Frensis Fukuyama
Frensis Fukuyama Con Hopkins universitetində Beynəlxalq Siyasi İqtisadiyyat professorudur. O, siyasi inkişafla bağlı bir kitab üzərində işləyir, sizə təqdim etdiyimiz məqalə həmin kitabdan götürülüb.
Liberal demokratiya iki institut şəbəkəsindən ibarətdir; xalqın seçiminə hesabat verən dövlətləri əmələ gətirən demokratiya institutları və qanunun aliliyinə təminat verən liberal institutlar. Demokratik keçidlərlə bağlı – 1970-lərin ortalarında baş verən demokratikləşmənin “üçüncü dalğası” ilə əlaqədar əksəriyyəti Semuel P.Hantinqtonun yazdıqlarından başlayan – ədəbiyyat mövcuddur. Lakin qəribədir ki, demokratiyaya keçidlərə həsr olunanlarla müqayisədə qanunun aliliyi barədə ədəbiyyat nisbətən qıtdır. Hüquqşünasların qanunun aliliyi və onun inkişaf etməkdə olan ölkələrdəki təşviqatı barədə olduqca çox şey yazdıqları ortadadır, iqtisadçılar isə qanunun aliliyini həm nəzəriləşdirmiş, həm də onu iqtisadi nəticələrlə əlaqələndirməyə cəhdlər etmişlər. Amma qanunun aliliyinin bəzi ölkələrdə digərlərilə müqayisədə niyə güclü olduğuna, onun digər institutlarla girdiyi əlaqələrə və onun harda ilk növbədə gəlməsinə dair nisbətən az müqayisəvi nəzəriyyə yazılıb. Bu məqalədə mən bu problem barədə düşünmək üçün bir çərçivə işi təqdim etmək niyyətindəyəm, bu çərçivə “Demokratiya Jurnalı”nın gələcək iyirmi ilinin tədqiqat agendası üçün özül rolunu oynaya bilər.
Qanunun aliliyi barədə düşünərkən ortaya çıxan ilk problem onun tərifidir. “Demokratiya” terminində olduğu kimi qanunun aliliyi terminində də elə geniş məna yozumları var ki, onun nəzəriləşdirilməsini çətinləşdirir. Son bir neçə on illikdə “qanunun aliliyi” kimi yarlıqlaşdırılan məfhuma demokratiyanın işlək elementi və idarəçilik təşviqatı kimi böyük diqqət yetirilib. Bu marağın çoxu iqtisadçılara mənsubdur, “qanunun aliliyi” məsələsində onların özlərində xas anlayışı olduğundan, nəticə etibarilə, qanunun aliliyinin nə olduğu və onun nədən ortaya çıxdığı məsələsi təhrif edilib.
İqtisadçılar qanunun aliliyindən danışarkən, bir qayda olaraq, müasir mülkiyyət hüquqlarını və müqavilələrin həyata keçirilməsini nəzərdə tuturlar. Müasir mülkiyyət hüquqları yaxın qrupların, dini qurumların və ya dövlətin məhdudiyyəti olmadan özlərinin mülkiyyətini satmaqda, yaxud transfer etməkdə azad olan fərdlər tərəfindən həyata keçirilir. Mülkiyyət hüquqları və müqavilələrin həyata keçirilməsinə dair nəzəriyyə iqtisadi artımla birbaşa bağlıdır. İnsanlar mülkiyyətlərinin mühafizə altında olduğunu bilməsələr, uzunmüddətli investisiyalar həyata keçirməzlər. Oxşar şəkildə, ticarət müqavilələr tələb edir, leqal mexanizm onları həyata keçirir və tərəflər arasında qaçılmaz olaraq ortaya çıxan mübahisələri yoluna qoyur. Müqavilə qaydaları nə qədər şəffaf və onların həyata keçirilməsi nə qədər obyektiv olsa, ticarət də bir o qədər çox təşviq olunar. İqtisadçılar dövlətin institutsional təşəkkülünün əyarı kimi “etibarlı öhdəçiliklərin” vacibliyini məhz bu səbəbdən qabardırlar. Bu mənada uzunmüddətli iqtisadi artım üçün güclü mülkiyyət hüquqlarının lazımlılığını əsaslandıran kifayət sayda empirik ədəbiyyat mövcuddur.
Lakin digər tərəfdən, qanunun aliliyi prinsipini mülkiyyət hüquqları ilə çox yaxından əlaqələndirmə, onun tərifini hədsiz dərəcədə daraldır və beləliklə, o, hüquqşünasların adətən nəzərdə tutduqları terminə bir o qədər də uyğun gəlməmiş olur. Qədim, leqal tərifinə görə, qanunlar, cəmiyyəti bir-birinə bağlayan ədliyyə qaydaları toplusudur. Moderndən əvvəlki cəmiyyətlərdə insanlar inanırdılar ki, qanunlar hansısa insani qanunvericidən deyil, daha yüksək bir mərtəbədən – ya ilahidən, ya da təbiətdən gəlir. Krallar, baronlar, prezidentlər, qanunvericilər, yaxud mülkədarlar yeni pozitiv qanunvericilik ərsəyə gətirə bilərdilər, lakin əgər bu qanunvericilik qanunun aliliyi çərçivəsində həyata keçirilməliydisə, o zaman o, adları sadalananların iradələrinə uyğun deyil, artıq mövcud olan hüququn qanunlar şəbəkəsinə uyğun olaraq həyata keçirilməli idi.
Hansısa ilahi mərtəbədən, yaxud təbiətdən gəldiyi güman edilən belə ilkin qanun anlayışı qanunun hansısa insani qurum tərəfindən dəyişdirilməsinə qarşı çıxsa da, onu ortaya çıxan yeni şərtlərə uyğun interpretasiya etməyi mümkün hesab edirdi. Dini təsisatların tənəzzülə uğraması və müasir dövrdə təbii hüquqlar konsepsiyasının yaranmasıyla biz yalnız köklü dəyərlər üzərində geniş sosial konsensusu ehtiva edən və ciddi prosedural qanunlar şəbəkəsi altında olan hüququ insan xilqətinin yaratdığı bir anlayış kimi dərk etməyə başladıq – o, pozitiv hüququn növlərindən ibarət idi. Müasir ABŞ-da, bu, o deməkdir ki, Konqresdən keçən istənilən yeni qanun ilkin və üstün qanunlar toplusu olan ABŞ Konstitusiyasına uyğun olmalıdır, o konstitusiya ki, əsas çoxluqlar tərəfindən ratifikasiya və Ali Məhkəmə tərəfindən interpretasiya edilir.
Qanunun aliliyinin ənənəvi leqal anlayışı ilə iqtisadçıların qanunu mülkiyyət hüquqlarına aid etməsi arasında bir əlaqə olduğu aydındır. Əgər dövlət mövcud olan qanunun aliliyinə bağlı olduğunu hiss etmədən, özünü bütün mənalarda hökmran hesab etsə, o zaman onu vətəndaşların, yaxud ölkədə bizneslə məşğul olan xaricilərin mülkiyyətini mənimsəməkdən heç nə çəkindirə bilməz. Əgər ümumi qanunlar güclü elitalara, yaxud ən güclü aktyor olan dövlətə münasibətdə sözünü keçirə bilmirsə, o zaman heç kim söz verə bilməz ki, xüsusi mülkiyyət, yaxud ticarət mühafizə altında olacaq.
Lakin digər tərəfdən qanunun aliliyi mövcud olmasa da, iqtisadi təşəkkülə əsas verən “kifayət qədər yaxşı” mülkiyyət hüquqları və müqavilələrin həyata keçirilməsi mümkün ola bilər. Bu mənada ən yaxşı nümunə Çin Xalq Respublikasıdır (ÇXR). Çində bu gün hüquqşünasların qəbul etdiyi mənada qanunun aliliyi prinsipi mövcud deyil: Çin Kommunist Partiyası (ÇKP) Çində onun qərarlarına qarşı çıxa biləcək hansısa güclü institutun hökmranlığını qəbul etmir. ÇXR-də konstitusiya olsa da, ÇKP tərsinə olaraq, özü konstitusiyaya nəzarət edir. Əgər hazırkı Çin hökuməti Çindəki bütün xarici investisiyaları milliləşdirmək istəsə, yaxud xüsusi fərdlərin holdinqlərini yenidən milliləşdirib ölkəni Maoizmə qaytarmaq istəsə, onu bundan çəkindirəcək hansısa bir leqal struktur mövcud deyil. Çin hökuməti bunu özünün şəxsi maraqlarından ötrü etmir, ümumlikdə isə bu, onun özünü gələcəkdə yaxşı aparacağına dair kifayət edən etibarlı öhdəçilik kimi görünür. Ölkə 30 ildən artıq müddətdə iki rəqəmli artım dərəcələrinə nail olmaqdan ötrü mücərrəd “qanunun aliliyi” prinsipinə cavabdeh olmağa ehtiyac duymayıb.
Əgər biz mülkiyyət hüquqlarına və müqavilələrin həyata keçirilməsinə cavabdeh kimi qanunun aliliyi prinsipini deyil, ədliyyə hüququ əsasında sosial konsensusu əks etdirən mövcud qanun toplusunun suverenliyini qəbul edən dövləti götürürüksə, o zaman biz cavab tapmaq üçün bu sualı irəli sürə bilərik: Qanunun aliliyi prinsipi tarixən haradan gəlir və onun gələcəkdə harada peyda olacağını gözləmək olar?
Din və qanunun aliliyi
Əgər bir kimsə cəmiyyətin ümumi əxlaqi dəyərlərini əks etdirən və dəyişməz qalan sosial qanunlar mənbəyi axtarırsa, baxılası ən uyğun yer dindir – ancaq bu mənbə indiki modern plüralist cəmiyyətlərdə olduğu kimi deyil, moderndən əvvəlki qədim İsrail, orta əsrlər Avropası, yaxud ilkin İslam dünyasındakı kimi olmalıdır. Buralarda inanclılar dini qaydaların insan xilqətinin deyil, ilahi bir qüvvənin məhsulu olmaqla, siyasi xadimlər daxil olmaqla bütün insan məxluqlarının onlara əməl etməli olduğunu düşünürdülər. Belə cəmiyyətlərdə əksər idarəçilər həqiqətən də ali hökmran olduqlarını heç zaman iddia etməzdilər; ali olan Yaradan idi, idarəçi isə Yaradanın Yer üzündəki canişini, yaxud da onun vəkili kimi hərəkət edirdi.
Məhz bu səbəbdən də təəccüblü deyil ki, qanunun aliliyi ilk dəfə olaraq başlanğıcını transsendental (spiritual, yaxud qeyri-fiziki reallığa mənsub-tərc) dinin yayğın olduğu cəmiyyətlərdən götürüb və idarəçilərin hörmətlə yanaşdığı ilk qanunlar din ilə əlaqədar olub. “İvrit İncili”, “Talmud”, Roma On İki Cədvəli, Kilsənin ilkin dekret və qanunları, Sünnə və Hədis, Vedalar və şastraların hamısı mənsub olduqları cəmiyyətlərdə ədalətli qanunlar kimi qəbul edilir, hər bir cəmiyyətdə – İsrail, Roma, Xristian, Müsəlman və Hindu – idarəçilər dini qaydalara əsasən yaşamağı borc bilirdilər.
Din təmayüllü qanunun aliliyi prinsipinin öz əksini tapmadığı yeganə böyük sivilizasiya Çin və Çin mədəniyyətinin təsirində olan Şərqi Asiya ölkələridir. Bunun səbəbini Çində əsilzadələrin əksərən qəbul etdiyi əcdadlara sitayişin əvəzinə, daha yüksəkdə dayanan transendental dinin təşəkkül tapmamasında axtarmaq lazımdır. Əcdadlara sitayiş qanunun aliliyi üçün yaxşı mənbə ola bilməz, çünki heç kimin bir başqasının əcdadlarına sitayiş etmək kimi bir öhdəçiliyi yoxdur; böyük cəmiyyətdə, ümumiyyətlə, bir-birilə əlaqəli öhdəçiliklər tətbiq etmək mümkünsüzdür. Bu səbəbdən də Xin, Han, Tanq və Minq sülalələri dövründə Çində güclü qanun məcəllələri təşəkkül tapsa da, bunların hamısı pozitiv hüquqa aid idi – yəni, özündən ali heç bir avtoriteti qəbul etməyən imperatorun fərmanları idi. Çində Taoizm, Buddizm və Xristianlıq kimi təqdim edilən digər dinlər isə böyük sosial konsensusu əks etdirmədən, əksərən etiraz dinləri kimi yadda qalırdılar.
Beləliklə, Şərqi Asiya xaricindəki əksər cəmiyyətlərin idarəçiləri qəbul edirdilər ki, onlar özlərinin yaratmadığı qanunlar əsasında yaşayırlar. Lakin bunun onların davranışlarında hara qədər məhdudlaşacağı məsələsi, təkcə nəzəri qəbullanmadan deyil, formulasiyanı əhatə edən institutların şərtlərindən və qanunun həyata keçirilməsindən də asılı idi. Qanun spesifik şərtlər altında idarəçilərə pozulmaması gərəkən məhdudiyyətlər tətbiq etməli idi. Hansı məhdudiyyətlər ola bilərdi:
1) əgər qanun mötəbər sənəd kimi kodlaşdırılsaydı;
2) əgər qanunun məğzi siyasi zatlar tərəfindən deyil, qanun mütəxəssisləri tərəfindən müəyyən edilsəydi;
3) əgər qanun siyasi iyerarxiyadan kənar olmaqla, təyinatlar öz gücü və resursları olan institutsional nizam tərəfindən mühafizə edilsəydi;
4) əgər qanun – siyasi sistemi əhatə edən hakim elitalar daxil olmaqla – aid olduğu cəmiyyətin sosial normalarına və dəyərlərinə həqiqətən xitab etsəydi.
Digər qanun-əsaslı cəmiyyətlərdən fərqli olaraq, Qərbi Avropa o mənada istisna idi ki, burada qanun başqa yerlərdə olduğundan daha erkən və daha geniş miqyasda institutlaşmışdı. Çox güman bu, Avropa tərəqqisində tarixi təsadüfi şərtlərdənsə, əsas dini ideyaların daha az funksional olmasından qaynaqlanırdı, belə ki, Şərqi Ortodoks Kilsəsi müqayisədə heç zaman belə təşəkkül prosesindən keçməmişdi. Beləliklə, qanunun aliliyi prinsipi Avropa cəmiyyətində nəinki demokratiyanın və hesabatlı dövlətin ortaya çıxmasından, hətta modern dövlət quruculuğu prosesindən əvvəl oturuşmuşdu.
Kodlaşdırma.
Vedaların şifahi olaraq dildən-dilə keçdiyi, lap sonradan isə yazılı formada yayıldığı Hindistandan fərqli olaraq, İudaizm, Xristianlıq və İslam kimi monoteist dinlərin hər biri lap ilkin vaxtda mötəbər əlyazmalarla ortaya çıxmışdılar. Həm Şərqi, həm Qərbi xristian kilsələrində “İncil”ə Kilsə qanunlarının, dekretlərinin və təfsirlərinin çaşdırıcı qarmaqarışılıqlığı əlavə olunmuşdu. Bu tendensiya İmperator Yustinianın hökmranlığı altında altıncı əsrdə tamamlanan nəhəng Roma hüququ, “Corpus iuris civilis”un təzədən kəşf olunmasıyla dəyişdi. Kanonik hüququn qarmaqarışıq toplusu on ikinci əsrdə hüquqşünas Qratianın sərəncamı ilə sistemləşdirildi. Qanunun buna oxşar rasionalizasiyası isə on doqquzuncu əsrdə Qərbin təsirilə gətirilməzdən əvvəl, heç bir zaman Şərq kilsəsi daxil olmaqla, Hindu və Müsəlman ənənələrində öz əksini tapa bilməmişdi.
Hüquqi ixtisaslaşma.
Roma hüququna əsaslanan yeni sistem Bolonya Universitetindəki böyük hüquq məktəbi vasitəsiylə bütün Avropa boyunca yayılmış oldu. On birinci əsrdəki Qriqorian islahatından əvvəl krallar, imperatorlar və digər müvəqqəti hakimlər dini qanunlar yaradırdılarsa, islahatdan sonra hüquq ilk olaraq kilsənin sahəsi, lap sonra isə kanonik və vətəndaş hüququ üzrə təlim keçənlərin qanuni peşəsi oldu. Bu mənada Xristianlıq mahiyyət etibarilə İslamdan fərqlənmir, İslam da hüququ qanun mütəxəssisləri iyerarxiyasının (üləma) sərəncamına verir, yaxud Hinduizmdə rahib Brahman kastasının qanun üzərində mütəxəssis kimi monopoliyası mövcuddur.
İnstitutsional avtonomiya
. “Sezaropapizm” dünyəvi hakimiyyətin din xadimlərini təyin və işdən azad etməsini ifadə etmək üçün Maks Veberin ortalığa atdığı bir termindir. Həm Qərb, həm də Şərq Kilsəsi ta on birinci əsrdə polad biləkli Papa VII Qreqorinin Müqəddəs Roma İmperiyasının papaları və yepiskopları təyin etməsinə qarşı çıxıb Təyinat Münaqişəsinə (Investiture Conflict) səbəb olduğu anadək sezaropapist idilər. Papa və imperator arasında uzun müddət davam edən mücadilə 1122-ci ildə Soxulcanların Sazişilə (Concordat of Worms), yəni Katolik Kilsəsinə öz kadrlarını təyin etmək hüququnun verilməsi ilə nəticələndi. Bu hüquq müqəddəs nikahsızlıq praktikası ilə birlikdə (bu qayda keşişləri öz doğmalarını hakimiyyətin güc pillələrinə təyin etməsinin qarşısını effektiv şəkildə alırdı) kilsəyə özünü dünyəvi siyasətdən azad etməyə və hüquq alimi Harold Bermanın dediyi kimi, ilk modern bürokratiyanı yaratmağa imkan verdi, sonradan dövlət bürokratiyaları bu bürokratiyanı model kimi seçəcəkdilər. Başqa heç bir kültürəl ənənədə dini təsisat heç bir zaman özünü bu mərhələyəcən institutlaşdırmağa nail olmamışdı.
Qanunlarla sosial normalar arasındakı uyğunluq
. Qanunun normativ ölçüsü – yəni, insanların qanunun fundamental olaraq ədalətli olmasına və idarəçilərinin ona yetərincə əməl etmək istəyinə inanması – qanunun aliliyi prinsipinin əsasını təşkil edir. Qanunçuluğun ən təhlükəsiz forması qəddarca cəzalandırılmalardan deyil, əksər vətəndaşların onlara könüllü şəkildə əməl etmələrindən asılıdır. Avropanın bu mənada Hindistan və Orta Şərq üzərində xüsusi üstünlüyünün olub-olmadığı aydın deyil, çünki bu sivilizasiyaların hər üçündə dinə əsaslanan qanunlar əksər sosial normaları formalaşdırmış və əks etdirmişdir. Müasir Qərb qanun sistemlərini onların əvvəllər mövcud olmadığı cəmiyyətlərə idxal edərkən, ortaya çıxan ən böyük problemlərdən biri idxal olunan qanunların faktiki olaraq, həmin cəmiyyətlərdəki sosial normalarla üst-üstə düşməməsidir. Bəzən hüquqi qaydaların idxalı sosial dəyişikliklər prosesini sürətləndirə bilər, necə ki, qadınlara bərabər hüquqları nəzərdə tutan qanunlar kişilərin dominant olduğu cəmiyyətlərdə tətbiq edilir. Lakin qanunla mövcud dəyərlər arasındakı boşluq çox böyük olanda, qanunun aliliyi prinsipi burada özünə yer tapa bilmir.
Faktiki olaraq, burada Katolik Kilsəsinin ruhani qanunlarının hakim olduğu bir növ millətlərarası qanunçuluq mədəniyyəti vardı, bu, İngiltərədəki, Fransadakı, İspaniyadakı və digər Qərb ölkələrindəki ilkin-müasir dövlət qurucularının əlində məhdudiyyətsiz hakimiyyətin toplanmasının qarşısını alırdı. Düzdür, az sayda mütləq monarxlar özlərinin əsilzadə təbəələrinin mülkiyyət və şəxsi hüquqlarını açıq şəkildə pozmaq istəyində idilər, ancaq bu, Çindəki, yaxud Rusiyadakı dövlət qurucularının müqayisəolunmaz dərəcədəki özbaşınalığına və müstəbidliyinəcən gedə bilməzdi. İngiltərədə vahid ümumi hüququn (common law) ortaya çıxması – o, əslində kral sarayındakı hüququn genişləndirilməsi idi və mərkəzi saray hakimiyyəti tərəfindən həyata keçirilirdi – ölkə tarixinin erkən çağında mülkiyyət hüquqlarının qanuniləşdirilməsinə böyük töhfə verdi.
Qanunun aliliyinin vətəndaşları dövlətin özbaşınalıqlarından qoruması prinsipinin ilkin olaraq azlıqda olan imtiyazlı təbəələrə aid edilməsi məsələsində Avropa bir mənada digər cəmiyyətlərdən heç də fərqlənmirdi. Aleksis de Tokvilin “Amerikada Demokratiya” əsərində sitat gətirdiyi 17-ci əsr Fransasının ən böyük saray nümayəndələrindən biri Madam de Sevinyenin məktubunu yada salaq. Məktubunda o, Britaniya əsgərlərinin yeni vergini tətbiq etməkdən ötrü ahıl kişiləri və uşaqları evlərindən zorla qovub müsadirə etmək üçün əmlaklarını axtarmalarından bəhs edir. Ertəsi gün şəhərdə vergini ödəmədiklərinə görə 60 adam asılmışdı. O yazır: “Rəqs etməyə başlayıb möhürlü kağızı oğurlayan skripaç bir çarxa bağlanmış; bədəni hissələrə bölünmüş və dörd hissəsi şəhərin dörd bucağında nümayiş etdirilmişdi”.
Aydındır ki, fransız dövləti Madam de Sevinyeyə və onun çevrəsinə belə əzazil cəzalar tətbiq etməzdi. Bununla belə, bu, o demək deyil 17-ci əsr Fransasında qanunun aliliyi prinsipi yox idi, qanun sıravi adamlara heç də aritokratlarla eyni hüquqlu şəxslər kimi yanaşmırdı. Oxşar şəkildə ABŞ-ın əsasının qoyulduğu dövrlərdə qaralar köləyə çevrilmiş və onlara vətəndaş kimi deyil, kiminsə əşyası kimi yanaşılırdı, hətta ağların da hamısı bəbarər hüquqlu sayılmırdı – mülkiyyəti olmayan qadınlar və ağ adamlar səsvermə hüququndan məhrum idilər. Qanunun aliliyinin yalnız kübarlara aid edildiyi demokratikləşmə prosesi sonradan müntəzəm olaraq bütün yetkin adamları ehtiva edənəcən genişləndi. Bu tendensiya bugünəcən davam edir, aparteid rejim altındakı Cənubi Afrikada elitar qanunun aliliyi prinsipi, ölkə yalnız 1992-ci ildə demokratiyaya keçid etdikdən sonra, qeyri-ağlara da şamil edilməyə başlandı. Mövcud olan elitar qanunun aliliyi prinsipini genişlətmək təzə birisini yaratmaqdan daha asandır.
Qanunun aliliyi prinsipi xristian Avropasında olduğu kimi Hindistanda və müsəlman dünyasında da açıqca mövcud olub. Qanun isə dünyəvi hakimiyyətlər tərəfindən deyil, ruhanilər tərəfindən kodlaşdırılıb: o, mütəxəssislərdən ibarət ayrıca ruhani instututu tərəfindən mühafizə edilirdi və ona dünyəvi liderlərin də iradəsini özünə tabe edən ilahi bir şey kimi baxılırdı. Lakin həm hindu, həm də müsəlman ənənələri xristian ənənələrindən onunla fərqlənirdi ki, dini qanunlar toplusu heç bir zaman sistemləşdirilməmiş, yaxud kodlaşdırılmamışdı, həmçinin həm Brahman sinfi, həm də Müsəlman üləması heç bir zaman özünü tək, güclü bir iyararxiyada təşkil edə bilməmişdi. Hinduizmdə və İslamda mövcud olan qanun topluları dini nöqteyi nəzərdən – panditaslar və hədislər şəklində – izah olunur və mövcud olan presedentlər yeni hallara şamil edilirdi.
Qərbdə bir çox insan kilsə və dövlətin ayrılmasının Xristian cəmiyyətinə xas bir şey olsa da, İslama xas olmadığından əmindir. Həqiqət isə budur ki, hər iki dinin ənənələri bu məsələdə fərqli olmaqdan daha çox, bir-birinə oxşardırlar və dinlə sekulyar hakimiyyətin ayrılması arasındakı həqiqi dərəcə tarixi şərtlərdən çox asılıdır. Dini və dünyəvi “İki qılınc” bir çox xristian şahzadələrin əlində cəmlənirdi, müsəlman dünyasında institutlar tərəqqi etdikcə isə xəlifələrlə sultanların dominionluğu daha da səciyyəvi olurdu. Alimlər, yaxud üləmaların – şəriət, yaxud fiqh mütəxəssislərinin – standartları və qayda-qanunları vardı, Orta Şərqdəki dünyəvi idarəçilər isə legitimlik və dini fərman üçün onlara müraciət etməyə məcbur olurdular. Əgər Avropa kilsələrində olduğu kimi üləma siyasi hakimiyyətin gücünü təftiş edərkən zəiflik göstərirdisə, bu, bir çox müsəlman ölkələrində mövcud olan sezaropapist institutsional mexanizmlərdən daha çox, doktrinanın funksionallığının zəifliyinə görə idi.
Müasirliyə keçid
Üç böyük regionda – Avropada, Hindistanda və Orta Şərqdə – din təmayüllü qanunun aliliyi prinsipi 18-ci əsrdən bəri baş verən modernə keçid zamanı sarsıldı və dəyişikliklərə məruz qaldı. Avropada bu, daxili, təbii bir prosesin nəticəsi idi, belə ki, Reformasiya Katolik Kilsəsinin mütləqiyyətini sarsıtmış, eləcə də maarifçilik hərəkatının sekulyar ideyaları din inancını aşındırmışdı. Kralın, millətin, yaxud xalqın hakimiyyətinə əsaslanan suverenliklə bağlı yeni ideyalar legitimliyin əsası sayılan Tanrının suverenliyi ideyasını əvəz etməyə başlamışdı. Bir çox müşahidəçilərin irəli sürdüyü kimi, Qərbdə qanunun aliliyi prinsipi modern demokratiyanı əsrlər öncə qabaqlamışdı, xalq suverenliyi prinsipinin hələ mövcud olmadığı on səkkizinci əsr Prussiyasında Rextstaata malik olmaqla icraedici hakimiyyəti təftiş etmək, bunu gerçəkləşdirməyi mümkün etmişdi. Ancaq on doqquzuncu əsrin sonundan etibarən demokratiya ideyası hər yerdə legitimlik qazandı və qanun getdikcə demokratik cəmiyyətin pozitiv qanunauyğunluğu kimi qəbul edilməyə başlandı. Qanunun aliliyi prinsipinin doğurduğu vərdişlər artıq Qərb cəmiyyətində əməllicə kök atdı. Mədəni olmağın qayda-qanunla bağlı olması ideyası, böyük və avtonom hüquqi təsisatların mövcudluğu və tərəqqi edən kapitalist iqtisadiyyata ehtiyac duyulması kimi fikirlər hakimiyyətlər dəyişsə belə, qanunun aliliyini gücləndirməyə xidmət etdi.
Lakin eyni tendensiya təəssüf ki, Hindistanın və Orta Şərqin qanunla idarə edilən cəmiyyətlərində öz əksini tapmadı. Qərblə ünsiyyət buralarda ənənəvi dini-hüquqi institutların hakimiyyətini sarsıtmağa meyilləndi, çoxu bunları geridəqalmışlıq əlamətləri kimi görürdü. Britaniyalılar həqiqi hindu qanunları olduqlarına inandıqları sistemi yenidən dirçəltmək üçün 1860-cı illərdə
panditas
sistemini tamamilə məhv etdilər, o, da 20-ci əsrdə istər-istəməz öz yerini idxal edilmiş Avropa hüququna verdi. On doqquzuncu əsrin sonunda Orta Şərqdə osmanlılar oxşar şəkildə şəriəti kodlaşdırmağa cəhd etməkdən ötrü özlərinin üləma sisteminin kökünü kəsdilər, şəriət isə sadəcə olaraq hüquqi sistemlərdən birinə çevrildi. 1920-ci illərdə Türkiyə Cümhuriyyətinin doğulması ilə bütünlükdə müsəlman hüququ öz yerini Avropa vətəndaş hüququna vermiş oldu.
1947-ci ildə əsası qoyulan müstəqil Hindistan Respublikası Britaniya Racının hüquqi ənənələrini irəli aparan liberal demokratiya idi və o, həqiqətən də şəxsi məsələlərdə hindu hüququnun qırılmış ənənəsini bərpa etməyə çalışırdı. Ərəb dünyasında isə hadisələr bir o qədər də ürəkaçan olmadı. Misir, Liviya, Suriya və İraq kimi ölkələrdə britan və fransız müstəmləkəçilərin təyin etdiyi ənənəvi şahzadələr tezliklə sekulyar millətçi liderlər tərəfindən əvəz olundular, bu liderlər isə qanunvericiliklə və məhkəməylə məhdudlaşmayan icraedicilər vasitəsilə hakimiyyətlərini mərkəzləşdirməyə başladılar. Bu rejimlərin hər birində üləmanın ənənəvi rolu faktiki olaraq aradan qaldırıldı və təkcə icraedici tərəfindən ortaya atılan “modernləşmiş qanunlar”la əvəz olundular. Yeganə istisna müstəmləkə olmayan və icraedici hakimiyyəti Vahhabi ruhani təsisatı ilə balanslaşdırmaqla rejimi saxlayan Səudiyyə Ərəbistanı idi. İcraedicinin dominant olduğu rejimlərin bir çoxu isə öz xalqlarına nə iqtisadi artım, nə də şəxsi azadlıqlar verməməklə repressiv diktaturalara çevrildilər.
Hüquq alimi Noah Feldman iddia edir ki, erkən iyirmi birinci əsrdə İslamizmin yüksəlişi və ərəb dünyasında şəriətin qaytarılması üçün inadkar tələblər regiondakı indiki rejimlərin azğın avtoritarizmindən və icraedici hakimiyyətin guya qanuna olan həqiqi hörmətindən dolayı məhdudlaşdığı vaxtlara olan nostalgiyadan qaynaqlanır. Feldmanın zənnincə, şəriət tələblərini sadəcə olaraq orta əsr İslamını geri qaytarmaq, yaxud Taliban sayaq sərt cəzaları tətbiq etmək arzusu kimi deyil, daha çox siyasi hakimiyyətin proqnozlaşdırıla bilən hüquqi qaydalar çərçivəsində fəaliyyət göstərəcəyi daha balanslı bir rejimi arzulmaq kimi qəbul etmək lazımdır. Bir çox islamçı partiyaların adlarında təkrar-təkrar öz əksini tapan “ədalət” tələbi, sosial bərabərlik tələbi olmaqdan daha çox qanunlar qarşısında bərabərlik istəyini əks etdirir. İş orasındadır ki, qanunun aliliyi, yaxud hesabatlılıq prinsipinə sadiq olmayan güclü modern dövlətlər həqiqi tiranlıq nümunələrinə çevrilməyə sadəcə olaraq məhkumdurlar.
Modern islamçıların qanunun aliliyi prinsipi ilə məhdudlaşmış demokratik quruluşa nail olub-olmayacaqları incə məsələdir. 1979-cu il inqilabından sonrakı İran İslam Respublikasının təcrübəsi də ümidverici deyil. İslam Respublikasının 1979-cu il konstitusiyası mötədil, demokratik, qanunlara əsaslanan dövlət üçün bünövrə ola bilərdi. O, Ali Dini Liderin və Allahın Yer üzündəki nümayəndələri sayılan yaşlı ruhanilərdən ibarət Mühafizəçilər Şurasının qərarlarıyla məhdudlaşan icraedici və prezident seçkilərinə icazə verir. Özlüyündə bu cür quruluş mütləq “orta əsrlərə xas”, yaxud moderndən kənar sayıla bilməz. Lakin əgər Ali Dini Liderin və Mühafizəçilər Şurasının rolu sadəcə olaraq Ali Məhkəməsi olan energetik ənənəvi üləma kimi – məsələn, demokratik şəkildə seçilmiş qeyri-İslami Məclisdən (parlament) keçmiş qanunları müntəzəm olaraq elan etməklə – müəyyən olunsaydı, o zaman onlar ənənəvi İslami qanunun aliliyi prinsipinin yenilənmiş formasına daha ağlabatan şəkildə iddia edə bilərdilər.
Təəssüf ki, 1979-cu il konstitusiyası Ali Dini Liderə sadəcə məhkəmə hakimlərini deyil, yetəri qədər icraedici təyinatı da gerçəkləşdirməyə imkan verir. Otto von Bismark Almaniyasının imperiya konstitusiyası, yaxud onun əsasında yaradılan Meyji Yaponiyasının konstitusiyası necəydisə, İran konstitusiyası da icraedici hakimiyyət üçün nəzərdə tutulmuş sahəni bu dəfə imperatorun deyil, Ali Dini liderin öhdəsinə buraxmış olur. Ali Dini Lider İnqilab Keşikçiləri Korpusunu və yarımhərbi Bəsici nəzarətində saxlayır, həmçinin o, idarəyə seçilmək uğrunda mübarizə aparan namizədləri kənarlaşdırmaq üçün fəal şəkildə müdaxilə etmək və ürəyinin istədiyi nəticələrə nail olmaq üçün seçkiləri manipulyasiya etmək iqtidarındadır. Yaponiyada və Almaniyada olduğu kimi İranda da icraedici güclər korrupsiyaya bulaşıblar və onlar konstitusiyada yazılanın əksinə olaraq, hərbi qüvvələrin köməyilə savadlı təbəqənin üzərindəki nəzarəti artırmağa başlayıblar. Beləliklə, İranın ruhani iyerarxiyası Sünni dünyasındakından daha yaxşı təşkil olunsa da, hüquqi funksionallığını itirib və İranı faktiki olaraq, opponentlərin qanuna məhəl qoyulmadan həbsə atıldığı, öldürüldüyü teokratik bir diktaturaya çevirib.
Bəzi ipucları
Qanunun aliliyi prinsipinin köklərinə edilən bu tarixi ekskursiyalar gələcəkdə qanunun aliliyi prinsipinin necə təşviq olunacağına dair müəyyən ipucları verir. Bunlardan ilki ardıcıllıqla bağlıdır. Tarixən qanunun aliliyi prinsipi ilk olaraq zadəganlar arasında ortaya çıxıb və cəmiyyət daxilində zənginlərlə qüdrətlilərin arasında baş verən münaqişələri yoluna qoyacaq vasitə rolunu oynayıb. Bu gün beynəlxalq ictimaiyyət inanır ki, istənilən inkişaf proqramı əgər ümumiyyətlə icra olunacaqsa, universal qaydada həyata keçirilmək məcburiyyətindədir: bir proqramkı yalnız paytaxt şəhərdə sadəcə imtiyazlılar üçün işləyir, uğursuzluğa düçar olmağa məhkumdur. Üstəlik resurslar da qıtdır. Sırf texniki mənada, hüquq sistemləri quraşdırılması baxımından ən çətin və ən bahalı dövlət sistemləri arasındadır, çünki onlar nəhəng infrastruktura ehtiyac duyur və həm insan resursları, həm də maddi kapital tələb edirlər. Hüquq sahəsinin tarixi təcrübəsi göstərir ki, daha yaxşı hədəflənmiş proqramlar vacib presedentlər ərsəyə gətirə, nəhayətdə isə cəmiyyət onları genişləndirmək qabiliyyətini inkişaf etdirdikcə, meyvələr verə bilərlər. Ola bilsin, müəyyən müddət ərzində daha yaxşı işləyə biləcək ənənəvi və hibrid idarəçiliyə əsaslanan az xərcli alternativlər də var.
İkinci ipucu cəmiyyətin təməlindəki dəyərlərdə normativ olaraq öz əksini tapan qanunçuluğa olan ehtiyacla əlaqədardır. Çünki biz indi Qərbdə hüququ tamamilə pozitiv və prosedural mənalarda müəyyən edirik, biz hüququn ortada olan prosedural infrastrukturunu – məsələn, hüquqi məcəllələr, kompüterləşdirilmiş doketlər, vəkillər kollegiyası, fəal məhkəmə salonları və s. – inkişaf etmiş ölkələrdə olduğu kimi təşviq etməyə meyilliyik. Biz idxal edilmiş hüququn cəmiyyətdə insanların izzətinə cavab verib-verməyəcəyindən o qədər də əndişələnməyə meyilli deyilik. Kommersiya şifrəsi kimi məsələlərə gəldikdə, xarici nümunələrdən istifadə o qədər də böyük əhəmiyyət daşımır, lakin şəxsi status, ailə qanunları, vərəsəlik və buna bənzər məfhumlar olduqca problematik ola bilərlər. İsrail və Hindistan kimi bir çox uğurlu demokratik ölkələr ənənəvi dinə əsaslanan qaydaları əsas tutmaqla müasir liberal hüquq praktikasından yayınmağa çalışırlar, xüsusilə əlaqəli icmalardan dəstək almaq istəyəndə.
Əgər nə zamansa Ərəb Orta Şərqi, yaxud İran həqiqətən demokratikləşsə, biz bir məsələylə yenidən üzləşməli olacağıq. Qərb liberalları (mənim kimi) iki ayrıca məfhumu görmək arzusundadır: birincisi odur ki, qanunlar icraedici hakimiyyəti təftiş etməlidir; ikinci isə odur ki, qanunlar bizim mədəni dəyərlərimizlə üst-üstə düşməlidir (məsələn, qadınlar bütövlükdə hüquqi bərabərlik statusuyla təmin edilməlidirlər). Biz əlbəttə, birincini təşviq etmək istəyirik, lakin ikinciyə gəldikdə, əgər o, qanuna olan hörməti aşağı salırsa, biz həqiqətənmi onu təşviqini davam etdirməliyik? Əgər qanunun məğzinin ürəyimizcə olmadığı məlum olarsa, işləmək iqtidarında olan hüquq institutlarını addımbaaddım qurmaq daha yaxşı olmazmı?
Bu suallara mücərrəd şəkildə cavab vermək mümkün deyil, çünki biz həqiqətən heç bir zaman demokratik keçid yaşayan cəmiyyətlərin təməlində əslində hansı sosial konsensusun durduğunu bilmirik. 2009-cu ildə İranda prezident seçkilərinin nəticələrinə qarşı çıxan etirazçılar, həmçinin onların namizədi Mir Hüseyn Musəvi əksərən deyirdilər ki, əslində onların istəyi İslam Respublikasının təməlini sarsıtmaq yox, sadəcə olaraq onun demokratik vədlərini gerçəkləşdirməkdir. Əgər dini-hərbi rejim çöksə, iranlılar şəriət qanunları istəyəcəklər, yoxsa İranın 1906-cı ildə qəbul olunmuş liberal konstitusiyasına bənzər modern, sekulyar qanunlar sistemini? Əgər bu, nə vaxtsa baş tutacaqsa, etirazçılar arasında fikir ayrılıqları birmənalı olaraq ortaya çıxacaq. Gələcəkdə qanunun aliliyi prinsipinin stabilliyi qanunun hansı növünün cəmiyyətin dəyərlərini daha çox əks etdirməsindən asılı olacaq. Əgər iranlıların mühafizəkar olduqları və şəriət istədikləri məlum olacaqsa, o zaman kənardakı demokratiya təşviqatçıları sırf qanunun aliliyi prinsipini, yoxsa məhz özlərinin dəyərlərini əks etdirən qanunları istədikləri arasında seçim etməli olacaqlar.
Gələcək tədqiqat gündəliyinə gəldikdə isə, biz qanunun aliliyinə keçid məsələsini daha ciddi müqayisəvi strukturda öyrənmək məcburiyyətindəyik. İstənilən ənənəvi qeyri-Qərb cəmiyyətində formal və ənənəvi qanunlar mövcud olub, sonra onlar modern Qərb qanun normaları və institutlar ilə toqquşmalı olublar. Biz hələ də müstəmləkə qanunlarını və onların necə tətbiq edildiklərini, həmçinin müstəmləkə strukturunun müstəqillikdən sonra qanun sistemlərini necə irəli apardığını öyrənməklə məşğuluq. Qərb qanunlarını özlərinin mədəni ənənələrinə adaptasiya edən cəmiyyətlər bu mənada xüsusilə böyük maraq kəsb edirlər. Yaponiyada məsələn, adambaşına düşən hüquqşünas sayı ABŞ-dakından azdır, bununla belə burada məhkəmə çəkişmələrinin sayı azdır, çünki yapon hökuməti hansısa məqamda məhkəmə çəkişmələrini arbitraj sisteminə daxil etmək qərarına gəlib. Bununla belə, Yaponiyada qanunun aliliyinin ABŞ-dakıdan zəif olduğunu iddia etmək çətin məsələdir.
Qanunun aliliyinə keçid məsələsində daha yaxşı biliklərə malik olmaqla, qanunun aliliyi prinsipinin təşviqatçıları uğur gözləntilərində daha təvazökar ola bilərlər. Bəzi iqtisadçıların iddial etdiklərinin əksinə, güclü qanun sistemləri onlara sadəcə iqtisadi tələb var deyə ortaya çıxmazlar. Qanun daha çox “ekzogen şəkildə” (bir iqtisadçının deyəcəyi kimi) təşəkkül tapıb, yəni, məsələn, dini inanc kimi iqtisasi sistemə olan kənar faktorlardan dolayı ortaya çıxıb. Bundan başqa, Qərbi Avropanın tərəqqisi o mənada xüsusi idi ki, qanunun aliliyi prinsipi burada bir kimsənin modern dövlət qurmağa çalışmasından əvvəl mövcud olub. Məhz buna görə də qanunlar güclü dövlətin tiranlıq formasında ortaya çıxmasının qarşısını ala blib. İndi biz etiraf etməliyik ki, bu xüsusiyyətdən məhrum olan və güclü dövlətin qanunlardan üstün olduğu cəmiyyətlərdə qanunun aliliyini müvəffəqiyyətlə qurmaq üçün çox az tarixi təcrübəmiz var. Kənardakılar son iyirmi ildə demokratiyanın təşviqatı barədə çox şeylər öyrəniblər və seçkiləri təşkil, monitorinq etmək üçün yetərincə qabiliyyətlərə sahibdirlər. Belə bir şeyin qanunun aliliyi məsələsində az da olsa, mümkün olub-olmayacağını isə zaman göstərək.
“Demokratiya Jurnalı” 21:1 (2010), 69-80. © Məqalə Johns Hopkins University Press-in icazəsi ilə Azərbaycan dilinə tərcümə edilərək Meydan.TV saytında yayımlanır.