Qafqazın qadın sakinləri Putindən qızlarını və nəvələrini qaytarmasını xahiş ediblər

Yaxın Şərqə aparılmış və ya orda doğulmuş uşaqların heç bir seçimi olmayıb, qərarı onların əvəzindən valideynləri verib

Source: Кавказский узел

Məqalə

Кavkazski Uzel

saytında dərc olunub

Yaxın Şərqdə silahlı münaqişə zonasında olan rusiyalı qadınların anaları və digər yaxın qohumları Putinə qızlarını və nəvələrini evlərinə qaytarması xahişi ilə müraciət ediblər. Müraciətə 2 minə yaxın adam qol çəkib.

“Kavkazski uzel” yazır ki, Şimali Qafqazın uşaqları ilə birgə Suriyadakı düşərgədə olan qadın sakinləri türk qoşunlarının hərbi əməliyyatı başladıqdan sonra həyatlarına görə qorxurlar və cəbhəyanı zonadan təxliyə olunmalarını xahiş edirlər. Oktyabrın 16-da qadınlardan birinin qohumu deyib. Rusiya hakimiyyətinə audio-müraciətlərdən belə məlum olur ki, düşərgədə həmçinin Dağıstan və Çeçenistanın qadın sakinləri saxlanılır. Bu qadınlar oktyabrın ortalarından qohumları ilə əlaqələrini kəsiblər.

Uşaqları ilə birgə Yaxın Şərqdə silahlı münaqişə zonasına getmiş rusiyalı qadınların qohumları dekabrın 2-də RF prezidenti Vladimir Putinin administrasiyasına məktub göndərərək, qızlarının və nəvələrinin vətənlərinə qayıtmaları üçün onlara kömək etməsini xahiş ediblər. Məktuba 2 minə yaxın adam – qadınların anaları və yaxın qohumları qol çəkiblər. Onlar məktubun surətini “Kavkazski uzel”ə təqdim ediblər.

Müraciətin müəllifləri gənc qadınların Suriya və İraqa getmələrinə səbəb olan tərbiyədəki boşluqlara görə məsuliyyəti öz üzərlərinə götürürlər, bununla belə, onlara mərhəmət göstərilməsini xahiş edirlər. Anaların sözlərinə görə, qızların çoxu düşdükləri vəziyyətin əsirinə çevrilib və övladlarından uzaq qalmaları qorxusu ilə ərlərinin ardınca getməli olub. Onlar həmçinin valideynlərinin səhvinə görə məsuliyyət daşımamalı olan uşaqlara rəhm göstərilməsini xahiş edirlər.

“Biz xülyalarının əsirinə çevrilmiş və ərlərinin dil tökmələrinə uyaraq yad ölkələrə getmiş yelbeyin gənc qadınların analarıyıq. Biz həm də valideynlərinin səhvlərinə görə məsuliyyət daşımayan və nahaqdan cəzalandırılan azyaşlı uşaqların nənələriyik… Övladlarımızın və nəvələrimizin Yaxın Şərq ölkələrindən vətənlərinə geri qayıtmasına kömək edin. Bizə inanın, bizə və övladlarımıza bu addımın bağışlanmaz səhv olduğunu və bu günahı Vətən, xalq qarşısında birgə yuyacağımızı sübut etmək üçün şans verin”, – Putinə müraciətdə deyilir.

Yaxın Şərqə aparılmış və ya orda doğulmuş uşaqların heç bir seçimi olmayıb, qərarı onların əvəzindən valideynləri verib, məktub müəllifləri qeyd edirlər:

“Biz övladlarımızın tərbiyəsində buraxdığımız səhvlərə yenidən və yenidən baxırıq. Biz bu cür səhvə bir daha yol verə bilmərik! Əgər siz övladlarımıza vətənlərinə qayıtmağa kömək etsəniz, inanın ki, onlar ölkənin ən vətənpərvər vətəndaşları olacaqlar. Çünki onlar ölkələri, valideynləri, övladları ilə ayrılığın nə olduğunu artıq yaxşı bilirlər. Onlar öz səhvlərini dərinliyinədək görüblər və dərk ediblər və bundan belə onları çətin ki eyni oyunlara qoşa bilsinlər”.


Dağıstan sakini üç nəvəsini Bağdaddan qaytarmağa çalışır

Putinə müraciətə qol çəkənlərdən biri Dağıstan sakini Canneta Bayqişiyevadır. Qadının verdiyi məlumata görə, üç nəvəsi Bağdad yurdundadır, hərçənd bu məlumat rəsmi şəkildə təsdiqlənməyib. Cannetanın qızı Ziyarat anası ilə sonuncu dəfə 2016-cı ildə əlaqə qurub. Qadın onun əsirlikdə və sağ olduğuna ümid bəsləyir.

“Ziyarat 2015-ci ildə əri ilə getdi. Bəhanəsi isə ərinin onu müalicəyə aparması oldu. Həmin vaxt qızım xəstə idi və mən onun uydurduğu nağıla inandım. Qızım deyirdi ki, ərinin planlarından xəbərsiz olub: onlar Türkiyəyə ayaq basan kimi bir gün də olsun orda qalmayıblar, dərhal İraqa gediblər. Uzun müddət əlaqəmiz olmadı, ağlıma hər cür fikir gəlirdi, hətta onların dənizdə batdıqlarını düşünürdüm. Amma əslində nə baş verdiyini ağlımın ucundan belə keçirə bilməzdim”, – Canneta “Kavkazski uzel”in müxbirinə söyləyib.

Qızı sonuncu dəfə onunla üç il əvvəl, 2016-cı il noyabrın 30-da əlaqə saxlayıb. “O zaman İraqda hərbi əməliyyatlar artıq başlamışdı. Onun məndən xahiş etdiyi yeganə şey “Başıma nə gəlirsə gəlsin, övladlarımı orda qoyma” deməsi idi. Günü bu gün də qızımın vəsiyyətini yerinə yetirməyə çalışıram, amma nəvələrimi hələ də ordan çıxara bilmirəm”, – qadın şikayətlənir.

Canneta qeyri-rəsmi kanallar vasitəsi ilə belə bir məlumat alıb ki, onun 2-11 yaşlı nəvələri Bağdad yurdundadır. “Onlar İraqa iki uşaqla getmişdilər, üçüncüsü orda doğulub. Bu məlumatı yaxın günlərdə almışam, amma qızımdan heç bir xəbər yoxdur. Əri 2015-ci ilin noyabrında həlak olub. Mənə Özbəkistandan bir kişi müraciət etdi. Onun da eyni problemləri var. Amma bu adam Bağdad həbsxanasında olan qızı ilə əlaqə qura bilib. Ona əvvəlcə şəkilləri göndərməyə çəkindim, amma sonra göndərdim ki, qızı yanındakılara ötürə bilsin. Bəlkə kimsə mənim qızımı və nəvələrimi tanıyar. Belə bir məlumat gəldi ki, onları görüblər və tanıyırlar, uşaqlar Bağdad yurdundadır, amma rəsmi təsdiq alınmayıb”, – qadın söyləyib.

Suriyada və İraqda yerləşən rusiyalı qadınların doğmaları Putinə yeni müraciətin vəziyyətə təsir edib-etməyəcəyini bilmirlər. Cannetanın sözlərinə görə, “çoxlu sayda” bu cür məktublar göndərilib. “Mən artıq heç bilmirəm, bu, 2017-ci ildən bəri Putinə göndərilən neçənci müraciətdir. Cavablar gəlir, gah XİN məktublarımızı Qırmızı Xaça göndərir, gah da Qırmızı Xaç XİN-ə. Müraciətə baxacaqlarını yazırlar, amma bu, quru vəddən savayı bir şey deyil”, – o deyib.

Qızının ailəsi vətənində təqib, ya da hüquq pozuntusu ilə qarşılaşmayıb, Bayqişiyeva deyir. “Əri haqda pis heç nə deyə bilmərəm, həm yaxşı ailə başçısı olub, həm də təsərrüfatla məşğul olub. Kürəkənim Xasavyurtda ərzaq anbarında müdir işləyib və insanlar arasında nüfuz sahibi olub. Qızım ingilis dili müəlliməsi işləyirdi, onun bu addımı şüurlu şəkildə atdığına heç vaxt inanmaram”, – qadın qeyd edib.


Fransaya gediblər və Əl-Xoul düşərgəsinə düşüblər

Putinə müraciətə qol çəkənlərdən biri, Çeçenistan sakini Ayza Osmayevanın qızı əri və onun valideynləri ilə birgə respublikadan 2014-cü ildə gedib. 27 yaşlı Tamara anasına xəbər verib ki, doğmaları ilə birgə Fransaya gedir.

“Qızım naxış işləri ilə məşğul idi, sonra kafeteriyalarda işləməyə başladı. Əri inşaatda işləyirdi. Kasıb ailəmiz var, heç vaxt bu cür işlərə baş qoşmamışıq. Belə bir qərarın səbəbi nə olub, hələ də anlaya bilmirəm. Ərinin ailəsi və elə kürəkənimin özü adi adamlardır, respublikanın bütün başqa vətəndaşları kimi islam dininə eyni cür inanıblar. Onlar Fransaya gedəcəklərini deyirdilər. Qızım da həmişə deyirdi ki, “orda özümüzə yer edən kimi sən də gəl, hər şey yaxşı olacaq”. Özüm xəstə adamam, mənə həmişə deyirdilər ki, xaricdə dərdimə əlac tapılacaq. Ora necə düşüblər, orda nə baş verir, heç nə bilmirəm”, – Ayza “Kavkazski uzel”in müxbirinə söyləyib.

Osmayeva təsdiqləyir ki, ailəsi Çeçenistanda heç bir təzyiqə məruz qalmayıb:

“Qayınanası həmişə gəlib-gedib, qızıma elçi düşüb, 2014-cü ildə də toyları olub. Qroznıda yaşayırdılar, sonra Türkiyəyə getdilər – qayınanası, qayınatası, qızım və əri. Əlaqəmiz vardı, amma ordan nə vaxt getdiklərini bilmirəm, əlaqəmiz kəsildi. Bu il martın 3-də təlaş və isterika içində mənə zəng vurub harda olduğunu dedi və kömək etməyim üçün yalvardı. Mən harasa getməkdən, hətta bu haqda kiməsə danışmaqdan qorxdum. Mənə hüquq-müdafiə mərkəzinə getməyi məsləhət gördülər. Orda öz övladlarını axtaran xeyli sayda qadın gördüm”.

Qızı Ayzaya xəbər verib ki, onun sənədləri yoxdur və onlara düşərgədən çıxmaları üçün kömək lazımdır. “Ərini və qayınanası ilə qayınatasını maşında gedərkən öldürüblər. Raket düşüb. Onlar 2018-ci ilin sonunda həlak olublar. Qızım əlil oğlu ilə tək qalıb və “Əl-Xoul” düşərgəsinə düşüb (Suriyanın şimal-şərqində qaçqınlar üçün düşərgə, onun adı KİV-də həm də “Əl-Xul” kimi çəkilir – “Kavkazski uzel”in qeydi). Orda dəhşətli şərait var, ətrafda hər kəs xəstədir, çadırları tez-tez külək dağıdır, soyuq, aclıq, ölüm baş alıb gedir. Orda rusiyalı qadınlar da çoxdur. Bura zəng etmək üçün humanitar yardım kimi aldıqları azuqəni satmalı və kürdlərə rüşvət verməli olurlar. Bu başdan-başa məftillərlə qapanmış düşərgədir, onlara cırıq yay çadırları verirlər, cırıq yerləri yamamaq məcburiyyətində qalırlar, yataq kisələrini isə əllərindən alırlar”, – ana danışıb.

Tamaranın oğlu Yaxın Şərqdə doğulub. Uşaq anadangəlmə əlildir, dörd yaşı omasına baxmayaraq, hələ də danışmır.

Ayzanın dediyinə görə, bombardmanlar uşağın psixologiyasına ciddi zərər vurub.

Qadının sözlərinə görə, Yaxın Şərqdən qayıdan qadınlarla uşaqların arasında Əl-Xoul düşərgəsindən heç kəs olmayıb.

“Elə-hey iş getdiyini söyləyirlər, nəyisə həll edirlər, amma heç bir nəticə yoxdur. Bu düşərgədən heç kəs qayıtmayıb. Onlara humanitar yardım göstərirlər, küçələrdə uzun növbələrə duraraq ağ neft alırlar ki, soyuqdan donub ölməsinlər. Elə bu neftlə də yemək hazırlayır, çadırları isidirlər”, – Osmayeva əlavə edib.

Döyüşçülərin fəallığını izləyən “Telegram”- kanal “Directorate 4” dekabrın 2-də xəbər verib ki, “Əl-Xoul” düşərgəsindən, demək olar, 400 nəfər zaminə buraxılıb:

“Suriyanın şimal-şərqində yerləşən “Əl-Xul” düşərgəsindən, – burda İŞİD döyüşçülərinin qohumları saxlanılır, – 398 adam buraxılıb. Azad edilənlərin böyük bir hissəsini qadınlar və uşaqlar təşkil edir”, – kanalın xəbərində deyilir. Mənbə qeyd edir ki, düşərgədə “cihadçıların 60 mindən çox qohumu saxlanılır”.

Ana səhifəDünyaQafqazın qadın sakinləri Putindən qızlarını və nəvələrini qaytarmasını xahiş ediblər