Qapanmış sərhədlər

Multikulturalizm ili

Source:

Keçən yayın avqustunun cırhacırı idi, Berlinin mərkəzindəki bir kafedə, çoxdan görüşmədiyim bir alman dostla tər tökə-tökə qaynar kofedən içib, söhbətləşirdik. Dostum diplomatik sahədə çalışdığından söhbət təbii ki, alman siyasi arenasından, SPD-CDU-Pegida-filan, sonra Ukrayna-Suriya-geosiyasətdən-filandan fırlandı, keçdi Azərbaycana.

– Xəbərin var ki, sizin vizanı almaq mümkünsüz işdir? – dostum daz başında düz oturmuş düzbucaqlı eynəyinin şüşələri altından gözlərini bərəltdi – Mənə bütün dostlarım bunu deyib. Deyir, sizin səfirliyə gələndə, orda adama elə baxırlar! Viza istəyən düşünür ki, ona sanki demək istəyirlər: yaxşı adamsansa, Azərbaycanda nə işin var?!

Acı-acı gülümsədim. Axı uzun illər görüşmədiyim bu adama nə başa salaydım, hardan başlayıb, harda bitirəydim? Birtəhər:

– Yaxşı, nə istəyirlər ki? – deyə dilləndim.

– Nələr istəmirlər ki? Bizim alman bürokratiyası məşhurdur. Amma orada baş verənləri heç nəyə sığmır. Qısası, yəni demək istəyirlər ki, gəlmə.

– … o zaman… getməyin…

Bu haqda çox düşünmüşəm. Haızrkı iqtidarın “nələr etmirik ki, ölkəyə turist axını baslasın” sözlərinə rəğmən, 2010-cü ildən başlayaraq, bu hakimiyyət ölkəmizi inadla, tədricən qapalı bir rejim ölkəsinə çevirdi. Xatirimdədir, bunun necə baş verdiyinin İstanbul-Atatürk aeroportunda şahidi olmuş, hətta təsirlənərək o haqda “Viza, yoxsa Çəpər?” adlı yazı da yazmışdım. O zaman bu ilk “qaranquş” idi, sonra isə bu proses böyüdü, şaxələndi və hazırda ölkə real izolyasiya qarşısında durur.

Adı çəkilmiş yazıdan kiçicik bir sitatı burada gətirmək isətrdim:

“Bu addım viza rejiminin başqa ölkələrlə qarışılıqlı olması kimi nə qədər məsumcasına görünsə də, əslində bu, belə deyil. Hakimiyyəti vətəndaşının vəziyyətinin əsla ilgiləndirmədiyi heç bir kimsəyə sirr deyildir. Və bu addım yalnız seçkilərdəki (2010-cu il noyabr parlament seçkiləri nəzərdə tutulurdu) total saxtakarlıq və növbəti biabırçılıqlar üçün deyildir, bu ölkəmizin tədriclə, əhalisi faktiki rejim tərəfindən terrora məruz qalmış qapalı cırtdan dövlət modelinə – keçmiş Albaniya və ya çağdaş Şimali Koreyaya çevrilməsi yolundakı növbəti addımdır.Türkmənistan da uzaqlarda deyil, əfəndilər, dənizin o tayındadır sadəcə!”

Hazırda isə bu izolyasiyanın nə üçün gərək olduğu artıq hamıya aydındır məncə – bu bir növ gündəlik qanunsuzluq və özbaşınalığın legitimləşdirilməsidir, çünki əgər mümkün qədər izolyasiya edilmiş bir qapalı ölkədə olsaq, daha kimdən çəkinməliyik ki? Necə deyərlər, “utanmasan, oynamağa nə var ki?”

Şübhəsiz ki, bu izolyasiya eyni zamanda çox dərin bir sosial mahiyyət daşıyır. Hakim dairələr, onların yaxınları, əsabələri, qoçuları, qulluqçuları bu izolyasiyadan mümkün qədər kənar tutulur. Bu günlərdə dünyasını dəyişmiş İlhamənin cibindən diplomatik pasportun çıxması bunun əyani sübutu idi.

Bu, əsla yeni bir şey deyil, xanımlar və cənablar, Aleksandr Soljenitsını və ya Varlam Şalamovu (istənilən əsərlərini) oxumuş olsanız, görəcəksiniz ki, bu izolyasiya – sadəcə konslager etikası və eyni zamanda, estetikasıdır. Əlahəzrət ədəbiyyat bu proseslərin hamısının daxili anatomiyasını çox dərin və obrazlı bir surətdə açıb, göstərmişdir. Bu mənada Seymur Baycan haqlıdır, xatirimdədir, bir zaman belə bir cümlə işlətmişdi: “Bütün dünya ədəbiyyatı bu rejimin əleyhinədir”.

Hazırda da elan edilmiş “Multikulturalizm ili” məhz bu etika və estetikanın bariz təzahürüdür. Qapıları kip bağlı ölkə belə bir il edir və onsuz da gülməli vəziyyətdən daha gülünc obraza düşür. Bu, yalnız ölkəsinin sərhədlərinə az qala çəpərlər çəkmiş bir rejimin ağlına gələ bilərdi.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəQapanmış sərhədlər