Qafqaz Universitetindən çıxanların siyahısı açıqlandı

”Universitetdə müəllimdən çox texniki işçi, lazımsız şöbə vardı”

Source:



”Universitetdə müəllimdən çox texniki işçi, lazımsız şöbə vardı”

Dekabrın 9-da Qafqaz Universitetinin tələbələri Meydan TV-yə yazaraq universitetdən 20 müəllim və laborantın işdən çıxarıldığını, bunun onlar üçün xoş olmadığını yazmışdılar.

Ancaq Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev deyilənlərlə razılaşmadı, Meydan TV-yə belə məlumatları universiteti istəməyən şər qüvvələrin yaydığını söylədi.



“Kənardan yalnız 2 işçi və özümə müşavir gətirmişəm”

Daha sonra universitetin rektoru Havar Məmmədov APA-ya açıqlama verərək, 20-yə yaxın əməkdaşın işdən azad olunduğunu söylədi. Bildirdi ki, əməkdaşlar funksional vəzifələrini yerinə yetirməməsi, işinə uyğun gəlməməsi və digər səbəblərdən öz ərizələri əsasında çıxarılıblar:

“2 nəfər ixtisara düşüb. Bundan əlavə, işinə uyğun gəlməməsi və digər səbəblərdən öz ərizələri əsasında 5-6 mühafizə işçisi, 2 komendant və kadrlar şöbəsinin müdiri işdən çıxıb. Həm də universitetdə struktur dəyişiklikləri edilib. Əvvəllər ali məktəbdə 9 prorektor olub. Bu sayda prorektor heç Moskva Dövlət Universitetində yoxdur. Universitetdə aparılan struktur dəyişikliyi nəticəsində onlardan 6-sı işdən çıxarılıb və bu gün 3 prorektor işini davam etdirir. Bu vaxta kimi kənardan yalnız 2 işçi və özümə müşavir gətirmişəm”.



“Gəldiyi gündən bəri hamını terrorist deyib təhdid edir”

Qafqaz Universitetində 6 il işləmiş, sonradan başının ağrımaması üçün adının gizlədilməsini istəyən əməkdaşı Meydan TV-yə yazır ki, əslində məsələnin bu müstəviyə gəlməsini istəməyib. Amma Havar Məmmədovun mətbuata ard-arda açıqlaması cavabı yazmağa məcbur edib:

“Havar Məmmədovun təyin olunduğu gündən sentyabr – noyabr aylarında təhdid edib “könüllü” ərizə yazdırıb çıxardığı tam ştatlı işçilər var. Diqqət etsəniz görərsiniz ki, Qafqaz Universitetinin işləyən idari sturkturunu ələ keçirmək üçün atılan düşünülmüş addımdır. Onlardan 11- müdir və rəis vəzifəsində çalışanlardır. Onlar Qafqaz Universitetinin bel sütununu təşkil edirdilər. Qafqaz Universitetinin uğurları bütün bir komanda şəklində ortaya qoyulub. Gəldiyi gündən bəri hamını terrorist deyib təhdid edən, “lazım olsa prokurorluğu tökəcəm buraya” deyib işçiləri hədələyən bu şəxsin son günlər özünü müdafiə xarakterli açıqlamalarına cavablardır”.



İşdən çıxarılanların siyahısı:


Qoşqar Osmanov – Xaricdən alınan mallara nəzarət şöbəsinin müdiri



Sərraf Nəzərov – Mədəniyyət və idman idarəsinin rəisi



Aygün Məmmədova – Rektor referenti



Tovuz Cəfərova – İbtidai sinif müəllimliyi bölməsinin müəllimi



Rövşən Tahirov – Yataqxana müdiri



Arzu Nəsibova – Yataqxana müdiri



Ədalət Mikayılov – Kadrlar şöbəsinin müdiri



Vüqar Gülmalıyev – Mühafizə növbəsinin rəisi



Rafiq Qasımov – Mühafizə işçisi



Emin Quliyev – Mühafizə işçisi



Sultan Rüstəmov – İnzibati işlər idarəsi rəisi



İlkin Məcidov – Karyera planlama mərkəzinin müdiri



Hafiz Atakişiyev – Layihələrin idarə olunması şöbəsinin müdiri



Üzeyir Bağırov – Xarici əlaqələr şöbəsinin müdiri



Vasif Fərəcov – Məzun koordinasiya şöbəsinin mütəxəssisi



Səadət Xudiyeva – Məsləhətçi psixoloq



Ruslan Nərimanov – İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi



Nəcəf Rüstəmov – Məzun Koordinasiya Şöbəsinin müdiri.

Məktubda o da qeyd edilir ki, və bunlardan əlavə 70 nəfər də yarımştat və saathesablı müəllimlər, Havar Məmmədov tərəfindən işdən çıxarılıblar.



“Çıxarılanların hamısı texniki işçilərdir”

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev Meydan TV-yə bildirib ki, siyahıdakıların hamısı texniki işçilərdir. Heç bir müəllim işdən çıxarılmayıb:

“Qoşqar Osmanov təsərrüfat işlərinə baxırdı. Sərraf Nəzərov dərnəklərlə bağlı olan texniki şöbənin işçisi idi. Aygün Məmmədova keçmiş rektorun katibəsi idi. Hazırda işdən çıxarılması normaldır. Tovuz xanım fakültə katibəsi olub. Rövşən bəylə Arzu xanım ər-arvad idilər. Xaricə köçüblər deyə işdən çıxıblar. Ədalət Mikayılov kadrlar şöbəsində işləyirdi. Əslində isə ixtisasca dil-ədəbiyyat müəllimi idi. Ona görə də həmin vəzifədən kənarlaşdırılıb. Vüqar Gülmalıyev mühafizə şöbəsinin əməkdaşı idi. Yatdığı yerdə tutulub, işdən azad edilib. Rafiq Qasımov və Emin Quliyev də mühafizənin işçiləri olub. Sultan Rüstəmov texniki şöbənin müdiri idi. Yeni gələn rektorla yola getmədi, işdən ayrıldı. İlkin Məcidov da texniki işçi olub. Hafiz Atakişiyev dekan katibi idi. Üzeyir Bağırov beynəlxalq münasibətlər şöbəsinin işçisi olub. Səadət xanım da dekan katibəsi idi. Ruslan Nərimanov isə idman müəllimi idi. Bizə mühafizə xidmətindən gəlmişdi. Şöbəyə yeni müdir qoydular. Yeni müdir onu istəmədi. Dedi, ixtisasca idman müəllimidir və onun ictimaiyyətlə əlaqələr şöbəsinə aidiyyatı yoxdur. Nəcəf Rüstəmovu isə tanımıram. 100 faiz o da müəllim olmayıb”.



“Yerində verilmiş qərardır”

Rəcəb Rzayev deyir ki, ümumiyyətlə işdən müəllim çıxarılmayıb, hamısı texniki işçilərdir:

“Nəsə ajiotaj yaratmağa çalışırlar. Müəllim heyətinin bir nəfərinə də toxunulmayıb. Yeni rəhbər gəlib. Adicə orta məktəbə yeni direktor gələndə xoşuna gəlməyən, işə yararlı olmayan işçiləri çıxarıb, yenilərini gətirir. Bu normal haldır. Lap müəllim çıxarsa da haqsız olmaz. Savadı qane etməyən müəllimin işdən çıxarılması normal hal olardı. Edə bilər, ancaq etmədi. Gördü ki, bütün müəllim kollektivi mədəni, savadlıdır. Ona görə də müəllim kollektivinə toxunulmadı. Çıxarılanlar hamısı texniki işçilərdir. Universitetdə müəllimdən çox texniki işçi, lazımsız şöbə vardı. Məncə, yerində verilmiş qərardır”.

Meydan TV işdən çıxarılanlardan bir neçəsi ilə əlaqə saxlamağa cəhd edib. Lakin onlar, bu barədə danışmaq istəməyiblər.

Ana səhifəXəbərlərQafqaz Universitetindən çıxanların siyahısı açıqlandı