Şahbaz Xuduoğlu: ”Vüqar Səlimov 2-3 il əvvəl işdən könüllü gedib”
Bakıda oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən dəstə zərərsizləşdirilib.
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirlər nəticəsində saxlanılan dəstə üzvləri – Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri – əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri – Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimovdur.
Onlardan heroin və tiryək aşkar edilərək götürülüb.
Vüqar Səlimov və Feyruz Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya (Xuduoğlu) məxsus “Nəşriyyat evi”ndən 4200 manat pul oğurlamaları, habelə Vüqar Səlimovun sentyabrın 26-da “Qanun Nəşriyyatı” MMC-yə məxsus ofisdən də içərisində 13 min manat olan seyfi oğurlaması müəyyən edilib.
Vüqar Səlimov “Qanun Nəşriyyatı” MMC-də çap şöbəsində çalışırmış.
Şahbaz Xuduoğlu Meydan TV-yə bildirib ki, Vüqar Səlimov 2-3 il əvvəl işdən könüllü gedib: “O zaman Vüqar Səlimov şəxsi biznesini qurduğunu söyləyərək işdən getdi, amma nəşriyyata gəlib-gedirdi, əlaqəni tam kəsməmişdi”.
Ş.Xuduoğlu dəyən ziyanın məhkəmə yoluyla qaytarıla biləcəyini deyib: “Başqa prosedur bilmirəm, güman ki, belə olar”.