü, adamları masalardan zorla, kobud şəkildə qaldırmağa başladılar. Bizi də qaldırdılar, dedilər, karantin qaydalarını pozmusunuz. Bildirdim ki, qaydanı hansı şəkildə pozduğumuzu qeyd etsinlər, əgər həqiqətən də Nazirlər Kabinetinin qərarına zidd bir hərəkət etmişiksə, yerində cərimələsinlər. Ancaq dedilər, yox, rəisin əmri var, hamınızı bölməyə aparmalıyıq. Bizdən başqa bəlkə 15-20 nəfər vardı orda, bizi də, digərlərini də, kafenin sahibini də zorla 34-cü polis bölməsinə apardılar. Mən bildirdim ki, 1-ci qrup Qarabağ əliliyəm, qolumda güllə var, heç veclərinə də almadılar, məni vəhşicəsinə polis maşınının arxa tərəfində mindirdilər, xəsarət olan qolumu əzdilər”, – şikayətçi deyir.


“Hüquqlarımı tələb tdim, yerə yıxıb başıma döyəclədilər”

Amil Rzayevin sözlərinə görə, polis bölməsinə aparıldıqdan sonra etirazlarına görə döyülüb:

“Bölməyə gətirilənlər arasında haqqını tələb edən bircə mən idim. Tələb edirdim ki, karantin rejimini pozduğumuzu, Nazirlər Kabinetinin qərarına zidd hər hansı hərəkət etdiyimizi sübut eləsinlər. Qışqırırdım ki, Daxili işlər nazirinə, Baş prokurora, Prezidentə müraciət edəcəm. Məhkəmə tələb edirdim. Bu tələblərimə görə məni bir neçə dəfə divara çırpdılar, belimdə hələ də kəskin ağrılar hiss edirəm, başıma vurdular. Axşam saat 11 radələrində buraxılmışam ordan, o müddət ərzində 3 dəfə döyülmüşəm. Yerə yıxıb başıma vurublar. Orda bir baş leytenant vardı, adını öyrənmək istədim, demədilər, dedilər, Ağdam qaçqınıdır, dedim, mən Ağdamda vuruşmuşdum ki, sən gəlib məni yerə yıxıb başıma yumruqlar vurasan? Heç tükü də tərpənmədi. Bölmədən çıxanda israrla həmin qaçqının adını, soyadını öyrənməyə çalışdım, dedilər, ağsaqqal, bir qanmazlıqdı edib, yeri get, bir də təkrar olmaz. Bölmənin rəisi Xəlil Səfərovdur, Şuşanın icra hakimiyyətinin başçısı, “Qarabağ” icmasının rəhbəri olmuş Bayram Səfərovun oğlu. Deməli, ata Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri olub, oğlu bölmədə Qarabağ əlilini döydürür…”


“Dedilər, ağsaqqal, qanmazlıq olub, bağışla”

Amil Rzayev deyir, polis bölməsində polislər ona bildiriblər ki, karantin qaydaları musiqiyə qulaq asmaqla pozulub:

“Birincisi, musiqiyə qulaq asmaq niyə qadağandır, musiqi virus ötürür? İkincisi, mən oturub orda bir tikə çörək yeyirəm, qulaqlarıma pambıq tıxamalı deyiləm ki… Getsinlər o musiqini quraşdırandan hesabını soruşsunlar. Bunlar hamısı bəhanə idi. Hələ polis kafeyə soxulanda orda eşitdim ki, kafe sahibi bölmənin haqqını çatdırmayıb, əsas səbəb də bu olub”.

Əlilin sözlərinə görə, onu həmin gün axşam saat 23 radələrində bölmədən buraxıblar. Buraxmamışdan əvvəl xahiş ediblər ki, heç bir yerə şikayət etməsin:

“Bütün gün ərzində əlili yerə yıxıb döyəsən, sonra da deyəsən ki, bir qanmazlıqdı oldu, ağsaqqal, şikayət eləmə, başımızı ağrıtma. Hətta mənə maşın da ayırdılar, gətirib evimin qarşısında düşürtdülər. Mən də sabahı gün Sabunçudakı 3 saylı Xəstəxanaya gedib müayinədən keçdim. Ancaq xəstəxanada biləndə ki, polisdə döyülmüşəm, müayinələrin cavabını vermədilər, dedilər, polis bölməsinə göndərəcəyik”.

Amil Rzayev başına gələnlərlə bağlı Prezident İlham Əliyevə, Daxili işlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edib. “Döyüldüyüm yerdə kamera vardı”, – deyən əlil qeyd olunan tarixdə 34 saylı polis bölməsindəki kameraların yaddaşının təftiş olunmasını, polislərin cəzalandırılmasını xahiş edir.

Meydan TV müxbiri məsələyə aydınlıq gətirmək üçün bir neçə dəfə 34 saylı polis bölməsi ilə əlaqə saxlayıb. Ancaq hər dəfə növbətçi hissənin əməkdaşları məsələ ilə bağlı zəng etdiyimizi eşidəndə telefonu qapadıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, mayor Elşad Hacıyev Meydan TV-yə məsələni araşdıracaqlarını deyib.

Ana səhifəSosialQarabağ əlili: Məni 34 saylı polis bölməsinə aparıb döydülər